946
09:03
02 Sentyabr 2020

Dünyada bu gün - VİDEO

ƏSƏD BƏY RÜSTƏMBƏYOV

(1911-1982)

ƏTRAFLI
BOSCH Azerbaijan
Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, texnika elmləri namizədi Əsəd bəy Rüstəmbəyov 1911-ci il sentyabrın 2-də Şuşada neft sənayesi təşkilatçısı Fətulla bəy Rüstəmbəyovun ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Dərin və çox dərin qazmanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparıb. Azərbaycan və Başqırdıstanda yüksək məhsuldar neft-qaz yataqlarının kəşfində və işə salınmasında fəal iştirak edib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan mütəxəssislərinə yeni texnika və texnologiya tətbiqi işində kömək göstərib. Bir sıra elmi əsər və ixtiraların müəllifidir. Müxtəlif orden və medallarla təltif olunan Əsəd bəy Rüstəmbəyov 17 oktyabr 1982-ci ildə Bakıda vəfat edib.

ƏYYUB HÜSEYNOV

(1916-1998)

Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam və pedaqoq Əyyub Müseyib oğlu Hüseynov 2 sentyabr 1916-cı ildə Kəngərli rayonunun Xok kəndində dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Texnikumunda və Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib, 1956-1965-ci illərdə məktəbin direktoru vəzifəsində işləyib. “Pəri-cadu”, “Fərhad və Şirin”, “Babək”, “Vətən”, “Polad”, “Günəş doğur” və başqa pyeslərə bədii tərtibat verib, geyim eskizləri çəkib. Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakıda vəfat edib.

HÜSEYN ƏLİ HÜSEYNOV

(1930-1987)

Azərbaycanın əməkdar rəssamı Hüseyn Əli Gülbala oğlu Hüseynov 1930-cu ilin bu günü Bakının Buzovna kəndində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbində və Leninqrad Dövlət Rəssamlıq-Sənaye Məktəbində təhsil alıb. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdiri olub. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına və Dövlət Mükafatına layiq görülən Hüseyn Əli Hüseynov 23 dekabr 1987-ci ildə Bakıda vəfat edib və Buzovna kəndində dəfn olunub.

İSMAYIL HACIBƏYOV

(1949-2006)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Hacıbəyov 1949-cu il sentyabrın 2-də Bakıda SSRİ xalq artisti, bəstəkar Soltan Hacıbəyovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alıb. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasında dərs deyib. Bir çox məşhur əsərlərin müəllifidir. İsmayıl Hacıbəyov 2006-cı il martın 15-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

VALEH MÜSLÜMOV

(1968-1992)

Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümov 2 sentyabr 1968-ci ildə Lerik rayonunda doğulub. 1983-cü ildə 2 saylı Lerik şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Sumqayıtdakı 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnib. Bir müddət Tikinti Trestinin səyyar mexanikləşdirilmiş dəstəsində çalışıb. 1986-cı ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1991-ci ilin avqustunda DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib. Valeh Müslümov 1992-ci il aprelin 10-da Şıxarx kəndində gedən döyüşdə şəhid olub və Lerik rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

MƏHƏMMƏD BAĞIROV

(1975-1994)

Şəhid Məhəmməd Gülhəsən oğlu Bağırov 1975-ci ilin bu günü Lənkəran rayonunun Girdəni kəndində dünyaya göz açıb. 1993-cü ildə burada orta təhsilini başa vurduqdan sonra könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən Məhəmməd Bağırov 1994-cü il aprelin 15-də şəhid olub və doğulduğu kənddə dəfn olunub. Təhsil aldığı Girdəni kənd orta məktəbi onuna dını daşıyır.ində dəfn edilib.

ŞİRƏLİ MÜSLİMOV

(1805-1973)

Dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş Şirəli Müslümovun anım günüdür. O, 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, yaşı şübhə doğurur. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə “Azərbaycan” kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb. Şirəli Müslümov 1973-cü il sentyabrın 2-də vəfat edib.

TEYMUR BƏY BAYRAMƏLİBƏYOV

(1862-1937)

Azərbaycanın ilk folklorşünas alimi, tarixçi, etnoqraf, pedaqoq və maarifçi Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyovun xatirə günüdür. O, 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olub. Lənkərandakı ikisinifli rus məktəbində, Tiflisdəki feldşerlik məktəbində və Qori Müəllimlər Seminariyasında təhsil alıb. Daha sonra Lənkərandakı ikisinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açıb və məktəbin müdiri olub. 1917-ci ildə Lənkəranda ilk dəfə olaraq yaradılan Müsavat Partiyasının yerli şöbəsinin sədri seçilib, "Kaspi" qəzetinin bölgə müxbiri olub. Daha sonra Bakıya köçüb və burada 67 saylı məktəbdə müəllim işləyib. Onun səyi nəticəsində beşsinifli "Behcət" adlı məktəb təsis edilib, Lənkəranda 4 sinifli ibtidai məktəb açılıb, Lənkəranda "Ünas" (qızlar) məktəbinin əsasını qoyub. Teymur bəy Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat edib.

ƏBÜLQASIM HÜSEYNZADƏ

(1890-1988)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, folklorşünas alim Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə də bu gün xatırlanır. O, 25 sentyabr 1890-cı ildə Bakıda anadan olub. Orta təhsilini altısinifli şəhər məktəbində alıb. Müxtəlif müəssisələrdə baş mühasib və başqa vəzifələrdə işləyib. Azərbaycan folklorunun toplanması və nəşri sahəsində böyük xidmətləri olub. Müxtəlif illərdə çap edilən «Atalar sözləri», «Hikmətli sözlər», «Atalar sözü və zərb məsəllər» və digər kitabların müəllifidir. Kitabları rus və ukrayna dillərinə tərcümə olunub. Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat edib.

CƏMİL ƏHMƏDOV

(1924-1944)

Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədovun anım günüdür. O, 1924-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1942-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusun azad edilməsi üzrə döyüşlərdə fəal iştirak edib. Komandiri olduğu bölmə 1944-cü il iyulun 25-də Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlayıb. Qvardiya leytenantı Cəmil Əhmədov 1944-cü il sentyabrın 2-də Polşa ərazisində həlak olub və Varşavada sovet əsgərlərinə aid qəbiristanlıqda dəfn edilib. 24 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. O, Azərbaycanın xalq yazıçısı Sabir Əhmədlinin qardaşıdır.

CƏLİL QASIMOV

(1958-1992)

Qarabağ müharibəsi şəhidi Cəlil Zakir oğlu Qasımovun xatirə günüdür. O, 1958-ci il fevralın 23-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1975-ci ildə kənd orta məktəbini bitirdikdən sonra bir il kolxozda çalışıb, daha sonra Xəzər Dəniz Gəmiçiliyi Məktəbinə daxil olub. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. İlk döyüşü Sırxavənddə olub. 1992-ci ilin sentyabrında Sırxavəndə kəşfiyyata gedən vzvod qəfildən mühasirəyə düşüb. 6 nəfərlik vzvodu mühasirədən çıxaran Cəlil Qasımov döyüşdə qəhrəmancasına həlak olub.

TAHİR HƏSƏNOV

(1970-1992)

Azərbaycanın Milli Qəhrəmanı Tahir Tofiq oğlu Həsənov da bu gün xatırlanır. O, 22 fevral 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmət keçdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Ermənistanın Azərbaycana təcavüzü başlayarkən ikinci kursda təhsilini yarıda qoyaraq, vətənin müdafiəsinə qalxıb və kəşfiyyat qrupuna komandir təyin edilib. Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşub. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən dönərkən əsir düşməmək üçün son anda özünü qumbara ilə partladaraq qəhrəmancasına şəhid olub. 29 sentyabr 1992-ci ildə Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə Tahir Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı 23 saylı orta məktəb onun adını daşıyır.

MAHİR ABDULLAYEV

(1971-1992)

Şəhid Mahir Abdullayevin anım günüdür. O, 1971-ci il mayın 24-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini bitirib, iki illik hərbi xidmətini isə Rusiyanın Sverdlovsk vilayətində başa vurub. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra silaha sarılıb. Ağdam və Ağdərə bölgələrinin bir sıra məntəqələri uğrunda döyüşlərdə iştirak edib. Mahir Abdullayev 1992-ci ilin sentyabrında Sırxavənddə gedən döyüşdə həlak olub.