859
13:06
26 Avqust 2020

Azərbaycana 22 seysmik stansiya gətiriləcək

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia) ” layihəsinin icrası ilə əlaqədar avqustun 25-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən Lent.az -a verilən məlumata görə, iclasda əsas müzakirələr layihə çərçivəsində Azərbaycanda quraşdırılacaq 22 seysmik stansiya ilə bağlı görülən hazırlıq işləri ilə bağlı olub. Bildirilib ki, RSXM-nin əməkdaşları tərəfindən respublika ərazisində stansiyaların yerləşdiriləcəyi yerlər seçilib, texniki ölçmə işləri aparılıb. Hazırda bu istiqamətdə digər tədbirlərin görülməsi davam etdirilir. Müzakirələr zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Ukraynanın Elm və Texnologiya Mərkəzinin “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsi çərçivəsində 2021-ci ildə Azərbaycana daha 22 seysmik stansiya alınıb gətiriləcək. Həmin stansiyaların quraşdırılmasından sonra respublika ərazisində RSXM-nin stansiyalarının ümumi sayı 84-ə çatacaq.