16467
16:10
18 Avqust 2020

Dəyirmanda soyuq qış, 11 ay qaranlıqda, Pəricahanın kədərli nağılı – Səbuhi Məmmədli yazır - FOTOLENT

“Yalvardım ona ki, bir otaq tikənə qədər bizə burada qalmağa icazə ver. Bir-iki dəfə gəlib-getdi. Sonra heç nə demədi. Biz də bütün qışı burada keçirdik”.

Bura dəyirmandır. Sahibi də Qubanın Çiçi kəndindəndir. Adı? Adının, soyadının heç bir əhəmiyyəti yoxdur. Əslində, bu dəyirmanın yiyəsinin də bu yazıya az dəxli var. Nə fərqi var, kimdi, nəçidi, haralıdı. Əsas dəyirmandı. İşləməyən, köhnə bir dəyirman. Daha doğrusu, dəyirman da yox. Onun fotolarda da gördüyünüz kiçik, beton döşəməli qaranlıq otağı.

Hə, burda yaşayır 54 yaşlı Pəricahan Novruzova. Xaçmaz şəhərinin kənarında, yolun qırağında, nəinki hamamı, adicə ayaqyolusu olmayan kiçik, qaranlıq bir otaqda.

...Bizi “ev”inin kənarında, əgər qapı demək olarsa, düz onun qarşısında qarşılayır. Etiraf edirəm, kübar bir qadındır. Üzündən yağır kübarlığı, xanımlığı. Amma indi bu kübar, xanım-xatın qadın üçün ən böyük təsəlli bir qədər aralıda, daşdan tikilməkdə olan balaca komasıdır. Yağışlar yağana qədər ora köçmək istəyir. Evinin olmasını arzulayır. Elə tikilməkdə olan, indi maddi durumuna görə yarımçıq qalan bu balaca daş komadan elə həvəslə danışır ki... sanki bir müddət sonra möhtəşəm bir villaya köçəcək.

- Mən özüm xaçmazlıyam. Buralarda böyümüşəm. Bax, gördüyünüz bu torpaqlar - əliylə göstərir - o şadlıq sarayının yanından, ta Qudyalçaya qədər olan ərazilər vaxtı ilə atamın əlində olub. Atam baş bağbanı olub o bağların. Böyük bir evimiz var idi. 6 bacı, üç qardaş bu yerlərdə böyüdük, ailə-uşaq sahibi olduq. Atam çox imkanlı idi. Necə xoşbəxt idik, ay Allah! Atam mənim adıma bir alma ağacı əkmişdi. Adını “Pəricahan ağacı” qoymuşdu. Zarafatla deyərdi ki, bu təzə sort almadı. Hamımızı yerbəyer elədi. Oxutdu. Mən ixtisasca mühasibəm. 15 il mühasib işləmişəm. İndi də iş olsa, işləyərəm. Hə, deyəcəksiniz bu vəziyyətə necə gəlib düşmüşəm?

Soruşuruq. Köks ötürüb, fikrə gedir. Əlindəki çay dəsmalını qeyri-ixtiyari o yan, bu yana çevirir.

- Mən bura keçən ilin oktyabr ayında gəldim. Yadımdadı, yağışlı, çovğunlu bir gün idi. Kirayə qalırdım həmin vaxt. Pulunu vaxtında ödəmədiyim üçün o havadaca məni evdən qovdular oğlumla birgə. Sonra da düz 4 il kirayələrdə. Kirayədə qalmağımın səbəbi isə evimin əlimdən çıxması idi. Həyat yoldaşımdan uşaqlar balaca olanda ayrılmışdıq. Xasiyyətimiz tutmamışdı. Ayrılandan sonra mülk bölündü. Mən demək olar ki, işləmirdim. İki uşaqla, əlimdə azca pul. Xəstəlik də bir yandan. Mənim bir böyrəyim yoxdu. (Gözləri dolur) Pul da xərcləndi, qurtardı. Kirayələrdə yaşmağı məcbur oldum iki uşaqla. Oradan ora köç, hər dəfəsi zülm, işgəncə. Çox əziyyətlər çəkdim. Ev pulunu ödəmək, gecikən kimi evdən çıxmaq məcburiyyətində qalmaq çox çətin idi.

Bütün bu çətinliklərə baxmayaraq, Pəricahan xanım qızını gəlin köçürdür. Oğlunu böyüdür.

Amma…

Amma bir gün onu kirayə qaldığı evdən qovurlar. Son ayın kirə pulunu gecikdiribmiş.

- Evdən qovdular. Təsəvvür edin, evin əşyaları, yorğan-döşək suyun içində, özüm də bilmirəm hara, hansı cəhənnəmə gedim.

Həmin vaxt Pəricahan xanımın yadına bu dəyirman, hə, məhz bu kiçik otaq düşür. Elə bu dəyirmanın yaxınlığında, onun-bunun qapısında mer-meyvə yığarkən, burdan paltardəyişmə otağı kimi istifadə edərlərmiş onunla birgə işləyən qadınlar. Elə həmin yerə də üz tutur oğluyla.

- Əvvəl fikirləşdim ki, gəlib burada bir çadır qurub yaşayım oğlumla. Oğluma da dedim ki, gedək çadırımızı quraq, Allah özü kömək olar. Amma oğlum qayıtdı ki, ana, nə çadır, camaat bizə gülər. Onda qərara gəldik ki, girək dəyirmana. Bu dəyirman da köhnə, qapısı açıq, istifadəsiz bir yer idi. Bütün yükümüzü də yığdıq buraya. Dəyirmanın sahibi də gəldi ki, niyə bura girmisiniz? Mən də dedim ki, çarəsizlikdən. Nə edim? Yalvardım ona, qurban olum dedim, balalarının başına çevir bizi dedim, özümüz üçün bir otaq tikənə qədər bizə burada qalmağa icazə ver. Bir-iki dəfə gəlib getdi. Sonra daha bizə heç nə demədi. Biz də bütün qışı burada keçirdik.

Hə, bütün qışı. İşığın, qazın olmadığı, döşəməsi beton, tavanı daman bu qaranlıq otaqda. Deyir, böyrəklərim sızıldadı bütün qış. Rütubətdən ayaqlarım şişirdi.

- Meşədən quru odun gətirib, ocaq qalayıb isinirdik. Ocaq qalayan kimi isə içəri tüstüylə dolurdu. Yeməyi ocaqda bişirirdik, çay qoyurduq. Elə indi də elədi. Hamam? Yox, hamam nədi? Dədə-baba qaydası ilə bir vedrə su isidib, yaşadığımız yerdə də çimirik. Ayaqyoluna o tərəfdə bir köşk var ora gedirik. İşıq da yoxdur. Hava qaralan kimi də qalırıq qaranlıqda. Şamım varsa, yandırıram. Yoxdursa, başımızı qoyub yatırıq. Sonuncu dəfə televizora nə vaxt baxdığım belə yadımda deyil.

Pəricahan xanım deyir ki, çox yaxşı qonşuları var burada. Əgər onlar olmasaydı, qışda çox acınacaqlı hala düşərdilər.

- Burada çox yaxşı insanlar var. Soyuq qış günlərində bizə kömək etdilər. Ərzaq gətirdilər. Yardımlar etdilər. Bu günə qədər burdayıq. İndi bir otaq tikirik. Sağ olsunlar, dəstək olurlar.

Amma bu kiçik otağın tikintisi də havayı başa gəlməyib ana və balaya.

- Bunu da borc alıb edirəm. Hazırda iki min manata qədər borcum var. Nə özüm işləyirəm, nə də oğlum. Arada bağlarda meyvə yığımı üçün işləməyə çağırırlar. Gedib 15-20 manat qazanırıq. Borcu da necə qaytaracam, bir Allah bilir. İki sot torpağın sənədi var əlimdə, amma hələ ki, torpaq üçün pul ödəməmişəm. Neçə dəfə icraya getmişəm, müraciət etmişəm. Bir dəfə də getdim və məndən öncə qəbula gələn qadına dedilər ki, “cibimdən çıxarıb verdiyim 50 manatla sən pullu olacaqsan?” Bu söz mənə təsir etdi. Heç bir kömək istəmədim. Təkcə dedim ki, mənə icazə verin, sənədi olan torpaqda ev tikim, girim içinə. Onlar da dedi ki, baxarıq. Burada mənimlə qonşuluqda bir nəfər var. O da icrada işləyir. Problemimi ona dedim. İnsana pis, ya da yaxşı gün üçün mütləq ev lazımdır. O da dedi ki, evi tikə bilərsən. Beləliklə, biz də bu otağı tikməyə başladıq. İndi heç ustaya verməyə pulumuz da qalmayıb.

Pəricahan xanım deyir ki, bir böyrəyi olmadığından əlilliyə görə pensiya alır. Onun da 80 manatını da həmin otağı tikmək üçün aldığı 2 min manata görə bankdan tuturlar.

Bu vaxt evi tikən usta dillənir:

- Evin hazır olması üçün haradasa 2000 manatdan bir az çox pul lazımdır. Bundan sonra evin damı vurulacaq, suvağı çəkiləcək, döşəmə və tavanı hazır olacaq, qapı-pəncərəsi taxılacaq. Yəni, iki min manat olsa, bu adamlar payıza qədər evlərinə yığışacaqlar. Qardaş, ev deyəndə ki, gəl gedək göstərim…

Hə, ev deyəndə ki, təxminən iyirmi kvadratmetrlik bir otaqdır. Hamamı, tualeti, hətta mətbəxi də bura daxildir. Bax, bu balaca, darısqal, otağın tikilib başa çatması, bilirsinizmi nə deməkdi Pəricahan xanım üçün? Siz həmin gün onun sevincini təsəvvür edirsinizmi? Bəs həmin gün ,həmin evdə ilk yuxusunu?

...Həmin gecə həmin o alma ağacını görəcək yuxuda. Pəricahan ağacını… Balaca Pəricahanı görəcək bu balaca otaqda. Bəlkə də illərdən sonra ilk dəfə gülümsəyəcək də...

Dİgər xəbərlər