Bakının qızıl bazarı: Toy yox, alıcı yox...amma qiymət qalxır
12 avqust 2020 13:30 (UTC +04:00)

Bakının qızıl bazarı: Toy yox, alıcı yox...amma qiymət qalxır

“Hələ ki, alıcı yoxdur. Elə boş-boş gəlib gedirik. Toyların olmaması ən çox da bizim işimizə təsir edib”.

 

Bu sözləri uzun illərdir qızıl satışı ilə məşğul olan Hikmət Rüstəmov deyir. Satıcının sözlərinə görə, bu illər ərzində ilk dəfədir ki, belə halla qarşılaşır:

“ Qızılı adətən toy-bayramda alırlar. O da yoxdur. Daha Məhərrəmlik ayı da başlayır. Bundan sonra toyun olacağını gözləmək də yersizdir. Düzdür, qızılı doğum günləri, yaxud, elə-belə hədiyyəlik alanlar da olur. Amma indiki vəziyyət üçün bu bir qədər mümkünsüzdür. Camaat neçə aydır işsiz evdə oturub. Pul yoxdur. Necə alsın? Vəziyyət göz qabağında. Özünüz də görürsünüz ki, alıcı yoxdur”.

 

Təəssüf ki, bu şikayətləri təkcə Hikmət bəyin dilindən deyil, “Moskva” univermağının zərgərlik məmulatları satılan şöbəsində girdiyimiz bütün qızıl mağazalarının satıcılarından eşitdik. Univermaqda qarşımıza satıcılardan savayı kimsə çıxmadı. Satıcılara yaxınlaşıb alverin necə getdiyini soruşduq. Ciddi karantin günlərindən sonra açılan və iki gündür fəaliyyət göstərən mağazalara heç kimin gəlmədiyini dedilər. 

 

Nəzərə alsaq ki, Azərbaycanda ənənəvi olaraq yaz-yay aylarında toylar çox olur, o zaman toy mövsümündən ən çox qazananların da qızıl ticarətçiləri olduğunu deyə bilərik. Amma bu il digərlərindən fərqli oldu. Koronavirus epidemiyası bir çox sahələr kimi qızıl ticarətində də durğunluq yaratdı.

Qızıl bazarındakı durumu və dünya bazarında gedən iqtisadi proseslərin qızılın qiymətinə necə təsir etməsini araşdırdıq. Toyların olmaması qızılın satışına necə təsir edir? Bəs qiymətlərdə dəyişiklik gözlənilirmi?

 

Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramlı Lent.az-la söhbəti zamanı suallara aydınlıq gətirdi. O bildirdi ki, son bir ildə qızılın qiyməti 36 faiz artıb:

 

“Ölkəmizdə qızılın qiymətinin qalxması dünya bazarındakı qiymətlərlə bağlıdır. Nəzərə alsaq ki, 1 unsiyanın qiyməti 2000 dollardan bahadır, bu bir qram qızılın 65 dollardan baha satılması anlamına gəlir. Eyni zamanda son bir ildə qızılın qiyməti 36 faiz artıb. Yarım il ərzində dünya bazarında qızılın qiymətində 25 faiz artım müşahidə olunub. Bu baxımdan qızlın qiymətinin artması dünya bazarında invessorların daha çox qızıl bazarına sərmayə qoyuluşu həyata keçirməsi ilə bağlıdır. Azərbaycan qızıla olan tələbin 95 faizindən çoxunu idxal hesabına ödəyir. Azərbaycan əsasən 4 ölkədən qızıl idxal edir - Rusiya, BƏƏ, İtaliya və Türkiyə. Nəticə etibarı ilə dünya bazarında qızılın qiyməti artdıqca, həmin ölkələrdə də qiymətdə artımlar olur. Bu da idxal olunan qızılın qiymətinin yüksəlməsinə gətirib çıxarır”. 

 

Ekspert onu da qeyd etdi ki, Azərbaycan bazarında qiymət artımları müşahidə edilir:

“Baxmayaraq ki, toy mərasimləri keçirilmədiyi üçün qızıla tələb azalıb, amma pandemiya dövründə qızılın qiyməti 20 faizə yaxın bahalaşıb. Bu da təbii ki, idxal olunan qızılın qiymətinin qalxması ilə bağlıdır. Güman ki, Azərbaycan bazarında qızılın qiymətinin azalması yalnız dünya bazarındakı qiymətlərdən asılı olacaq. Dünya bazarında qiymətlər stabilləşərsə, bu bizim ölkədəki qiymətlərə də təsir edəcək. Hələlik pandemiya davam etdiyi üçün qızıla tələbatın artacağı gözlənilir. Qızılın qiymətinin stabilləşməsi yalnız postpandemiya dövründə müşahidə oluna bilər”. 

# 9556
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar