18:42
28 İyul 2020

"Bir sual, bir cavab" - Övladları ölən səhlənkar valideynlər həbs olunurmu?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasında bugünkü mövzu azyaşlıların valideyn nəzarətindən kənar qalıb ölməsi ilə əlaqədardır.

Səs-küyə səbəb olan ölüm hadisələri biri də azyaşlı ölümləridir. Belə ki, həmin hadisələrin böyük əksəriyyəti təəssüf ki, valideyn nəzarətsizliyi, səhlənkarlıq və yaxud ehtiyatsızlıqdan meydana gəlir. Müxtəlif vaxtlarda uşaq arabadan və ya eyvandan yıxıldı, qaynayan qazan uşağın üzərinə aşdı, uşaq quyuya düşdü öldü və s. kimi xəbərlərlə rastlaşırıq. Elə bu gün səhər də mediada yayılan ölüm xəbəri paytaxtın Binə qəsəbəsində 4 yaşlı Elmir Gülməmmədovun qaynayan süd qazanına düşərək yanması, xəstəxanaya aparılsa da, dünyasını dəyişməsi oldu.

Mövzu əsasında rubrikamızın “Qanunvericilik azyaşlı övladları ehtiyatsızlıq, səhlənkarlıq və ya nəzarətsizlikdən ölən valideynlərə hər hansı cəza tədbiri nəzərdə tutub?” sualına hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, belə hallarda cinayət tərkibi olmadığı üçün başladılan cinayət işinə zəruri olaraq, xitam verilir:

“Yetkinlik çatmayan şəxslərin ölüm hallarında prokurorluqda 124-cü maddə ilə cinayət işi başlanır və sonda xitam verilir. Bəzi hallarda bu əməllərdə cinayət tərkibi olmur və bu səbəblə xitam verilməsi də zəruridir. Nəzər almaq lazımdır ki, bu ehtiyatsızlıqdan adam öldürmə kimi tövsif oluna bilər, amma burada da cinayət tərkibinin bütün əlamətləri olmalıdır. Təqsirkarın əməli ilə ölüm halı arasında səbəbli əlaqə olmalıdır. Əgər bu yoxdursa, demək cinayət də yoxdur. Ehtiyatsızlıqdan baş verən cinayət hesab olunarsa, cinayətkarcasına özünə güvənmə və etinasızlığı bir-birindən fərqləndirməliyik ki, bu xüsusatlar ola bilər ya yox.

Uşaq arabadan, eyvanda yıxılıb ölür və s. kimi hadisələrdə də aydındır ki, valideyn diqqətsizliyi var. Ancaq belə hallarda kiminsə məsuliyyətə cəlb olunmasına qanunvericilik icazə vermir. Aydın məsələdir ki, cəzanın verilməsi insanları cinayətdən çəkindirmək, islah etmək və s. hallardan uzaqlaşdırmaq məqsədi daşıyır. Onsuz da övladının ölməsi ilə həmin valideynlər cəza almış olur. Buna görə də, onun cəzalandırılması hər hansı önəm daşımır. Ancaq nəzərə almaq lazımdır ki, qəsdən aktiv hərəkətlə uşağın ölümünə səbəb olursa, o zaman qəsdən adam öldürmə kimi qiymətləndirilə bilər. Məsələn, əgər evə qanunsuz qaz, işıq xətt çəkilibsə və heç bir təhlükəsizlik tədbiri görülmədiyi üçün uşaq onlara toxunub həyatını itiribsə, bu cinayət kimi dəyərləndirilir. Ümumilikdə isə baş verən hadisələrin əksəriyyətində niyyətə fikir vermək lazımdır ki, şəxsin cinayətkar niyyəti olub yoxsa olmayıb”.

Dİgər xəbərlər