11:32
23 İyul 2020

İşğal olunan yas mərasimi, yanmış nəzir, gizlində hönkürən ata... – Bir şəhidin hekayəti

Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” əsərində belə bir səhnə var. Döyüşdə yaralanan 19 yaşlı Paul evə qayıdanda həlak olan dostunun anasını görməyə yollanır. Ananın yeganə sualı belə olur:

- O necə öldü? Çox əziyyət çəkdi?

Dostunun necə əzablı bir ölümlə çarpışdığının şahidi olan Paul and içir ki, o, güllə dəyən kimi yerindəcə öldü... Ana əmin olmaq üçün and içməsini istəyir:

- De ki, əgər yalan deyirəmsə, müharibədən sağ qayıtmayım...

Paul onun sözlərini təkrarlayır:

- O, əziyyətsiz öldü... Əgər yalan deyirəmsə, müharibədən sağ qayıtmayım...

Paul sağalan kimi yenidən döyüşə yollanır və müharibənin sonlarına yaxın savaşdan özünün güllə payını alır... Beləcə, məktəbi bitirib müharibəyə yollanan bir sinfin məzunlarının taleyini müharibə həll edir – kiminin həyatı səngərdə başa çatır, kimi itkin düşür, kimisi ağlını itirir... Cəmi bir nəfər sağ qalır ki, o da ayağını itirir...

Müəllif bir sinfin məzunlarının müharibədə həlak olduqlarını göstərməklə insanlığa taleyinə müharibə düşən bir nəslin tamamən məhv olduğunu ən dəqiq detallarla izah etməyə çalışır. Çünki müharibədə qalib tərəf olmur. O, hətta sağ qalanları da öldürür... Necə? Ekranı böyüdün ki, hadisələri birbaşa müharibədə qurbanlarının dilindən oxuyasınız...

***

Tanımadığım nömrədən gələn telefon zəngində çox mülayim bir xanım özünü təqdim etdi:

- Adım Qətibədir, şəhid bacısıyam... Bu gün qardaşımın 50 yaşı olur... O, bu ömrün cəmi 22 ilini yaşayıb... Yəni, yoxluğu özündən böyükdür... Ağdamda şəhid oldu, elə orada da dəfn elədik... Ölümünün qırxıncı günündə Ağdam işğal olundu... Məzarı qardaşımdan qalan yeganə nişanə idi, onu da itirdik... İndi bu yer üzündə qardaşımı xatırladan heç nə yoxdur. Onun haqqında bir məqalə yazılmasını xahiş edirəm... Qardaşımın o qısa ömründə yaddaşlarda necə qalmasını öyrənmək istəyirəm...

- Qardaşınızın ad-soyadını və hansı batalyonda döyüşdüyünü deyin, dostlarını axtarım...

Elə bilirdim asandır, ancaq axtarış aylarla davam etdi. Niyə? Çünki məkan və zaman nə qədər fərqli olsa da müharibə şərtləri eynidir – şəhid olan dost haqqında danışmaq eyni ilə Remarkın qəhrəmanı kimi çətin sual qarşısında dayanmaqdır. Hamı bu suallar qarşısında dayanacaq qədər cəsarətli deyil... Üstəlik, biləndə ki, bu jurnalistdən çox onun bacısının suallarıdır...

Məhz buna görə də müsahibədən qaçan hər kəsin davranışını anlayışla qarşılamağa çalışdım. Bu gün, Ağdamın işğalından 27 il keçdiyi bir gündə ruhlar şəhərinin əbədi sakini, şəhid Səyavuş Əliyev haqqında xatirələri Lent.az oxucularına təqdim edirik...

***

Bacısı Qətibə Əliyeva xatırlayır:

Ailədə beş uşaq idik... Mən evin böyüyü, o isə sonbeşiyimiz idi – 1970-ci ildə anadan olmuşdu, övladım kimi böyütmüşdüm... Anama deyirdi ki, sən mənim nənəmsən, anam Qətibədir... Çox qeyri-adi uşaq idi... O qədər anlayışlı idi ki... Valideynlərim hər dəfə məvacib alanda Səyavuşa nəsə almaq istəyirdilər, qoymurdu. Deyirdi, əvvəlcə bacılarıma alın...

Qarabağda müharibə başlayanda atam könüllü döyüşə getmək istəyirdi, Səyavuş da hərbi xidmətini yenicə başa vurub, qayıtmışdı. Dedi ki, sən ürəyindən əməliyyat olunmusan, sənə olmaz! Qardaşım isə ailəlidir, körpəsi var, özüm gedəcəyəm! Atam israr etdi ki, üçümüz də gedək... Səyavuş yalvardı, “xəstəsən, sənə qıymaram”, dedi...

Bir dəfə Sırxavənddə üç gün mühasirədə qaldı, başından yaralandı... Bir yoldaşı da ağır yaralanıbmış. Onu hospitala gətirib, elə orada özünün də başını sarıtdırıb, qayıdıb geri...

Xocalı hadisəsi baş verəndə Çingiz Mustafayevlə eyni helikopterdə meyitləri daşımağa getmişdi... Düz üç dəfə meyit arxasınca qayıtmışdı. Nə qədər soruşsaq da söz danışan deyildi. Elə arada gələndə cibindən 1 manat çıxardıb anama verərdi ki, “nəzirdir, bazara gedəndə Seyid Lazım Ağaya ver... Döyüşlərdə nə vaxt bloknotumun arasına 1 manat qoyub, ürəyimdən keçirsəm ki, “bu yüksəkliyi alaq, Seyid Lazım Ağaya nəzir deyirəm”, mütləq alırıq... Nəzirlərim həmişə qəbul olunur...”

Ailəmizin gözü idi...

***

Ən yaxın dostu Şirzad Aslanov danışır:

Müharibənin ilk günlərindən döyüşə yollanmışıq və elə bu vaxtdan da dostluğumuz başlayıb. Biz, üç dost idik – mən, Hüseyn və Səyavuş. Başqa rotalarda olsaq da, çox yaxın simsar idik, hər fürsətdə görüşürdük. Hüseynov Hüseyn... Ağcabədinin Hindarx qəsəbəsindən idi, onu hindarxlı Hüseyn çağırırdıq... Səyavuşu sarıcalı Səyavuş... Mənə də ağdamkəndli Şirzad deyirdilər...

Çox vətənpərvər, dostluğa sadiq, əvəz olunmaz oğul idi Səyavuş. Haqqında nə danışsam, azdır. Dostluğumuz müharibənin ən ağır illərinə təsadüf etsə də, xoş xatirələrimiz çox idi. Üçümüz də gənc idik, subay idik... Gələcəklə bağlı planlarımız da Qarabağla bağlı idi... Səyavuş tez-tez deyirdi ki, bircə gedib Şuşaya çıxsaydıq...

Necə həyat dolu, şən, zarafatcıl oğlan idi... Üçlükdə pulumuz da eyni idi... Çaynikin dibində bir stəkan çay qalanda onu da üç yerə bölürdük... Üç dost, üç ürək idik... Ölən günə qədər də dostluğumuz davam elədi... Bir dəfə postdan çıxıb üçümüz üzüm bağının yuxarısı ilə gedirdik. Yolun kənarında qoz ağacları var idi...

***

...Səyavuş əlini atıb ağacdan hələ yetişməyən bir qozu qopardıb baxdı, baxdı və əlində əzdi:

- Şirzad, ürəyimə damıb, bu il mənə qoz nübar eləmək qismət olmayacaq.

- Dəli olmusan? Niyə olmur ki?

- Hiss eləyirəm, o yetişənə qədər mən şəhid olacağam...

- Onda mən də yeyə bilməyəcəm? – Hüseyn zarafata saldı.

- Yox, sən mənim də yerimə yeyərsən...

- Sən şəhid olacaqsansa, deməli mən də olacağam. Axı biz həmişə bir yerdə oluruq. Kəşfiyyata da, döyüşə də birlikdə gedirik... Ölsək, bir yerdə öləcəyik...

***

O hadisədən bir həftə sonra Ağdamın Şelli kəndində döyüşdə idik... Mən mina atan idim. Arxa tərəfdə dayanırdım. Səyavuşgillə aramızda hardasa 200-300 metr məsafə olardı. Onlar olan tərəfi tankla vurdular... Əsgərlərimiz yaralanıb dedilər, eşitdim ki, ikisi Səyavuşla Hüseyn olub... Qaçdım yanlarına... Artıq onları təcili yardım aparmışdı... Mən sadəcə qan izlərini görə bildim... Biz tanış olanda onlar qardaş kimi yaxın idilər. Birlikdə də yaralandılar... Ayaqlarından çoxlu qəlpə yaraları almışdılar... Çoxlu qan itirdilər... Hospitalda bir neçə saat fərq ilə vəfat etdilər... Mənə ən ağır gələni odur ki, sonuncu dəfə gözüm gözünə baxmadı... Onun son baxışını görə bilmədim... Döyüş vaxtı idi, yarımçıq saxlayıb çıxmaq olmurdu... Xəbəri eşidəndə ilk fürsətdə qaçdım... Çatmadım...

Sonuncu yadigarı üçümüzün bir yerdə çəkdirdiyimiz şəkil idi ki, o da Ağdamda qaldı... İndi siz soruşanda görürəm ki, Səyavuşdan qəlbimdə ancaq işıqlı xatirələr qalıb... Bir də onun yoxluğundan yaranan böyük təəssüf hissi... Səyavuş kimi dostu həmişə qazanmaq olmur... Həyatımda hər ikisinin yeri görünür...

***

I qrup Qarabağ qazisi Arif Əliyevin yaddaşını vərəqləməyə çalışırıq:

Səyavuş məndən kiçik idi, amma bir məhəllədə böyümüşdük. Mən polisdə çalışırdım, o orduda... Ölümdən qorxmayan oğul idi... Son damla qanına kimi də döyüşdü... Həmin gün Şelli uğrunda döyüşlərdə bizim kənddən üç nəfər şəhid olmuşdu... Mən Cinli tərəfdə idim, kəndə qayıdanda dedilər bu gün kənddən üç şəhid verdik – Səyavuş Əliyev, Nail Rzayev, Mürvət Atakişiyev... Üçü də öz kəndimizdə dəfn olundu, Ağdamın Sarıcalı kəndində... Dəfnini xatırlayıram... Yaylım atəşi açanın biri də mən idim... Ağır idi... Erməni tərəfi şəhəri işğal etmək üçün dayanmadan hücum edir, itkilər verirdik... İtirdiklərimiz də hamısı birlikdə böyüdüyümüz qardaşlarımız... Həmin günü üçünü də yan-yana dəfn etdilər... Onların intiqamını alacağıma, son damla qanıma qədər döyüşəcəyimə söz verdim...

Ağdamın ən ağır günləri idi... Döyüşlərin ardı-arası səngimək bilmirdi... Ölümünün qırxıncı günü, iyulun 23-də Ağdamda artıq küçə döyüşləri gedirdi... Var qüvvəmizlə döyüşürdük... Həmin günü qəbiristanlığın yanındakı döyüşlərdə minaatanla vurdular... Yanımda iki nəfər şəhid oldu... Mən ağır yaralandım... çox ağır... hər iki ayağım elə yerindəcə qaldı... Mən sonuncu addımımı öz doğma Vətən torpağında atmış oldum...

***

Bacısı Qətibə xanım Səyavuşdan sonrakı həyatını belə təsvir edir:

1993-cü il iyunun 14-ü idi... Yuxuda gördüm ki, atam xəstəxanada iki qoltuq ağacı ilə dayanıb. Qəfil qoltuq ağacının biri sürüşüb gedir... Yuxudan dik atılıb qışqırdım ki, Səyavuşu vurdular! O qoltuq ağacları qardaşlarım idi... Gedən Səyavuş idi... Baxdım, gecə saat dördün yarısı idi... Sonradan bildim ki, elə o saatlarda yaralanıb... Nə qədər elədim, yata bilmədim... Qalxıb həyət-bacanı süpürdüm... Atamgillə qonşu idik, onlara keçəndə gördüm əmimin gəlini bizim gəlinlə pıçıldaşır... Əmim avtomobili ilə məhəllədən sürətlə çıxdı... Qorxdum... Dedilər, Səyavuş yenə yaralanıb, Qaradağlı hospitalına aparıblar...

Ata-anama demədən üç bacı qardaşımla Qaradağlıya gəldik, məktəbi hərbi hospitala çevirmişdilər... Əməliyyat olunduğu otağa yüyürdüm... Həkimi dedi, “bacı, narahat olma, bir ayağını kəsəcəyik, amma yaşayacaq...” Sonra yanına qayıtdı, şüşənin bu üzündən gördüm ki, filmlərdəki kimi, Səyavuşun ürəyinin üstünə nəsə aparat qoyub, vururlar... ayılda bilmirlər... “Nə olub” soruşdum... “Bəs ancaq ayağını kəsəcəkdiniz, niyə özünə gəlmir” dedim... Həkim and içdi ki, yaxşıdır... Bizi zorla evə göndərdi ki, gedin, “bulyon” hazırlayın, axşama özünə gələndə yeyəcək... Sən demə, biz bacıları yola salan kimi həyat yoldaşımla məscidə yuyulmağa aparıblar...

Gecə döyüşdə vuruldu... səhər hardasa saat 10-da vəfat etdi... Dostu var idi, hindarxlı Hüseyn... ayağının birini mərmi aparmışdı... elə həmin günün axşamı da o rəhmətə getdi...

...Ölümündən sonra bizə saatını, cibindəki pasportunu, dostlarının telefon nömrələri yazılan bloknotu və arasındakı 1 manatı verdilər... Manatlıq yanmışdı... Dəqiq bilmədik... amma şübhələndik ki, bu 1 manat da nəzirdir... Göndərməyə imkan tapmadığı nəzir, yoxsa həmin döyüşlə bağlı dediyi nəzir... bunu heç vaxt bilmədik... Bu günə qədər də saxlayırıq...

Ölümünün qırxıncı günündə xonçalar hazırladıq... Axı qardaşım heç xonça görmədi... Məzarına aparacaqdıq ki, həyət bir dəstə hərbçi ilə doldu... “Ermənilər artıq Novruzlu tərəfdədirlər”, dedilər... “Bütün ailəniz buradadır, çıxın! Səyavuşun neçə il dizi səngərlərdə gedib, indi onun ailəsindən kimsə şəhid olsa, ya əsir düşsə, ruhu yanar!”

Mağardan təkcə qardaşımın şəklini götürüb, kəndi tərk elədik...

Şəkidə bir məktəbdə məskunlaşdıq...

Bizə evdə hər gün “Ağlamayın, siz fəxr edin ki, qardaşınız vətən yolunda şəhid olub” deyən atam oğul dərdinə dözməyib, dörd ay 23 gündən sonra, 61 yaşında vəfat etdi... Onda məktəbin yeməkxanasında işləyən qadın bizə dedi ki, artıq dünyada yoxdur, sizə bir sirr açacağam... Mən hər səhər tezdən işə gələndə yolun kənarındakı qamışlıqda onun hıçqırtılarını eşidirdim... Oğlunun pasportu əlində hönkürürdü... Neçə dəfə sakitləşdirməyə çalışdım, hər dəfəsində də xahiş etdi ki, mənim burada ağladığımı ailəmə, balalarıma demə...

Sən demə aylardır bizə təskinlik verən atam özü bizdən uzaqda oğlunu ağlayırmış... Yəni, şəhid oğulla fəxr etmək göz yaşını qurutmur... Ağrını azaltmır.. Dərdi yüngülləşdirmir...

...Anamın isə ayaqları tutuldu... Düz 13 il yataq xəstəsi oldu... Rəhmətə gedənə qədər Səyavuşun şəkillərini böyüdüb ətrafına yığmışdı, baxıb ağlayırdı... Meyvələrin də nübarını onun şəklinin qarşısına düzürdü... “O baxa-baxa mən necə yeyim” deyirdi... Ard-arda iki infarkt, bir iflic keçirdi... və sonunda ciyərparəsinin yanına köçdü...

***

Biz xalq olaraq bu elan olunmamış savaşda 20 mindən çox şəhid verdik və hələ də veririk. 32 ildir ki, bu mənhus müharibə sağ qalanlarımızı da öldürür. Buna görə də müharibə qurbanlarımızın dəqiq sayını hesablamaq mümkün deyil...

Bu gün 1993-cü ildə şəhid olan Əliyev Səyavuş Fəxrəddin oğlunun gedişi ilə həm ailəsinin, həm də yaxın dostlarının həyatında buraxdığı boşluqdan söz açmaqla demək istəyirik ki, müharibə yarası yeganə yaradır ki, zaman ona məlhəm deyil, əksinə, əleyhinə işləyir. Zamanla biz müharibəni unuduruq və o hər dəfə daha amansız formada geri qayıdır...

Coğrafiya taledir, bu həqiqəti dəyişə bilmərik. Amma bir həqiqət də var, artıq bu savaşı övladlarımıza miras qoymamalıyıq...

...Torpaq uğrunda canından keçən şəhidlərimizin ruhuna sonsuz ehtiramla!

Vüsalə Məmmədova

Dİgər xəbərlər