1726
14:48
17 İyul 2020

Bu il xaricdə oxumaq istəyənlər Azərbaycanda imtahan verəcək? - RƏSMİ CAVAB

“Xaricdəki universitetlərdə oxumaq üçün imtahan vermək məqsədilə attestatını alan şəxslər Azərbaycandakı ali məktəblərə də sənəd veriblərsə, demək, onların abituriyent statusu var”. APA -nın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bundan sonra abituriyent statusunu qazanmaq üçün sənəd vermək prosesi aparılmayacaq: “İndiyə qədər onlar bu sənədi veriblərsə, imtahanlarda abituriyent statusu ilə iştirak edə biləcəklər. Biz onları imtahan iştirakçıları sırasından çıxarmamışıq. Amma attestatlarının tam olmağını, yəni orada buraxılış imtahanının nəticələrinin də olmasını istəyənlər üçün sentyabrda müəyyən buraxılış imtahanları təşkil ediləcək. Bundan sonra onlar aldıqları attestatı dəyişib, yenisini ala biləcəklər. Burada hər hansı çətinlik görmürük”.

M.Abbaszadə qeyd edib ki, abituriyent statusu qazanan şəxslər yaxın günlərdə keçiriləcək buraxılış imtahanlarında da iştirak edə biləcək: “Şəxs abituriyent kimi sənəd veribsə, iş nömrəsi varsa, imtahanda iştirak edəcək. Kim qəbul imtahanında iştirak etmək istəyirsə, qəbul imtahanının birinci mərhələsi olan buraxılış imtahanına qatılmalıdır. Onlara buraxılış imtahanında iştirak üçün buraxılış vərəqəsi veriləcək. Kim abituriyent statusunu təsdiqləyibsə, onlar da buraxılış imtahanına buraxılış vərəqəsi alacaqlar”.

DİM sədrinin sözlərinə görə, bu il Bakı üzrə məktəbi bitirənlərin 90 faizi məktəbi bitirən şəxs abituriyent sənədini təsdiqləyib: “Onlar hamısı buraxılış vərəqəsi alacaq. Onlar buraxılış imtahanında iştirak edib bal toplamalıdılar ki, qəbul imtahanında da iştirak edə bilsinlər”