14 yaşında kənddən çıxıb dənizdə qəhrəman olan Yusif: Onu Xruşşov, Misir prezidenti belə tanıyırdı
09 iyul 2020 10:18 (UTC +04:00)

14 yaşında kənddən çıxıb dənizdə qəhrəman olan Yusif: Onu Xruşşov, Misir prezidenti belə tanıyırdı

...Sovet nümayəndə heyətinin tərkibində o da Misirə getmişdi. Heç işgüzar səfər də deyildi. Bir Sosialist Əməyi Qəhrəmanı kimi piramidalar ölkəsində səyahətdəydi.

Bir gün oteldəykən televizordan Misirdə neft buruqlarında baş vermiş böyük qəzadan xəbər tutur, daha doğrusu, kadrlarını seyr edir. Tərcüməçidən soruşur. Məlum olur ki, doğrudan da mədənlərdə dəhşətli qəza baş verib. Tərcüməçiyə deyir ki, o neftçidir və bu tip qəzalardan çox görüb. Onu təcili bu sahənin adamlarıyla əlaqələndirsinlər. Elə də edirlər. Qısa vaxt ərzində mədənlərdə qəza aradan qaldırılır. Misir telekanalları ondan reportajlar verirlər. Hətta iş o yerə çatır ki, Misirin prezidenti Camal Əbdül Nəsir belə ona öz təşəkkürünü bildirir.

 

***

 

Yusif Xankişi oğlu Kərimov. Bu ad bəlkə də sizə heç nə deməyəcək. Çünki internet resurslarında az məlumat var onun haqqında. Amma vur-tut 34 yaşında Sosialist Əməyi Qəhrəmanı almış Kərimovu SSRİ-nin o vaxtkı rəhbəri Xruşşov belə tanıyırmış. Ağsaqqal neftçi Xoşbəxt Yusifzadə deyir ki, Neft Daşları sözün həqiqi mənasında qəhrəmanlar məskənidir. Və bir əhvalat danışır.

 

Zaman 1948-ci il noyabrın 14-ü.

 

Geoloq Ağaqurban Əliyev, istedadlı qazma mütəxəssisi Yusif Səfərov və Sabit Orucov neftçi-desantçılar dəstəsinin digər üzvləri ilə birlikdə təcrübəli kapitan Əjdər Sadıxovun “Pobeda” yedək gəmisində böyük çətinliklə Neft Daşları rayonuna gəlirlər. Onlar gəmidən enib, suyun üzünə çıxmış qayalıqların birinə qədəm qoyurlar. Neftçilər iri bir qara daşın üstünə bir neçə kisə sement qoyub, yoxlamaq istəyirlər ki, su bu kisələri yuyub aparacaq, ya yox. Təxminən iki həftədən sonra onlar həmin yerə qayıdanda sement kisələrini qupquru gördülər. Yalnız bundan sonra – 1948-ci ilin dekabrında dəniz inşaatçılarının ilk dəstəsi “Transportnik” (“Nəqliyyatçı”) gəmisi ilə Pirallahı adasından “Qara daşlar”a göndərilir. Buradakı adacıqda qazma briqadası üçün 14 kvadratmetrlik bir “yaşayış evi” inşa edilir. Sahil ilə gecə-gündüz əlaqə saxlamaq üçün radiostansiya qurulur. 1949-cu ilin iyununda adada ilk quyunun qazılmasına hazırlıq başlanır. Beş aydan sonra dünya, dənizdə qazılan neft quyusundan çıxarılan qara qızıla şahidlik edir.

 

Bundan sonra Neft daşları sözün həqiqi mənasında qəhrəmanlar məskəninə çevrilir. Təkcə burda çalışmış xeyli neftçi - Qurban Abasov, Ağa Dadaş Kərbəlayı oğlu, Məmməd Qənbərov, Məlik Göyçayev, İsrafil Hüseynov, Akif Cəfərov, Mixail Kaveroçkin, Xanoğlan Bayramov, Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülürlər. Onlardan biri də Yusif Kərimov idi. Aralarında ən gənci. Onların adları ilə Azərbaycan haqlı olaraq bu gün də fəxr edir.

 

***

 

1925-ci ildə Zəngilan rayonunun Beşdalı kəndində anadan olmuşdu. Orta məktəbin 7-ci sinfini bitirdikdən sonra tale onu Bakıya gətirib çıxarmışdı. Yeniyetmə Yusif əvvəlcə qazma idarəsində fəhlə, qazmaçı köməkçisi işləmişdi. Və bir gün onu “Gürgan-dəniz” trestinin Qazma idarəsinə göndərmişdilər. Bura isə Neft daşları idi. Məhz burda o, tanınmış qazma ustası kimi ad çıxardı. 32 yaşında Yusifi sahə rəisi təyin etmişdilər.

 

Kürəkəni Sani Salmanov Lent.az-a deyir ki, öz peşəsini dəlicəsinə sevən Yusif Kərimov evdə olduğu günlərdə də özünü işdəki kimi hiss edirdi.

 

- “Azneft”in növbətçi operatoruna zəng edir və bütün buruqlarla əlaqə saxlayır, qazmada olan gedişatı və çatışmazlığı öyrənir, onlara öz tövsiyələrini verirdi. Deyirdik ki, istirahət elə, qayıdırdı ki, əvvəl iş, sonra istirahət.

 

Hə, Yusifin bu əməyi qiymətləndirilməliydi. SSRİ Ali Sovetinin ona Sosialist Əməyi Qəhrəmanı adını verməsi də özünü çox gözlətmədi. 1959-cu ildə bir qrup neftçiylə birgə Sovetlər İttifaqının ən yüksək mükafatını alır.

 

Ümumiyyətlə, bir maraqlı faktı qeyd edək. Bu qəhrəman neftçi SSRİ-nin demək olar ki, bütün ali mükafatları ilə təltif edilib. Bu sıraya “Lenin” ordeni, iki dəfə “Şərəf Nişanı” ordeni, habelə Əməkdar neftçi adlarını xüsusi qeyd etmək olar. Onun layiq görüldüyü medalların isə sayı-hesabı yoxdur.

 

Sosialist Əməyi Qəhrəmanı adını aldıqdan sonra onu daha məsul vəzifəyə, “Azdənizneftaxtarış” trestinin direktoru təyin edirlər. 1968—1971-ci illərdə “Abşeron- qazma” trestinin rəisi, daha sonra Sahil Dəniz Kəşfiyyat Qazma İdarəsinin direktoru vəzifələrinə təyinat alır.

 

Onun birbaşa rəhbərliyi ilə “Gürgan-dəniz”, “Qum-dəniz”, “Cənub” yataqları kəşf edilir. “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Xərə-Zirə” yataqları aşkar olunub istifadəyə verilir. İlk dəfə 6600 metrə qədər qazma işinə nail olunur.

 

***

 

Onu artıq Kremldə də tanıyırdılar. Çünki SSRİ-nin az qala bir nömrəli salnaməçisi, sənədli filmlər ustadı Roman Lazareviç Karmen Bakıya gəlmiş Yusif və digər neftçilər barəsində silsilə filmlər çəkmişdi. “Xəzər neftçiləri haqqında povest” və “Dənizi fəth edənlər” adlı bu filmlər böyük uğur qazanmışdı. Təsadüfi deyil ki, Karmen bu filmlərə görə “Lenin” mükafatına layiq görülmüşdü. Yeri gəlmişkən, film o vaxtkı sovet rəhbəri Nikita Xruşşovun çox xoşuna gəlmişdi. Kremldə keçirilən qurultayda Azərbaycandan gəlmiş qonaqlarla görüşdə, şəxsən Yusif Kərimovu yanına çağırıb, onunla söhbət etmişdi.

 

Onun təcrübəli qazma işləri bilicisi, eləcə də bacarıqlı təsərrüfatçı olmasının nəticəsi idi ki, dünyanın müxtəlif yerlərinə dəvət alıb öz təcrübəsini bölüşürdü. Sani Salmanov deyir ki, o, məhz elə bu məqsədlə Çində, Əlcəzairdə olmuşdu.

 

Qızı Səlimə xanım deyir ki, atası çox mehriban ailə başçısı olub. “Dostcanlı idi. Neftçi Qurban Abasovla ömrünün sonuna qədər möhkəm dost olublar. Ailəvi bir yerə yığışar, bir-birinə qonaq gedərdilər. Rəşid Behbudovla da çox yaxın münasibəti olub”.

 

Sani Salmanov deyir ki, neftçi dostlarını həddən artıq çox istəyirdi.

 

- İstirahət günləri nərd oynamağı və eyni zamanda, işləri müzakirə etməyi çox sevirdi. Düzgünlüyü sevərdi. Deyərdi ki, kişi həmişə işində və əməlində düz olmalıdır. İkiüzlü adamları sevməzdi. Dənizdə külək olanda o evə gəlmirdi, işdə oturub tez-tez buruqlarla əlaqə saxlayırdı. İşçilərinə lazım olan ehtiyat hissələri və ərzağı gəmi vasitəsilə buruqlara çatdırardı. Bir canı orda qalırdı.

 

70 il yaşamışdı Yusif Kərimov. 70 yaşının tamamında da dünyasını dəyişmişdi.

 

7-ci sinifdə oxuyanda Zəngilanın Beşdalı kəndindən çıxıb Bakıya gələn yeniyetmə Yusif elə burda, Sosialist Əməyi Qəhrəmanı, bütün SSRİ-nin tanıdığı neftçi kimi vəfat etmişdi. İndi ailəsinin bircə arzusu var: Bu qəhrəman neftçinin adının əbədiləşdirilməsi. Çünki adına nə kiçik bir küçə var, nə büstü qoyulub, nədə barelyefi...

 Sona Salman

Səbuhi Məmmədli

 

# 19501
avatar

Oxşar yazılar