2602
17:15
22 İyun 2020

Karantində sığınacağa gələn qadınların sayı artıb? - Sədrdən CAVAB

Ölkədə insan alverinin qurbanları olan şəxslərə göstərilən qayğılar gücləndirilir. Belə ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan 30 nəfərin reabilitasiya və reinteqrasiyası nəzərdə tutulur. Buraya həmin şəxslərin hüquqi, psixoloji, tibbi, əmək fəaliyyəti, qida, geyim, dərman perepratları ilə təmini, uşaqlarının geyimləri, qidası, təhsil və sağlamlıq problemlərinin həlli və s. daxildir.

Həyata keçiriləcək layihə ilə bağlı birliyin sədri Mehriban Zeynalova Lent.az -a danışıb. Onun sözlərinə görə, pandemiya dövründə sığınacağa edilən müraciətlərin sayı artıb:

“Əslində layihə aprelin 1-də baş tutmalı idi. Ancaq pandemiya səbəbilə bir qədər yubandı və sığınacağın da işi çətinləşdi. Pandemiya vaxtı sığınacaqda 60 qadın vardı. Həm onlara, həm də digər yardıma ehtiyacı olan 100-ə yaxın ailəyə dəstək olduq. Bütün görülmüş işlərlə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasına da məlumat vermişik. Düşünürük ki, müraciət edənlər yenə çoxalacaq. Çünki bəzi insanlar işləyə və kirayə pulunu ödəyə bilmir, uşaqları ilə birgə küçədə qalmaq ehtimalı var. Onları da polis dərhal bizə istiqamətləndirir. Təşkil olunacaq layihədə 9 seminar da var ki, orada pandemiyadan barədə də təlimlər yer alıb. Hətta bizim balaca uşaqlar da pandemiya ilə bağlı məlumatlıdırlar.

Hər bir yeni layihədə təkmilləşmə öz işini görür. Burada isə sənədlərin, münasibətin, xidmətin təkmilləşməsi, yeni resursların cəlb edilməsi və ehtiyacların düzgün qiymətləndirilməsi və s yer alır. Karantin dövründə belə bir layihənin həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Təsəvvür edin ki, sığınacaqdan kənara çıxmadan onların bütün problemləri həllini tapacaq”.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Daxili İşlər Nazirliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının birgə keçirdiyi müsabiqədə qalib gəlib. Sözügedən layihənin də məhz bu səbəbdən birliyin Bakıda yerləşən sığınacağında həyata keçiriləcəyi bildirilir. Hazırda layihə ilə bağlı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Səhiyyə naziri Oktay Şirəliyev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemlərı üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva rəsmi məlumatlandırılıb.