2221
13:29
02 İyun 2020

"Sizinlə qürur duyuram..." Həkimdən Prezidentə məktub

Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlar dünyaya örnək oldu. Heç kimə sirr deyil ki, dövlət başçısının tapşırıqları ilə atılan addımlar sayəsində koronavirusun fəsadları iqtisadiyyatı və səhiyyəsi ilə öndə gedən əksər ölkələrdən müqayisə olunmaz dərəcədə fərqləndi. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması yolunda görülən işlərin nəticəsidir ki, ölkədə həyat əvvəlki vəziyyətinə qayıtdı.

Pandemiya ilə mübarizədə aparılan uğurlu siyasətə görə, respublikanın ayrı-ayrı bölgələrindən prezidentə təşəkkür məktubları gəlməkdə davam edir. Belə məktublardan birini Salyan rayonu Mərkəzi Xəstəxanasının həkim-terapevti Salmanova Aygün Telman qızından gəlib.

Lent.az həmin məktubu təqdim edir:

“Möhtərəm cənab Prezident!

Bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir.

Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi, virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz.

Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident. Allah Sizi qorusun”.