12:10
28 May 2020

Atatürkü ağladan mahnı, “şeirin Rəsulzadəsi”, talan olan diyar... – Şəhid ziyalı

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız

Əhməd Cavaddır... həmin o imzası fəxri adı olan, türk dünyasının oğlu Əhməd Cavad.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Haqsızlıq yer üzündə ən dəhşətli ağrıdır, çünki fiziki deyil, mənəvi ağırlıqdır. Çəkilməsi çox çətindir. Əvvəl-axır haqq yerini tapır, lakin bu, çox gec də ola bilər. Bu yolda itkilər hədsiz olar. Bəzən onun yerini tapması belə mahiyyətini itirər, amma hər bir halda haqq qalib gələr. Danışacağım hekayətdə də çox gec, 82 il sonra haqq yerini tapır. Təkcə bir insan ömrü üçün deyil, bəlkə də bütöv bir nəsil üçün gec olsa belə, insanlıq üçün təsəllidir…

Əlyazmaları belə məhv edilən, yalnız xanımın oturduğu kətilin üstündə qalan bir dəftər, bir də yaxın dostunun yaddaşında qalan şeiri bizə gəlib çıxan böyük şəxsiyyət və yazarın əsərləri indi dövlətin varidatı kimi qorunur. 1937-də cismən məhv edilir, ailəsi darmadağın edilir. 1955-ci ildə bəraət qazanır, dilə gətirmək çətin olan ağır itkilərdən sonra…

Əhməd Cavad 1892-ci il may ayının 5-də Şəmkirin Seyfəli kəndində ruhani ailəsində anadan olub.

Əhməd Cavadın bir tərəfi Cənubi Azərbaycandan, bir tərəfi Borçalıdandır. Atası Məhəmmədəli Şəmkir mahalında savadlı adam sayılardı - axund idi. Gəncəbasarda ruhani ailəsində böyümüşdü. Babaları köklü tacir və ziyalı olublar. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. Gəncədə yaşayırdı.

Əhməd Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatını, folkloru gözəl bilirmiş. Əhməd Cavad onun laylaları ilə böyüyüb, böyüdükcə nağılları, dastanları onun nəqlindən eşidib.

Cavad ilk təhsilini molla yanında alıb. Ərəb və fars dillərini öyrənib, Qurani-Kərimi orijinaldan oxuyur, surələri əzbər bilirdi.

Atası onun təhsilinə önəm verirdi, oğlunun oxuması üçün əlindən gələni edirdi. Nə yazıq ki, dünyadan tez köçüb. 1900-cu ildə Gəncədə çovğuna düşüb, soyuqlayıb, az sonra rəhmətə gedib.

Atasının vəfatından sonra başsız qalmış anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə - əvvəlki ərindən olan uşaqlarının yanına gedir.

Bu tarix barədə sonralar şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakterli 1908-ci il sentyabrın 9-da yazılmış “Gəldim Gəncəyə” şeirində rast gəlinir.

Misralardan hiss olunur ki, balaca Cavad artıq çiyinlərinə düşən yükün fərqindədir Seyfəli kəndindən çıxıb Gəncəyə gəlməsi onun həyat yolunun başlanğıcıdır, əslində. Özü həyat tarixçəsində bu yolun seminariyadan başladığını yazsa da...

Yaxşı xanım xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayırlar.

Cavadın şəhər bazarında dəmirçi işləyən ögey qardaşları Məsim və Qulu Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Ona əla qiymətlərlə oxuduğuna görə “Xeyriyyə” cəmiyyəti tərəfindən hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir.

Seminariyada Cavad Abdulla Sur, Hüseyn Cavid və Mikayıl Müşfiqin həyat yoldaşı Dibər Axundzadənin əmisi İdris Axundzadədən dərs alırdı.

Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad adlı müəllim Cavadın inkişafında böyük rol oynayıb. Şeiriyyəti Cavada öyrədib. Onunla tanışlıqdan sonra Cavadın yazdığı şeirlərdə şeirin qayda-qanunu yerindədir.

Sseminaristin ilk qələm təcrübələri müəllimlərinin diqqətini çəkir. 1910-cu ildə Cavadın müəllimi Abdulla Tofiq dostu Abdulla Şaiqə göndərdiyi məktubda yazırdı: “Tələbələrimin içində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümdilər verir. Lisanı sadə və gözəldir. "

Əhməd Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurur. 1912-ci il mayın 27-də Əhməd Cavada təqdim olunmuş şəhadətnamədə 10 fəndən – dillərdən və tarixdən əla, üç fəndən yaxşı yazılıb – həndəsə, cəbr və riyaziyyatdan. Şairin haqq – hesabı olmaz, şeiriyyəti, hissləri olar.

1912-ci ildə Əhməd Cavad Gəncə seminariyasında öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişir. Müəllimlərini çox sevən şair onun ölümündən çox təsirlənir. Xüsusən Abdulla Surun Əhməd Cavadın həyatında böyük rolu var. Onun türkçülük turan məhəbbətinin kökündə də müəlliminin, ümumiyyətlə Türkiyədən gəlib Gəncədə dərs deyən müəllimlərin sevgisi durur.

1913-cü ildə Əhməd Cavad Gəncədə ilk peşəkar müəllim kimi 1 nömrəli Qız məktəbində türk və fars dillərindən dərs deməyə başlayır.

1910-cu ildən lirik şeirlər və məqalələrlə, xüsusən tənqidi materiallarla qəzet və jurnallarda çap olunub.

Əhməd Cavadın bütün şeiriyyətinin əsasında bütün şeir formalarından daha artıq qoşma və bayatı durur. Anasının südü ilə, avazı ilə axıb damaralarına dolub sanki. “Yazım gəl!”, “Yuxuma gəlmişdin”, “Sevgi candan ayrılmaz”, “Səhər-səhər”, “Olmaz” bayatılar və oxşamalardır.

“Qoşma” adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, “Açıq söz” mətbəəsində nəşr edilir. Bu kitabda şairin əsasən 1912-1916-cı illərdə qoşduğu qoşmalar toplanır. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanır.

Türkiyə demiş, Əhməd Cavadın Türkiyədə yeri bir başqadır. Onun qəlbində türkün yeri qədər, yəqin.

Anasının laylası, müəllimlərinin verdiyi təhsillə ona aşılanan vətən sevgisi, türk aşiqliyi damarlarında qana çevrilmişdi. Yazdığı şeirlərlə Azərbaycanı müstəqil, Türk ölkələrini birlikdə görməyi təlqin edirdi.

Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlayanda əsas azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedir. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da (1912-1913) əqidə dostları İ.Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edirdi. Onda Cavadın 20 yaşı vardı. Bu müharibədən Türkiyənin qalib çıxması Əhməd Cavadın düşüncəsində gələcək türk birliyinə özül ola bilərdi.

Müharibədən sonra Əhməd Cavad yaradıcılıq imkanlarının genişliyini vəd edən İstanbulda qalmaq istəyir. Həm də xəyalında qurduğu böyük Türk birliyinin məhz İstanbuldan təşəkkül tapacağını düşünürdü. Dostluq etdiyi, dövrün mütəfəkkiri, əslən azərbaycandan olan Yusuf Akçura Azərbaycanda onun kimi təhsilli, azad düşüncəli kəsə böyük ehtiyac olduğunu deyir.

Şair Gəncəyə qayıdıb müəllimliyini davam etdirir. Gənclərə türkçülük ruhunda, türk birliyinin vacibliyini aşılayaraq təhsil verir. Təssüf ki, həyatında daha bir müharibədə iştirak etmək varmış.

Ədəbiyyata romantik şair kimi gələn Əhməd Cavadın dünyagörüşündə Birinci Dünya müharibəsi əsaslı dəyişiklik edib. Şeirlərindən bəlli olur ki, müharibədə iştirakından sonra qələmi daha çox realizmə meyl edir.

1914-cü ildən "Açıq söz" qəzetinin müxbiri kimi fəaliyyət göstərirdi.

"Açıq söz" qəzeti Müsavat Partiyasının orqanı idi, Məhəmməd Əmin və Məmmədəli Rəsulzadələrin rəhbərliyi altında çıxırdı. M.Ə.Rəsulzadə ilə dostluğu, milli ideallara bağlılığı Ə.Cavadı bu qəzetə gətirmişdi.

Əhməd Cavad müharibə vaxtı xeyriyyəçiliklə, zərərçəkənlərə yardım etməklə yanaşı, gördüklərini silsilə şəklində çap etdirirdi. Şeirdən də əl üzmürdü, yazırdı.

Onun publisistik "Xuda qəbul nəkə" hekayəsi real hadisə əsasında yazılıb.

Əhməd Cavad 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs deyib. Bakıdan Müsəlman Xeyriyyə cəmiyyətinin xətti ilə ora göndərilən Əhməd Cavad həm də təhsil verməklə xeyriyyəçilik edirdi.

Tütkiyəyə, xüsusən Qaradəniz sahillərinə xeyriyyəçilik üçün yolu tez-tez düşürdü.

Bu səfərlərdən yaranann bir çox şeirləri var. Türk birliyinə məhəbbətini izhar edən ən möhtəşəmi 1914-cü ilin noyabrında Gəncədə qələmə aldığı “Çırpınırdın Qara dəniz” şeiridir.

Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdın, Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur.

Şeirin sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır.

Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınıb.

Gəminin kapitanı Atatürklə yaxın olub. Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrət qazanıb.

Çırpınırdın, Qara dəniz,

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdin, heç ölməzdim,

Düşə bilsəm ayağına!

Şair Rəfiq Zəka Xəndan bu barədə deyirdi:

“Bu şərqini dahi Atatürk çox sevirdi. Şərqini ilk dəfə dinlərkən Atatürkün gözləri yaşarmışdır”.

Atatürk demişkən, Əhməd Cavadın “Qoşma” və “Dalğa” kitabları Atatürkün masaüstü kitablarından.

Bəzi mənbələrdə Əhməd Cavadın 1919-cu ildə yazdığı Azərbaycan marşını (himni) Atatürkün Çanaqqala savaşında əsgərlərinə “Mən sizə hücum etməyi deyil, mən sizə ölməyi əmr edirəm” – sözündən ilhamlanıb yazıb.

Əhməd Cavad 1916-cı ildə H.Z.Tağıyevin maliyyə dəstəyi ilə Batumidə yaşayan 2500-ə qədər azərbaycanlı ailəsi üçün məktəb açır. Əhməd Cavad yeganə adam olub ki, Tağıyev heç bir imza, sənəd tələb etmədən ona maliyyə verərmiş ki, xeyriyyə işlərini görsün. Düzgün adam olduğundan bu inamı qazanıb şair. Yeni məktəblərdə həm də müəllimliklə məşğul olurdu. 1917-ci ildə Cavadın vasitəsi ilə 2500 nəfərdən çox türk qaçqın və didərgin Gəncə və Bakı ətrafında yerləşdirilib.

Vicdanım əmr etdi imdada gəldim

Məzlum səsi duydum mən dada gəldim...

Şeirlərində ən çox işlənən sözlər, dil, bayraq, vətən, hürriyyətdir. Türkiyərə ona şeirin Rəsulzadəsi deyirmişlər. Yəni siyasətdə Rəsulzadə necə isə, şeirdə Əhməd Cavad odur.

Bu qanlı-qadalı illərdə, o vurhavurda Əhməd Cavad Batumda bir qız görür. Qaranlıqda işıq kimi. Qəlbində vətən, azadlıq sevgisinin yanında bir başqa sevginin cücərtiləri baş qaldırır. Batumun, bütün Acaryanın sevdiyi Əhməd Cavadı Acaryalı Süleyman bəy də sevərdi, amma qızı Şükriyyəni Cavada vermək istəmir. Aşiq gənclər qoşulub bir-birinə, qaçırlar Bakıya. Qarşıda 21 illik həyat yolunda nələr olacaqdı... İlk övladları olandan sonra Süleyman bəyin hüzuruna gedirlər və bəy onlara xeyir-dua verir.

Şükriyyə taleyim, şükür xudaya

Gördüyüm doğrudur, yoxsa bir röya?..

Yazan şairlə bəy qızının eşq hekayəsi dillərə dastan olur. Sədaqət və eşq nümunəsi kimi.

Azərbaycan müstəqillyinə qovuşmaq ərəfəsində Əhməd Cavad həyatında hər şeyin qaydasına düşəcəyi ümidində idi. Onun həyatı Azərbaycanın müstəqilliyi, türk birliyinə qovuşması ilə bağlı idi. Arzuları gerçəkləşəcək kimi görünürdü.

Əhməd Cavadın 1918-1920-ci illər yaradıcılığı bunu diktə edir. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur.

Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsinə həsr edilib. Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsərgərlərinə həsr etdiyi "Qalx" şeirini oxuyub.

Qalx, qalx, sarmaşıqlı məzar altından

Gəlmiş ziyarətə, qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər.

"Azərbaycan bayrağı" adlı şeiri isə tərtəmiz vətənə sevgidən yoğrulub :

Türküstan elləri öpüb alnını

Söyləyir dərdini sana bayrağım.

Üç rəngli əksini Quzğun dənizi

Ərməğan yollasın yara, bayrağım.

Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, S.Hüseyn, Ö.Faiq, N.Vəzirov, Ə.Haqverdiyev, H.Cavid, M.Hadi, A.Şaiq, C.Cabbarlı ilə birlikdə Ə.Cavad da yaxından iştirak edirdi. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar. Azərbaycanın müstəqil gələcəyi üçün, müstəqil Azərbaycan üçün çalışırdılar.

Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunub. Yeri gəlmişkən, Əhməd Cavad Nuru Paşa ilə Gəncədə görüşüb- 1918-ci ildə. Ona “Qoşma” kitabını da hədiyyə edib.

Əhməd Cavad hələ müharibdə olduğu dövrdə məhz M.Ə.Rəsulzadənin təklifi ilə Müsavat partiyasına və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü və katibi seçilib.

Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarici pasport da verilir. O, azad surətdə İrana və Türkiyəyə gedib-gələ bilərdi.

Əhməd Cavad AXC-nin Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının təbliğatçısı olub.

1920-ci il deyirəm və dəhşət məni bürüyür. Bu sadaladıqlarım Sovet işğalından sonra onun başına nələrin gələcəyindən xəbər verir, zatən. Bu da Sovet işğalı. Uğrunda ölməyə hazır olduğu Cümhuriyyətin darmadağın edilməsi, arzuların puç olduğu il.

Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də “Müsavat” partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən “Müsavat” partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, “Müsavat” partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Əhməd Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlayıb. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, M.Ə.Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil edib.

Onun bundan sonra yaşadıqlarını nə mənim yazmağa, nə də oxucunun oxumağa iqtidarı çatmaz.

Əslində Sovet işğalından sonra müəllimlik fəaliyyətini davam etdirir, Qusarda işləyir, şeirlər yazır. Hətta təhsilini artırır, pedaqoji təhsil alır. Şeirlərinin Türkiyədə də çap olunması, özü bilmədən, onun haqqında şübhələri artırır və təbii ki, düşmənlərinin dəyirmanına su tökülür.

Qaynatası Süleyman bəy sizi Türkiyəyə qaçıraq təklif etsə də bir vaxtlar İstanbulda yaşamağı arzu edən Əhməd Cavad vətənin çətin günlərində qaçmağı özünə sığışdırmayıb imtina edir.

Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan “Göy göl” ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olub. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunub. Məşhur “Göy göl” şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsxanaya salınır. Ə.Cavad “Göy göl” şeirinə görə 5-6 ay həbsdə saxlanılır. İttihama səbəb şairin yazdığı bu misralardır:

Sənin gözəlliyin gəlməz ki saya,

Qoynunda yer vardır yıldıza, aya!

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göy göl!

1937-ci ilin mart ayında Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H.Cavid, tələbəsi M.Müşfiq və həmyerlisi V.Xuluflu ilə eyni vaxtda həbs edilir. Bu onun son həbsi olur.

O qədər işgəncələrə məruz qalır ki, Şükrüyyə xanıma yazdığı kiçik kağız parçasında 16 yaşında ağır xəstəlikdən itirdikləri Almaz haqqında deyir ki, nə yaxşı ki, Almaz tez getdi, bunları o da yaşayacaqdı yoxsa.

1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunur...

Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H.Zeynallının, V.Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl zinyət əşyaları, yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış “Göy göl” şeiri saxlanılır.

Ailəsi dağlır, uşaqları zorla Şükrüyyə xanımdan alınıb uşaq evinə verilir. Bolşevik əsgəri uşağı zorla qamarlayıb Şükriyyə xanımın qucağından alanda anasından ayrılmaq istəməyən yaş yarımlıq oğlunun dırnaqları Şükriyyə xanımın sifətində üç dərin cızıq qoyur. Sonradan nəvəsinin danışdıqlarına görə ömrünün sonuna qədər o iz ananın üzündə qalırmış.

Şükriyyə xanımı isə həbs edirlər. Sürgündən əvvəl ona təklif edirlər ki, guya Əhməd Cavaddan ayrılması haqqında sənədə qol çəksə onu övladlarına qovuşduracaqlar. Caynağında olduğu rejimin hiyləsindən xəbərdar olan Şükriyyə xanım qəlbinə daş basıb mən Əhməd Cavadım üçün atam Süleyman bəydən keçdim, ondan keçim deyirsiniz. Onu sizin qurşununuzdan öncə mənim bu imzam öldürər-deyə cavab verir.

Əhməd Cavad isə DTX-nın zindanında hədsiz işgəncələrə məruz qalırdı.

Nəhayət, 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam edir. Ona hökm oxunur-güllələnmə. Oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələyirlər. Həmin gecə Əhməd Cavadla birlikdə yazıçı Böyükağa Talıblı da daxil olmaqla, 46 nəfər güllələnib.

Bütün repressiyaya uğrayan ziyalıların ailələri kimi Şükriyyə xanımı da Qazaxıstana sürgün edirlər. Qadın səkkiz illik cəhənnəm əzabından sonra aldığı bəraətlə uşaqlarınının yanına qayıda bilir. Bir müsahibəsini dinləmişsdim – rus dilində danışırdı, Əhməd Cavadı tərifləyib ağlayırdı. 1955-ci ildə bəraət alan Əhməd Cavad üçün ağlayırdı.

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,

Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.

Damğa vurub, zəncirləyib tullamışlar zindana,

Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,

Böhranların, hicranların, məhbəsində qalacam?

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,

Oğuzların, elxanların vətənində kimdir, bax!

Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,

Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?

Hanı sevgi, hanı vətən, de harda qaldı millət?

Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,

Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam,dərin ağlım,zəkam var,

Ne vaxtacan çiynimizdəgəzəcəkdir yağılar?

Nə qədər ki,hakimlik var,məhkumluq var,mən varam,

Zülmə qarşı isyankaram,əzilsəm də susmaram.

Əhməd Cavad heç bir fəaliyyəti olmasa belə, yalnız bu “Susmaram” şeirinə görə bolşevik qəzəbinə gələcəkdi. Amma o şeiri bolşeviklər görməyiblər, onu şairin bir dostu əzbərləyib, vərəqi ələ keçməsin deyə cırıb. İllərlə şeiri öz oğluna əzbərlədib. Müstəqillikdən sonra həmin oğlan şeiri mətbuatda çap etdirib. 67 il sonra ortaya çıxan bu şeirlə yaşayır Əhməd Cavad. Şairin həyatı belə davam edir – Azərbaycan dövlət himnində, “Çırpınırdın, Qara dəniz” şərqisində , “Şükriyyə” harayında, bir də Azərbaycanı-türkü sevən hər kəsin qəlbində…

Dİgər xəbərlər