Süpürgəni güldana qoya bilən...
19 may 2020 15:38 (UTC +04:00)

Süpürgəni güldana qoya bilən...

Redaksiyaya çatanda hərəmizin əlində bir “7 Gün” qəzeti olardı. Redaksiyada bizə bugünkü qəzetimizi verəcəklər, amma metroya düşməzdən, avtobusa minməzdən əvvəl yaxın köşkdən o qəzeti almaqda məqsəd vardı. Yox, qəzetin satış problemi yox idi, bir dənəsi belə geri qayıtmırdı, satılırdı. Sadəcə, özümüz də yazdıqlarımızın oxucusu idik. Belə yetişmişdik. İşə çatınca, “pyatiminutka” dediyimiz planlaşdırma başlayınca qəzetin adından, manşetindən tutmuş, son səhifənin axırındakı başsağlıqlarına qədər oxuyardıq. Daha hər kəs öz yazısını deyil.

 

Buna bizi məcbur edən də yox idi, yalnız baş redaktor məsləhət görmüşdü ki, özünüz üçün belə məsləhətdir, peşəkar belə olur.

 

Söhbət Nuh əyyamından getmir, yaxın keçmişimizdən gedir. “Mətbuatın qızıl dövrü” adlandırılan 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən.

 

Planlaşdırma başlayanda baş redaktor əlində təpədən-dırnağa qırmızıya bələnmiş qəzetlə gələrdi. Səhər otağında qəzeti açıb qoyurdu qarşısına, ibtidai sinif müəllimi kimi qırmızı qələmi də alardı əlinə. Qəzeti qırmızıyla “şumlayıb”, gələrdi iclasa. O vaxtlar bir az rişxəndlə qarşıladığımız bu olay indi bizə çox şirin gəlir, çünki artıq təcrübə onun mahiyyətinə varmağa imkan yaradıb. Bunun bizim xeyrimizə işlədiyini yaşamışıq artıq.

 

Əvvəlcə hökmən hansısa görkəmli şəxsiyyətlərin həyatlarından, aforizmlərindən, ya bir lətifədən, Molla Nəsrəddindən məzəli sitat gətirib bizi güldürər, sonra başlayardı tənbehə.

 

Tənbeh də necə olardı... Abırlı, tərbiyəli, peşəkar, bunu xüsusi vurğulayıram, qeyri-peşəkar sadəcə duruş gətirə bilməzdi o kollektivdə, söz götürməyən kollektiv üzvlərinə sözü elə deyərdi ki, hökmən iclasdan sonra kimsə ağlayardı. Bununla belə, çox keçmədən haqlı olduğunu anlayardıq və dediklərinə əməl edərdik.

 

Məsələn, bircə kəlmə mənə dedi ki, dünyaca tanınmış balerinanın soyadında “l” hərfi yerinə “r” hərfi yazan mədəniyyət müxbirini mən işdə saxlaya bilmərəm. Bu sözü həzm etmək olar? Heç bir qaşıq balla da getmədi! Mesaj kimi qəbul edib, iclasdan sonra ərizəmi yazmışdım, o da alıb cırmışdı.

 

Qırmızıladıqları nələr olardı? Deyirdi ki, informasiyada mənbəni göstərə bilmirsənsə, demək, informasiyanı ala bilməmisən. Bu da o deməkdir ki, özünün jurnalist olmadığını etiraf edirsən. Yazdığın informasiya fakta və tutarlı mənbəyə əsaslanmırsa, o informasiya deyil, sən də jurnalist.  

 

Deyirdi, jurnalist dördüncü hakimiyyətdir, elə jurnalist olmalısan ki, kimsənin yanında gözükölgəliliyin olmasın, fiziki mənada yox, mənəvi mənada təpiklə istənilən qapını açacaq iqtidarın olmalıdır. Bunu da yalnız obyektivliyin, qərəzsizliyin və əlindəki faktla qazana bilərsən. Bir dəfə səni susdura bildilərsə, bir ömür boyu zərərsizsən - yəni jurnalist kimi yararsızsan artıq.

 

Əgər müsahib sənə müsahibə verməkdən, yaxud informasiya verməkdən imtina edirsə, get özünə başqa peşə tap, sən jurnalist deyilsən. “Adını bildirməyən mənbənin dediyinə görə” yazmağın sənin jurnalist olmadığına dəlalət edir.

 

Bunları “7 Gün” qəzetinin yubileyi münasibəti ilə yazmıram, sadəcə düşünürəm ki, bugünkü doğma mətbuatımızın tapdayıb üstündən keçdiyi dəyərlərə qayıtmağın vaxtıdır, peşəkarlıq və nüfuz naminə.

 

Emin müəllim bir də oxucuya bu mövzuda niyə yazdığını da bildir. Məsələn, süpürgədən yazırsansa onu əsaslandır ki, niyə süpürgə bu şərəfə nail olub. Bəli, deyirdi jurnalist üçün süpürgənin özü mövzudur. Həm də elə bir mövzudur ki, yazmaqla süpürgəni güldana qədər gətirib çıxarda bilər. Belə...

 

Mənim bu köşəmə də səbəbkar hörmətli Rəşad Məcid oldu. Bu barədə təsadüfi söhbətimizdən sonra təklif etdi ki, bunları köşə şəklində yazım...

 

# 9223
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar