675
11:02
20 Aprel 2020

Koronavirusun faydaları - ALİM MÜŞAHİDƏLƏRİ

Dünyada tüğyan edən COVID-19 pandemiyası nəticəsində respublikada elan edilmiş karantin dövründə AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev hazırda qaldığı ərazidə təsərrüfatlardakı mövcud hallara dair müşahidələr aparıb, eləcə də respublikadakı bəzi ekoloji problemlər barədə fikirlərini bildirib.

Lent.az xəbər verir ki, tədqiqatçı hazırki vəziyyətdə mənfi-müsbət cəhətləri müqayisəli təhlil edib, müəyyən nəticələrə gəlib. Onun sözlərinə görə, karantin şəraiti ilə əlaqədar respublikada bəzi təsərrüfat sahələrində, xüsusilə sənayedə bir çox problemlərin yaranması ilə yanaşı, əksər istehsal sahələrinin dayandırılması ətraf mühitə ekoloji baxımdan müsbət təsir göstərib. Stasionar (fabrik, zavod və s.) və qeyri-stasionar (nəqliyyat vasitələri) mənbələrdən olan tullantıların kəskin azalması nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı hiss olunacaq dərəcədə azalıb.

Ənvər Əliyev bildirib ki, Azərbaycanda adi qaydada avtomobillərdən bir il ərzində 1 milyon 279 min tona qədər benzin istehlak olunurdu. İndiki halda isə şəhər, rayon avtomobillərinin hətta 50 faizindən istifadə olunmasa, atmosferə atılan tonlarla karbon və azot oksidləri, aldehidlər, hiss və s. zərərli maddələrin miqdarı yarıbayarı azalar: "Bundan əlavə, ölkədə ağır yük maşınları il ərzində 827 min ton dizel yanacağından istifadə edirdilər ki, bunlarda benzindən fərqli olaraq hiss və qurumun miqdarı daha artıqdır. Sərhədlərin müvəqqəti bağlanması nəticəsində xariclə işləyən və ağır yük daşıyan əksər maşınların fəaliyyətinin dayandırılması atmosferin təmizlənməsində müəyyən rol oynayır".

O, apardığı müşahidələrin nəticələrinə görə, havanın nisbətən təmizlənməsinin insan sağlamlığına müsbət təsir göstərdiyini, orqanizmdə immunitetin güclənməsinə səbəb olduğunu bildirib. Qeyd edib ki, məsələyə bu prizmadan yanaşmaq o qədər də düzgün deyil, çünki, iqtisadiyyatı nəqliyyat sistemi olmadan təsəvvür etmək qeyri-mümkündür.

Ölkədə karantin rejiminin tətbiqindən öncə, yaz tarla işləri zamanı Şirvan düzünün dağlıq şimal hissəsində - Göyçay, Ağsu və Kürdəmirin bəzi təsərrüfat sahələrində olmuş tədqiqatçı müvafiq işlərin gedişi ilə maraqlanıb. Alim bildirib ki, əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında problemlərin olmaması üçün işlər dayandırılmadan, Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq qoyulmuş tələblər çərçivəsində təşkil edilib, əməkçilər xüsusi geyimlərdə, maska və əlcəklərdə işlərini davam etdirirlər.

Ə.Əliyevin müşahidələrinə görə, adı çəkilən rayonların kənd təsərrüfat sahələrində heç bir geriləmə gözlənilmir və əhalinin ərzaq təminatında böyük problemlərin olmasını düşünməyə ciddi səbəb yoxdur.