4832
writer1

Sərdar Amin

Məqalə sayı : 14

13:04 16 Aprel 2020

Mətanətlərə “Mətiş” demək olar, İsgəndərliyə əsla!

Lalə qönçələrindən bəhsə girərdik; qızdır, oğlan? Buta kimi qönçələrin içindən al ləçəklər çıxanda, “qız” deyənlər sevinərdi, solğun, çəhrayı ləçəklər görünəndə, oğlan deyənlər.

Mətanət İsgəndərli mənim “oğlan lalə”lər rəngində olan yeniyetməlik illərimin eşqidir – həmin rəngdə, titrək, kövrək, yanğılı...

Mərcə girərəm ki, heç biriniz Mətanət İsgəndərli haqqında mənim qədər gözəl, təmiz xəyallar qurmamısınız. Bir biləsiz, şəkillərinə baxıb nə xəyallar hörmüşəm, mahnılarını dinləyə-dinləyə nə qızlar sevmişəm!

Elə ilk məhəbbətim də Mətanətin mahnıları üstündə “bəstələnib”.

Reinkarnasiya mövcuddursa, yəqin, əvvəlki həyatlarımdan birində Mətanət anam olub, bir sonrakında sevgilim. Yoxsa belə “ikisibirində”lik olmaz!

İzaholunmaz şeylər yaranırsa, yaşayırsa, bu proses bəşəriyyətin ömrünü uzadır. Mətanət də səsindəki yanğıyla bəşəriyyətin ömrünü uzadır. Çünki o yanğını da sözlə ifadə etmək olmur. Onun səsindən danışmaq istəyəndə yalnız bir əlimin barmaqlarını sürtə-sürtə xeyli uzaqlara baxa bilərəm, yaxşı susa bilərəm. Nə bilim, uzaqlardan onun səsini eşidəndə elə bil ordan iki qüdsi bülbül gəlib buramda oxuyur, düz buramda!

Bizə uşaqlıqdan səviyyəli musiqilər kimi təqdim olunan, əslində, yaşlı adamların nostalgiyasından başqa bir şey olmayan mahnıları tərifləmək qolaydı. İlin-günün bu vaxtı Mətanət İsgəndərliyə yüksək müstəvidə sənətkar demək adamdan cəsarət istəyir.

Amma musiqi plastında həvəskar olsam da, əminəm ki, “Taleyim mənim”“Sevdirə bilmədim özümü sənə”“Mənim adım eşq”“Gecələr” və s. sanballı nəğmələrdir.

Keçən dəfə nə olub?!

Dinləyə-dinləyə yazırdım. Yutub avtomatik müğənninin digər mahnılarını təklif edir. Arabir gözlənilməz hadisələrin pozduğu, illərin doldurduğu qəmzələrinə, kameradan yayındırdığı kədərli baxışlarına saplanıram, sonra yenə yazıram. Bir də gördüm ki, böyük bir musiqi kanalında Mətanət İsgəndərlinin soyadı “Ələsgərli” kimi yazılıb, özü də bir neçə mahnıda!

İlahi!

Mətanətin soyadını necə səhv yazmaq olar? Özü də “Ələsgərli”!

Oysa mənim üçün Mətanətin adı da başqa Mətanətlərin adından fərqlənir. Elə bilirəm, başqa bütün Mətanətlərə “Mətiş” demək olar, İsgəndərliyə əsla!

Bir dəfə də Yutubda “Mənim adım eşq”i “döngü”yə qoyub təkrar-təkrar dinləyir, yazırdım. Təcili nə oldusa, qulaqlığı çıxardım, noutbukun qarşısından durub harasa getdim, xeyli sonra qayıdıb yazını tamamladım. Birdən qulaqlıqdan gələn “arı səsi”ni duydum, proqramı açdım, gördüm, Mətanət qoyub getdiyimdən bu yana eləcə oxuyur, həmişəki kimi, yırğalana-yırğalana. Saatlarla eyni mahnını oxumuşdu. Qəti mübaliğə eləmirəm, anında alnıma soyuq tər gəldi... Xəcalət çəkdim. Tez üzr istəyib “x”-i vurdum ki, dincəlsin.

Bəzilərinə fərqli görünə bilər, amma mənim üçün "onun adı eşq"dir. Bəlkə də işarə verdiyim Mətanət İsgəndərlini görmək üçün mənim gözlərimlə baxmaq, o yanğını mənim köksümlə duymaq lazımdır. Bəlkə də hazırda mənə məxsus Mətanətdən danışıram, sizin Mətanətiniz başqadır.

Məsələ təkcə onun səsində də deyil. Xüsusən də son mahnılarını ifa edən zaman üzündə çox uzaq bir təbəssüm peyda olur; sanki bir bildiyi var, heç kəsin o şeydən xəbəri yoxdur! Sanki, desə də, heç kəs anlayan deyil. Elə bil, mahnılarıyla bizi aparmaq istədiyi yerlərin kədərini daşıyır gözlərində. Sirat körpüsüdü mənimçün o baxışlar - burayla Mətanətin dünyası arasında!

Hər dəfə bu eşqimdən söz açanda dostlar deyir ki, burda nə var, get, müsahibə al, söhbət elə, toxta.

Amma məni halıma düşənlər anlar. Qorxuram, müsahibə vaxtı ağzından elə bir söz çıxar, bu göp-gözəl sehr yox olar. Bu yaşdan sonra Mətanəti itirmək istəmirəm. Həm də - nə qədər pafoslu səslənsə də - artıq insanların da dağlar kimi uzaqdan vüqarlı göründüyünü başa düşmüşəm.