Bilə bilmədim, nədən narazısınız?
13 aprel 2020 11:49 (UTC +04:00)

Bilə bilmədim, nədən narazısınız?

Karantindəyik. İndi çoxumuz noutbukumuzu alıb qucağımıza, işimizi-gücümüzü elə ordan həll edirik. Vallah, belə baxanda nəyi pisdir ki? Əvvəla, bəzi işçilərin “tıxacdayam, yarım saat gecikəcəyəm”, “qəza var, yolu bağlayıblar” kimi bəhanələri kəsilib. İş vaxtı çatda onlayn olmayanlar hələ maraqlı bəhanələr uydura bilməyiblər, amma bunu da səbirsizliklə gözləyirəm, bizim uşaqlar çox kreativdilər, mütləq nəsə tapacaqlar.

Niyə narazısınız, ayağınızı uzadıb işləyin də... İşdə olanda giley-güzarınız kəsilmirdi. Day müdir söhbətin şirin yerində “səs var, yazı oxuyuram axı” deyib qeybətini yarımçıq kəsə bilmir. Ürəyin partlaya-partlaya qalırdı ki, görüm söhbət nə təhər qurtarır? Aç çatını, ürəyin boşalana kimi danış. Gördün yazmaqdan barmağın yorulur, səs göndər. Allah köməkləri olmuşlar bu çat-mat işlərində xeyli irəli gediblər, hələ ərinmirsənsə, dur saçını-başını düzəlt, videogörüntü ilə danış. Arada evə aldığın təzə mebeli, qab-qacağı, yediyin yeməkləri də fürsət tap göstər, özünü də elə apar ki, guya bilmədən oldu.

 Yoxsa işdə... Sizinkiləri bilmirəm, özümüzdən danışacağam.

 Məsələn, hər gün mütləq 5-10 dəfə Lent.az-ın as yazarı Səbuhi Məmmədliyə əsəbiləşirdik: “Səbuhi, səni and veririk nəyə inanırsan ona, girib-çıxanda o qapını ört!” O da gülüb deyir ki, qoy bu müsabiqəni də udum, sizə kabab alacam. Adamın üstündə Allah var, alır da. Bir də görürsən zəng gəlir: “Səbiş, say görüm işdə nə qədər adam var, hansı kabablardan istəyirsiniz, yanında içməyə nə alım?”

 Amma ona da elə maqazin yazarımız Yalçın Uğur qənim olsun. Deməli, Səbuhi gedir dünyanın müharibə gedən ən təhlükəli bölgələrindən nə zülmlə reportaj hazırlayıb gətirir, Azərbaycanın ən ucqar, maşın belə çıxa bilməyən kəndlərini gəzib yazı hazırlayır, verir sayta. Sonra da yazının oxunma sayı artdıqca uşaq kimi sevinir və statistikanı azarkeşliklə izləyir. O tərəfdən də otaqdan bayıra çıxmayan Yalçın tez sayta bir xəbər qoyur - “Afaq Aslandan yarıçılpaq FOTOSESSİYA” və ya “Filan aparıcı ərə getdi, GÖRÜN KİMƏ?” Bütün yazıların oxunma sayı qalır kölgədə. Uzağı 15 dəqiqə sonra TOP 10-da 1-ci yerə gəlir. Yalçın Səbuhini izləyib bığaltı gülməyə başlayır. Səbuhi də gəmisi dənizdə batan adam kimi deyinir: “İşə keçmişik də, indi nə yazasan ki, gəlib bu rekordu keçəsən”.

 Hələ sosial şöbəmizin müxbirlərindən danışım. Bir Hicranə Əlişqızımız var, onun qədər işgüzar, enerjili, narahat müxbir görə bilməzsiniz. Özünü də, bizi də tükədənə kimi xəbər yazır. Xəbəri adminə çatmamış, özü böyrümüzdə hazırdır: “Tez baxaq da gecikərik... Yox e, dayanın, gedim lap yaxşı şəkil qoyum”. Gedə-gedə də tapşırıqlarını bitirmir: “Mən şəkli dəyişənə kimi siz onu oxuyun, hazır olsun”. Bax beləcə, bütün günü heyimizi kəsir.

 Redaktorlarımızdan Azər Hüseynbala da onun heyfini hadisə müxbirimiz Mehman Nəbiyevdən alır: “Min dəfə sənə demişəm ki, xırda-xuruş kriminallarla saytı doldurma, 100 manat oğurlayıb da dünya dağılıb?!” Kaş ki, Azərin balaca-balaca hadisələrə necə ürəkdən hirsləndiyinin şahidi olasınız. Bunu yazmaqla anlatmaq mümkün deyil: “Jurnalistikanı it gününə salmayın, bəsdirin, gələcəkdə oxuyub bizi söyəcəklər. Adam kimi iş görün”.

 Çox mədəni oğlan olan bu Mehman da heç vaxt dillənməz. Ümumiyyətlə, dillənəndə də o qədər sakit danışır, nə dediyini anlamırsan. “Sənə demişəm ki, işə gələndə özünlə mütləq tərcüməçi də gətir” deyib aranı yumşaltmağa çalışıram. Amma sözün düzü, Azərbaycan mediasında neçə-neçə sayt onun yazdığı xəbərlərlə işlərini yola verirlər. Yarı oğurluq, yarı istinadla Mehmanın xəbərləri əllərindən tutur.

 İndi bir şey yaxşıdır ki, Mehmanla yazışırıq. Yaxşı ki, çatda yazıların tonu yoxdur, hamısı eyni qayda da gəlib çatır. Sonra da karantində işləməyi bəyənmirsiniz.

 O biri sosial yazarımız Aygün İbrahimli bütün cümlələrinə “yox” deyərək başlayır. Bilmirsən etiraz edir, yoxsa vərdiş edib... Hər nə isə, çata keçəndən cümlələr də normala düşüb. Bu xanım ölkənin bütün alimlərini tanıyır, kimin nə ixtirası varsa, ən birinci Aygün bilməlidir, orasını necə edir, hələ də anlamış deyiləm. Amma bütün günü işə Xırdalandan gəlib-getməyin zülmlərindən danışırdı. Yəqin daha rahatdır, indi Xırdalandan Bakıya “viza” ilə gedib-gəlmək olur ancaq.

Redaktorlarımızdan digəri Rəşad Sarıyevi bir yazı ilə heç cür anlada bilmərəm. Barəsində qalın-qalın kitablar yazılası adamdır. Nə təhər olursa, hamı onu yanlış “anlayır”. Ona görə işdəkilər öyrəşib, bir ciddi söhbət olanda iki dəfə təsdiqlədirik. Di gəl, zalım oğlu dünyadan elə xəbərlər tapıb yazır ki... TOP 10-da Yalçınla əməlli-başlı yarışa girirlər. Karantində də bizi ən çox yoran odur. Dəqiqədə bir vatsapdakı qrupumuza mesaj göndərir: “Oxunma sayına baxın ey siz”. Yazısının oxunuş sayı 1000-1000 artdıqca telefon bir dəfə “dınq” edir. Evdə uşaqlar “ana, sənə mesaj gəldi” deyəndə “yəqin Rəşadın xəbəri yenə TOP 10-da pillə atladı” deyirəm.

 Səs tellərim əməlli başlı dincəlib. Gündə dəfələrlə “Ay Vətən” deyə qışqırmalı olurdum. Patriotluğumdan deyil, Vətən bizim videoqrafımızdır. Heç vaxt da eşitmir, yanındakılar dümsükləyir ki, səni çağırırlar. “Qulağımda “nauşnik” varıydı” deyib vəziyyətdən çıxır. Məncə, redaksiyanın yarısını sel gəlib aparsa da xəbəri olmayacaq. Onun öz dünyası var. İndi çatda bu bəhanəsi qalmayıb. Bircə problemi var, çatları səhv salır. Bir də görürsən qrupa Vətəndən dəxilsiz bir şey gəldi. Hamı tez əl-ayağa düşür, tez özünə xəbər veririk ki, məsələ çox romantikləşməsin.

Amma oxucularımızı ən çox heyran edənlərdən biri də elə odur. “Vətən, bizə şəhərdən 3-4 dəqiqəlik görüntü lazımdır” deyib çəkilişə göndəririk. İş hazır olanda baxırıq ki, bu insafsız elə bir şərhsiz qısa film çəkib ki, adamın bu tərəfindən sancılıb, o yanından çıxır. Bu da belə... 

 Karantin günlərinin ən böyük qazancı isə bizim əsas manşet yazılarımızın müəllifi, məşhur yazarımız Ramilə Qurbanlınındır deyə fikirləşirəm. Ən çox da ona görə ki, indi evdə pəncərəni nə vaxt istəsə aça bilir. Yoxsa işdə olanda...

 Gündə ən azı 10-15 dəfə Ramilə:

 -         O pəncərəni açın da boğulduq axı.

 Bəndəniz:

 -         "Skvoznyak" məni apardı, Ramilə, qıracaqsan bizi. 

İndi evdə hər dəfə pəncərəni açanda Ramilə düşür yadıma, deyirəm yaxşı ki, görmür. Bax evdə işləməyin belə üstünlükləri var.

 Hələ əlində tələsik yanğın xəbəri qoyursan, müxbir hadisə yerindən dayanmadan şəkillər atır, nəfəsin kəsilə-kəsilə rəqib saytlarla saniyə yarışına girdiyin yerdə, birdən təmizlik işlərinə baxan xanım gəlir ki, dur zibil qabının torbasını dəyişəcəyəm. Gözlərim vatsapdakı heyrətlənmiş “imoji”dəki kimi olur.

 Yadımdan çıxmamış, baş redaktorumuz Qabil Abbasoğlu da indi day çatda deyə bilmir ki, “ay uşaqlar, niyə xorla danışırsınız?” Vatsap qrupunda hamı birdən danışsa da çat onu növbə ilə göndərir. Di danışın ürəyiniz istədiyi qədər.

 Yenə bilə bilmədim, nədən narazısınız?..

 

# 7291
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar