364
02:13
01 Aprel 2020

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 750 mini keçdi

31 mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada 750 890 nəfər yeni növ koronavirusa yoluxub, 36 405 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

Açıqlanan statistikaya əsasən, son gün ərzində 57 mindən çox insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3301 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 423 946 yoluxma və 26 694 ölüm. Sutka ərzində burada yoluxanların sayı 31 131, ölənlərin sayı isə 2733 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 163 014 nəfər koronavirusa yoluxub, 2954 nəfər ölüb.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. Martın 30-na olan məlumata görə, burada 104 868 yoluxma, 3671 ölüm faktı qeydə alınıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 140 640 nəfər. Onun ardınca İtaliya (101 739), İspaniya (85 195), Çin (82 545) və Almaniya (61 913) gəlir.