3482
writer1

Sevinc Elsevər

Məqalə sayı : 9

18:46 29 Mart 2020

Babasının təsbehini spirtləyən nəvə

Dini Komitə pandemiya ilə əlaqədar spirtli maddələrdən təmizlik üçün istifadənin caiz olduğunu açıqladı.

Bir xəbərdən


Dostum danışır, deyir, on beş yaşlı qız nəvəsi çayxanadan qayıdan babasının təsbehini spirtləməyə başlayıb. Baba nəvəsini az qala öldürəcəkmiş. Əlindən güclə qurtarıblar.


Evdəkilər də nə qədər eləyiblər babaya başa sala bilməyiblər ki, bu təsbeh əlli yerə dəyir, yaxud əlin əlli yerə dəyir, sonra bu təsbehə. Üstəlik bu təsbeh əlindən düşmür. Virus toxunubsa, hamımız sənin bu təsbehinin ucbatından yoluxacağıq. Baba başa düşmək istəməyib. Elə çığırıb ki, spirt haramdır.


Nə yaxşı, babanın evdən çölə çıxmasına qadağa qoyulub, evdəkilər də rahatlayıb, təsbeh də qorxulu deyil artıq.


“Üstümdəki yorğunluğu atıram” deyib işdən sonra hər gün yüz, iki yüz qram araq içən, həyat yoldaşı Allahın hər günü deyinən bir qohumum var. O gün deyir, virus söhbəti çıxandan arvadın əlindən canım qurtarıb. Arvad özü öz əliylə arağı gətirib stolun üstünə qoyur. Deyir, a kişi, çöldən gəlmisən, yüz vur, boğazını dezinfeksiya elə.


Bir ara apteklərdə spirt tapılmadı. Marketlərin rəflərində 96 faiz spirt qalmamışdı. Yarıbayarı su qatıb içə də bilərsən bu spirtdən, qatqısız dezinfeksiya məqsədi ilə istifadə də edə bilərsən. Qadınların marketdən araq alıb çıxmaları, torbalarının dibində evə araq aparmaları görünməmiş şey idi.


Koronavirus bir çox dəyərləri dəyişir. Nənələrim, babalarım sağ olsaydı, karonavirusu dəqiq şeytan əməli adlandırardılar. Spirtli içkiləri də şeytanın dostu bilirdilər çünki.


Təsəvvür eləyin, mövcud durumda bəzi kişilərin əllərinə girəvə düşmüşkən, bəzi insanlar da daxili narahatlıq içində, məcburiyyət qarşısında spirtlənirlər.


Daha nə qalmayıb spirtləmədiyimiz? Dini məkanları, ocaqları belə spirtlə dezinfeksiya edirik. Çöldən alıb evə gətirdiyimiz hər şeyi, çörəyin sellofanlarını belə spirtləyirik. Az qalırıq çörəyi arağa batırıb yeyək ki, virusdan qoruna bilək.


Spirt su yerinə axır bir sözlə.


Yaşamaq bir ibadətdir indi, spirtlə dəstəmaz alırıq sanki.