Bizim İlqar müəllim!
26 mart 2020 14:09 (UTC +04:00)

Bizim İlqar müəllim!

İlqar Əlfioğlunu  televiziya ekranından tanıyanda məktəbli idim. İlqar müəllim Azərbaycan televiziyasında o vaxta görə hadisəyə çevrilən “Dalğa” verilişinin aparıcısı idi. Daha doğrusu, bu aparıcı əvvəl gördüyümüz aparıcılardan deyildi. Mətni əlinə götürüb başını aşağı salıb üzünə oxumurdu, əksinə, heç nə oxumadan birnəfəsə müəyyən mətləblərdən sinədəftər söz açırdı. Biz də ekran qarşısında məmnuniyyətlə dinləyirdik, baxırdıq ona. Əslində o, tamaşaçını ekran qarşısında oturda, özünə aludə edə bilirdi. Bilmirəm nə vaxtsa öyrəndim ki, İlqar müəllimin soyadı Qasımovdur. Sevə-sevə əsərlərini oxuduğumuz yazıçı  Əlfi Qasımovun oğludur.

İllər keçdi, bir gün APA televiziyasında bir vaxtlar həsədlə baxdığım dinlədiyim jurnalistlə çiyin-çiyinə işlədim. Böyük məmnuniyyətlə onun təcrübəsindən yararlandım. Bir vaxtlar ondan efirdən öyrəndiklərimi indi özündən canlı-canlı öyrənməyə başladım. Söhbətlərindən doymaq olmur. Həm də təkcə, televiziya, jurnalistika sahəsində yox, həyatın bütün sahələrindən.  Kamera qarşısında oturmaqdan, maşının sükanından tutmağa qədər. Qarşına çıxan çətinliklərə məhəl qoymadan, fil boyda maneələri qarışqa kimi görəcək qədər irəliləməyi öyrəndim Əlfioğlundan.  Öyrədən adamdır, yol göstərəndir, sadədir, mehribandır. El dilində bir gözəl ifadə var – böyüklə böyük, kiçiklə kiçikdir İlqar müəllim. Başını çiyninə qoyub rahatlıqla ağlaya da bilərsən, əlini əlinə çırpıb ürəkdən gülə də. Heç bir halda o, sənə uzaq olmayacaq, yaxının, doğman, çoxdan tanıdığın adamdır İlqar Əlfioğlu.  Ondan həqiqət eşidəcəksən, doğrunu, düzü öyrənəcəksən. Diri ilanı boynuna sal, əqidəsindən dönməz. Amma sənin də xətrinə dəyməyəcək. O qədər həyat təcrübəsi var ki, “pisi pis, əyrini əyri, düzü həmvar”  qəbul edir.

Bu gün İlqar Əlfioğlunun 65 yaşı tamam olur. Təəssüf ki, belə gərgin günlərə təsadüf etdi. Neynəyəcəksiniz, İlqar müəllim, 65 oldu, bayıra çıxmaq qadağanız da var?- soruşdum. Dedi, heç nə, necə, hansı yolla irəliləyirdimsə, elə də gedəcəm. Zarafatla saçıma boya qoyub çıxacam, cavan oğlanam, heç kim 65 olduğunun fərqinə varmayacaq-əlavə etdi.

İlqar müəllimə APA GROUP adından can sağlığı və  yaradıcılıq uğurları  arzulayırıq.

# 783
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar