Çərşənbələri niyə səhv salırıq?
18 fevral 2020 15:00 (UTC +04:00)

Çərşənbələri niyə səhv salırıq?

        Son illər söhbət çərşənbələrdən düşəndə, demək olar ki, hamımız dərsini yaxşı bilməyən şagird kimi çaşırıq. Biri su çərşənbəsi deyəndə, o birimiz torpaq çərşənbəsi deyirik. İş o yerə çatıb ki, bu çaşqınlıq televiziya kanallarımıza da sirayət edib. Hətta alimlərimiz də çaşırlar. Məsələn, Azad Nəbiyev «İlaxır Çərşənbələr» kitabçasında çərşənbələri su, istilik, yel və torpaq adlandırır. Kamil Vəli Nərimanoğlu «Nevruz geleneği ve Azerbaycan» məqaləsində çərşənbələri od, su, hava, torpaq deyə sıralayır. Gözəl alimimiz Ə.Cəfərzadə isə çərşənbələri su, od, torpaq və yel kimi sıralayır.
        Gördüyümüz kimi, alimlərimizin özləri belə çərşənbələrin adlarında yekdil fikrə gələ bilmirlər. O zaman sadə xalqı çaşdırmağın lüzumu varmı? Niyə xalqa çərşənbələri dədə-baba qaydası ilə adlandırmağa imkan vermir, hər alim öz fərziyyəsini irəli sürür, kitablar, məqalələr yazır, oxucuları yanlış yönləndirirlər.
        Maraqlıdır ki, çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsini ortaya atan alimlər «ab-atəş, xak-bad» fikrinə dayanaraq, insanın bu dörd ünsürdən yaranmasına əsaslanaraq çərşənbələri də su, od, torpaq və yel deyə dörd yerə bölürlər. Lakin, yuxarıda da gördüyümüz kimi, bu dörd ünsürün sıralanmasında da alimlərimiz fərqli fikir nümayiş etdirirlər. Onu da qeyd edək ki, Türkün mifik təfəkküründə insanın var oluşunda dörd ünsür deyil, beş ünsür böyük rol oynayır. Bunların beşincisi dəmirdig
        Biz, çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsi ortaya atılandan bəri bu fikrə qarşı çıxmış, yeri gəldikcə, kütləvi informasiya vasitələrində bu məsələyə toxunmuşuq. Xalqımız nahaq yerə demir ki, «yalan ayaq tutar, yeriməz». Çərşənbələrə bu adların verilməsi də iyirmi ildir ki, ayaq tutub, amma yeriyə bilmir...
        Təbii ki, bir fikri inkar edəndə, gərək öz mövqeyini ortaya qoyasan və onu da əsaslandırasan. Bu baxımdan biz də xalqa zorla yeridilən yanlışı niyə yanlış hesab etdiyimizi izah edəcəyik.
        Birincisi, sözügedən ünsürlərin hər biri insanın yaranmasında mühüm rola malikdir. Lakin çərşənbələrin hamısını xalq eyni səviyyədə keçirmir, yəni hamısına eyni münasibət göstərmir. Məsələn, əgər Yalançı çərşənbə qeyd olunmursa, Xəbərçi çərşənbəyə sevinilirsə, Ölü çərşənbəsində kədər hökm sürürsə, İlin-ayın Axır çərşənbəsi böyük ruh yüksəkliyilə, şadyanalıqla, xüsusi hazırlıqlarla qeyd olunur. Yəni Axır çərşənbə digərlərindən tamamilə seçilir, Yalançı çərşənbə isə, qeyd etdiyimiz kimi, ümumiyyətlə qeyd olunmur. Bu o demək deyil ki, insanın yaranışında suyun rolu o qədər əhəmiyyətsizdir ki, onu qeyd etməmək də olar və yaxud Yelin (bəzən buna alimlər Külək çərşənbəsi də deyirlər. Bizcə burada söhbət havadan gedir) yeri o qədər önəmlidir ki, onu daha böyük şadyanalıqla keçirmək lazımdı.
        Ən doğrusunu isə xalq deyir: 1) Yalançı; 2) Xəbərçi (cıdırçı, müjdəçi); 3) Ölü çərşənbəsi (Qara çərşənbə və ya Ölülər Bayramı; 4) İlin-ayın Axır çərşənbəsi. Bəzi illərdə Novruz günü İlin-ayın Axır çərşənbəsi ilə üst-üstə, bəzən də fərqli günlərə düşür.
        İlk çərşənbə xalq arasında Yalançı çərşənbə adlanır. Bu çərşənbədə ocaq, tonqal qalanmır, dəbdəbəli bol süfrə açılmır. Hərə öz işindədir: həyət-baca təmizlənir, mal-qaranın altı kürünür, Kiçik Çillənin törətdiyi fəsadlar aradan qaldırılır. İlin-ayın Axır gününə hazırlıqlar daha da sürətlənir.
        El arasında ikinci çərşənbəyə Xəbərçi, Cıdırçı və ya Müjdəçi çərşənbə də deyilir. Bu çərşənbə xalqın həsrətlə gözlədiyi, böyük coşqu ilə hazırlaşdığı İlaxır, İlin-ayın Axır çərşənbəsinin, Yeni Günün yaxınlaşdığından xəbər verir. Bu xəbəri hamı sevinclə qarşılayır. Məxsusi süfrə açılmasa da, masada qarın dolusu yemək olur. Uşaqlar əylənir, tonqal qalayır, lopalar atır, xəbərçi gələn İlaxır çərşənbənin yolunu işıqlandırır, şər qüvvələri qovur, həyət-bacanı odla paklayırlar. Bu işdə yaşlılar onlara yardımçı olurlar. Camaat Günəşin istiliyini canında daha yaxşı hiss etmək üçün vaxt tapıb çəmənliklərə çıxır. Axşam işdən-gücdən bir az vaxt tapan kimi qızlar vəsfi-hala – fala başlayırlar. Demək olar ki, Türk xalqlarının hamısında falaçmanın bu növü geniş yayılmışdı. Ona «Muncuq oyunu», «Baxt açmaq», «Niyyət çəkmək», «Bahtiyar», «Üzük çəkmək», «Martufal atmaq» və bu kimi adlar verilir, çeşidli mahnılar, bayatılar oxunur. Falaçmanın müxtəlif növləri Axır çərşənbədə də izlənilir.
        Üçüncü çərşənbəyə qədər qar əməlli-başlı əriyir, məzarlıqlara gedən yollar açılmağa başlayır. Uzun qış aylarında dünyasını dəyişmiş yaxınlarının qəbirlərini ziyarət edə bilməyən xalq Qəbir üstünə gedir, özlərilə süpürgə, kürək, su, əski, yeyəcəklər, şirniyyat aparır, qəbirləri palçıqdan, çör-çöpdən təmizləyir, yuyur, silir, üzərinə yiyəcəklər, gül-çiçək qoyur, dualar oxuyur. Son illərdə bu mərasimdə mollalar da iştirak edirlər. Geri döndükdən sonra hamı paklanır, axşamçağı ölülərin adına qazan asır, şamlar yandırırlar ki, (axı əvvəllər elektrik işığı yox idi) ruhları işığın vasitəsilə gəlib evi rahat tapsın, adına bişirilənlərdən payını alsın və rahatlıqla geri dönsün. Ruhun yolunu azıb geri dönə bilməməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılır. Bu gecə elə beləcə, yad etmə ilə, xatirələrlə başa çatır. Adətən, mərhumun adını çəkmirlər, onu «rəhmətlik», «baxtsız, yığvalsız», «yeri cənnətlik olmuş», «cavan ölmüş» və bu kimi sözlərlə anırlar.
        Və, nəhayət, İlin-ayın Axır çərşənbəsig Bu çərşənbəni isə hər il olduğu kimi, xalqımız böyük ruh yüksəkliyi ilə keçirirg
Məlumdur ki, uzun illər Sovetlər Birliyi içərisində yaşamış digər xalqlar kimi bizi də bacardıqları qədər köklərimizdən uzaqlaşdırıblar. Gizli-gizli, uzaq kənd yerlərində nisbətən aşkar qoruyub saxlaya bildiklərimiz, unutduqlarımız, qarışdırdıqlarımız da az olmayıb. Bu gün onların bərpası böyük əmək tələb edir. Unudulmuş mərasimlərin, onlarla bağlı inam və ayinlərimizin bərpasının yeganə yolu digər Türk xalqlarının maddi və mənəvi mədəniyyəti və ya ateizmin qırmancından uzaqda qalan soydaşlarımızın, o cümlədən də Türkiyə ərazisində yaşayan Azərbaycan Türklərinin adət-ənənələri ilə müqayisəli təhlilində, araşdırılmasındadı. Bu baxımdan çərşənbələrin dörd ünsürlə adlandırılmasına rəvac verən su, od, torpaq və yellə bağlı inamların vaxtilə Osmanlı sərhədləri içərisində, indi isə Türkiyə Respublikasında yaşayan, adət-ənənə, mərasim və inamlarını bizlərə nisbətən daha yaxşı qoruyub saxlayan, fars təsirindən uzaq olan Qarsdakı Azərbaycan Türklərinin yaddaşına müraciət edək. Burada fevral ayının 20-dən, yəni Kiçik Çillə çıxanda cəmrə, yəni od, atəş, isti, Günəş havaya baxır. İnsanlar Kiçik Çillənin qarından, çovğunundan, şaxta-sazağından qurtulmağa başlayır. Havada şaxta olsa da, yavaş-yavaş isinməyə doğru gedir. İnsanlarda ümid yaranır. Təbiət canlanır. Fevralın 27-də cəmrə, yəni Günəş suya baxır, buzlar əriyir, su isinir, çayların suyu bol olur, ağaclara can verir. Martın 6-da cəmrə torpağa düşür. Torpağın səthindən buğ qalxır, donu açılır, payızdan qalan toxumlar canlanır. Ancaq maraqlıdır ki, burada bir ünsür digərlərinin canlanmasına səbəb olur, yəni nə havanın, nə suyun, nə də ki, torpağın canlanması od, atəş, isti, Günəş olmadan mümkün deyil. Doğrudan da, məsələyə məntiqlə yanaşılsa, od, istilik olmasa, su necə canlana bilər? Necə buzu əriyər, donu açılar? Deməli birinci çərşənbəyə su çərşənbəsi deyilməsi tamamilə yanlışdı. Buradan həm də aydın olur ki, odu ayıraraq ayrıca od çərşənbəsi demək və çərşənbələrə dörd ünsürün adını vermək yanlışdı.
        Deməli, məntiqlə sırada birinci və ən vacib yeri od, atəş, istilik, daha doğrusu Günəş tutur. Məhz onun sayəsində 1) hava isinir; 2) suyun buzu əriyir; 3) torpaq cana gəlir.
        Belə olduğu halda klassik aşıq şeirində də özünə yer alan «ab-atəş, xak-bad» nədir? Dədələrimiz bunu ona görə deməyiblər ki, kimlərinsə öz fantaziyalarından çıxış edərək insanın yaranışında danılmaz rolu olan bu dörd ünsürün (biz bura dəmiri də əlavə edirik) adlarını çərşənbələrə versinlər. Əgər təbiətin canlanmasındakı sıralanmanı «su, od, torpaq, yel (hava)» kimi qəbul etsək, ən azından bilici babalarımızın, nənələrimizin ruhuna hörmətsizlik etmiş olarıq. Şair dədələrimiz bu sıralamanı qafiyə xatirinə, şeiriyyat xatirinə bu cür düzmüşlər. Biz əgər insan oğlunun yaranışında rolu olan ünsürlərdən danışarkən onların yerini dəyişsək, yəni «torpaq, su, hava, od» desək, heç bir xətaya yol vermərik. Ancaq təbiətdə baş verən dəyişikliklərdəki, canlanmadakı sıralamanı pozsaq, bu ciddi səhv olar. Çərşənbələrin el arasındakı adlarındakı sıralamanı da bəzi tədqiqatçılarımız yanlış verirlər.
        Qarşımızda maraqlı mənzərə canlanır: Kiçik Çillə çıxandan sonra artıq xalq qarlı qışdan çıxıb. Azuqə bitib, mal-qara acdı. Əhali əlində, ovcunda olanı da Xıdır Nəbi bayramında süfrəyə düzdü, çillə çıxartdı. Yaz tarla işləri başlayır. Bağ-bağat səliqə-səhman tələb edir. Belə bir vaxtda hər çərşənbə bayram süfrəsi açmağa, əylənməyə nə vaxt, nə də maddi imkan var. Ancaq uşaqlardan olsa, hər çərşənbə bayram edərlər. Bu gün xalqın bir hissəsinin əylənməyə, çalıb oxumağa meylini nəzərə alsaq, əlbəttə ki, çərşənbələrin hamısı qeyd olunacaq... Bir də ki, şəhər əhalisi qış aylarında idarə, fabrik və zavodlarda, tədris ocaqlarında, Akademiyanın elmi-tədqiqat institutlarında, tikintidə necə çalışmışdısa, eləcə də işinə davam edir. Yəni əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, təbiətdən, havadan asılı olan digər sahələrlə məşğul olan əhali üçün yazın gəlişinin özəl anlamı var. Bakıdakı iqlim şərtləri ilə kənd təsərrüfatı ilə məşğul olan rayonlarımızdakı iqlim şəraiti eyni deyil. Bir də görürsən ki, şəhərin içində ağaclar çiçəkləyib, lakin dənizkənarı kəndlərdə hələ tumurcuqlar heç çatlamayıb da. Ona görə də, mövsüm mərasimlərimiz əsasən kənd rayonlarımıza ünvanlanıb.
        Habib İdrisi «Eski İran ve Azerbaycan eyaletinde Nevruz» məqaləsində cəmi üç çərşənbədən danışır: 1) Qara çərşənbə; 2) Külə çərşənbə; 3) Axır çərşənbə. Şehran Rehnimun Güney Azərbaycanda beş çərşənbənin olduğunu yazır: 1) Yalan Bohorlu; 2) Çilə qaçdı; 3) Çəkər; 4) Su Çarşanba; 5) Axır çarşanba. Bununla belə o, ilin son çərşənbəsini «Ölülər Bayramı» adlandıraraq altıncı çərşənbə haqqında danışır. Müəllif dördüncü çərşənbəyə «Su çarşanba» desə də, məhz Axır çərşənbədə Maki yörəsində sabah o başda bir qız və bir oğlan heç nə danışmadan axşamdan yanan tonqalın külünü yaxındakı çaya, arxa, bulağa aparır, suya atır, əllərindəki tası su ilə dolduraraq evə dönürlər. Sonra isə həmin suda iynə ilə fala baxır, evlənib evlənməyəcəklərini müəyyənləşdirirlər. Axır çərşənbədə həm də səhər tezdən hamı axar suya gedir,  üzərindən atılaraq «Ağırlığım, uğurluğum düşsün su üstünə» deyirlər. Bu mərasim «Su üstü (Nö üstü)» adlanır. Maraqlıdır ki, Şehram Rehnimun çərşənbələrə ayrı-ayrı ad verərək altı yerə ayırsa da, həm Ölülər Bayramını, həm çərşənbə bazarını, həm od üzərindən atılmanı, həm su üstündən atılmanı, falabaxmanın bütün növlərini (qapı pusma, kilit salma, iynə ilə suda falabaxma və s.) məhz Axır çərşənbəyə aid edir, digər çərşənbələrdəki ayin və mərasimlər haqqında heç nə demir.
        Gördüyümüz kimi, farsın bilavasitə təsirinin güclü olduğu ərazidə belə «ab-atəş, xak-bad» ünsürlərinin adını çərşənbələrə aid etmir, sıralanmada onu nəzərə almırlar.
        Məlumdur ki, hər bölgənin, hər elin öz adəti var. Bu adətlərin yaranmasına coğrafi yerləşim yeri, təbii iqlim şəraiti də təsir göstərir. Adətən, Xəbərçi çərşənbədə insanlar çöllərə çıxırlar. Yaxınlığında dağ, təpə olanlar oraya çıxır, çöllük, çəmənlik, düzəngah olanlar geniş şənliklər təşkil edir, Günəşi salamlayır, özlərilə gətirdikləri yeyəcəkləri paylaşır, sümüklərini qızdırırlar. Axır çərşənbədə kimin yaxınlığında çay var, çaya, kimdə arx var, arxa, kimin yanında bulaq var, bulağa gedir, adətlərə, mərasimlərə dillərinə, ləhcələrinə, şivələrinə uyğun adlar verirlər.
        Əlbəttə ki, təbiətdə baş verən dəyişiklikləri, Günəşin öz şüalarını havaya, suya, torpağa yönəltdiyi günləri, çərşənbələri və digər mövsüm və təqvim mərasimlərinin vaxtını bütün xalq izləmirdi. El arasında bilici babalarımız, nənələrimiz vardı ki, onlar elin, obanın təsərrüfatının birbaşa asılı olduğu təbiətdəki dəyişiklikləri, əlamətləri oxuya bilir, ətrafdakıları vaxtlı-vaxtında olacaqlardan hali edirdilər, lap elə Dədə Qorqud kimi. Xalq da onlarla məsləhətləşir, dediklərinə əməl edirdi.
        Biz bir çox Türk xalqlarının, ayrı-ayrı bölgə və ölkələrdəki azərbaycanlıların Yeni gün, İl başı, İlin-ayın Axır gecəsig ilə bağlı adətlərini araşdırdıq (təbii ki, bütün materialı bir məqalədə vermək çətindir), bir daha onların rəngarəngliyinin şahidi olduq. İmkan daxilində, ümumiləşdirməyə çalışdıq və çoxluq çərşənbələrin aşağıdakı sıralanmasına imkan verdi:
1)Yalançı; 2) Xəbərçi (cıdırçı, müjdəçi); 3) Ölü çərşənbəsi (Qara çərşənbə və ya Ölülər Bayramı); 4) İlin-ayın Axır çərşənbəsi.
        Çərşənbələriniz xeyirli, gününüz ağ, ruzunuz bol olsun!

Güllü Yoloğlu, tarix elmləri doktoru

(uluturk.info)

 

 

# 3587
avatar

Oxşar yazılar