513
12:12
12 Fevral 2020

Ötən il ölkə əhalisinin sayı bu qədər artıb


Ötən il ölkə əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10067108 nəfərə çatıb.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən bildirilib.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşamışdır.

Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141179 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artmışdır. Körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olmuşdur.

Ötən il ölkədə 55916 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşmüşdür.