Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.
Lent.az-a verilən məlumata görə, Myenyana 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərilib.
2019-cu ilin dekabr ayından Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.
Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyindən, bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.
Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 252, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarəti altındadır.