4294
20:15
22 Yanvar 2020

Sərxoşlar üçün yol nişanı, Avropanın lüləkababı, kəndə hücum edən ayılar - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız adı "romanus" ("romalı") sözündən əmələ gələn, 2007-ci ildən Avropa Birliyinin üzvü olan Rumıniya barədədir.

  1. Rumıniya əhalisinin əksəriyyəti pravoslavdır. Ölkədə yaşayan katoliklər isə əsasən macarlardır.
  2. Paytaxtı Buxarest “Şərqin Parisi” adlandırılır. Çünki şəhərin mərkəzi hissəsini Fransada təhsil alan rumıniyalı memarlar inşa ediblər.
  3. Rumıniyada qaraçılar çoxluq təşkil edirlər. Ancaq buradakı qaraçılar mehribandırlar, turistləri soymurlar və milli geyimlərində gəzirlər. Bu cür davranışları polisdən qorxmaları ilə əlaqədardır.
  4. Ölkədə ilk ali təhsil müəssisəsi olan Müqəddəs Sava Akademiyası 1964-cü ildə yaradılıb.
  5. Buxarestdəki Parlament Sarayı Avropanın ən böyük parlament, dünyanın isə Pentaqondan (ABŞ) sonra ikinci böyük rəsmi binasıdır. Uzunluğu 270, hündürlüyü 86 metrdir. Tikintisi 1984-cü ildə başladılıb, 5 il sonra başa çatdırılıb.
  6. Rumıniyanın milli pul əskinası - ley xüsusi materialdan hazırlanır. Onu paltaryuyan maşında rahatlıqla yumaq mümkündür, heç nə olmayacaq.
  7. Tarixi bölgə olan Transilvaniya məhz Rumıniyada yerləşir. Bura Rumıniyanın ən sehrli, mistik və qorxulu hissəsidir. Transilvaniya Brem Stokerin “Drakula” romanı sayəsində vampir hekayələri ilə məşhurlaşıb.
  8. Rumıniyalı ixtiraçı və aerodinamikanın banisi Henri Koanda 1910-cu ildə dünyanın ilk reaktiv mühərrikli təyyarəsini hazırlayıb.
  9. Avropada atlara qoşulmuş tramvay ilk dəfə 1869-cu ildə, Rumıniyanın Timişoara şəhərində istifadəyə verilib. Bundan əlavə, Avropada elektriklə küçə işıqlandırılması da ilk dəfə Timişoarada olub.
  10. Rumıniya mətbəxində qoyun əti xüsusi yer tutur, demək olar ki, hər yeməkdə olur.
  11. İçkilərdən ən çox evdə hazırlanan üzüm şərabı və qəhvəni sevirlər.
  12. Avropanın ən dar küçəsi Rumıniyanın Braşov şəhərində yerləşir. Bu küçənin eni 100 santimetrdir.
  13. Mititei rumın mətbəxinin ənənəvi yeməyidir. Görünüşünə görə lülə-kababa bənzəyir. Onlar qarğıdalı sıyığı və qoyun pendirini də xoşlayırlar.
  14. Bəziləri sarımsağı qoxusuna görə menyudan çıxartsa da, rumınlar bu bitkini sevirlər. Onlar üçün məsələ bu qədər sadədir: sarımsaq nə qədər çox olarsa, o qədər yaxşıdır.
  15. Ölkədə ən populyar idman növü futboldur. Tarixi ərzində futbol üzrə Rumıniya yığması 7 dəfə dünya çempionatlarının final mərhələsində oynayıb. Ən məşhur oyunçuları isə “Real” və “Barselona”nın sabiq üzvü, 5 il “Qalatasaray”ın formasını geyinmiş Georgi Haci sayılır.
  16. Hesablamalara görə, ən çox sahibsiz it bu ölkədədir.
  17. Rumıniyada ayılar çoxdur. Onlar o qədərdir ki, hətta tez-tez kəndlərə hücum edirlər.
  18. Yeni il günü heyvanlarla danışmağa çalışan rumınlar bunu bacararlarsa, təzə ilin uğursuz olacağına inanırlar. Həmçinin çörəyi divara vurmaqla mənfi enerjidən azad olacaqlarını düşünürlər.
  19. Bu ölkədə sürücülərin çoxu intizamsızdır. Hətta yolun əks istiqamətinə hərəkət etməkdən çəkinmirlər, işıqforun qırmızı işığında dayanmırlar.
  20. Dünyanın ən unikal yol nişanı Rumıniyada, Peçitsa şəhərində yerləşir. Həmin nişanda əlində spirtli içki şüşəsi tutan adam əks olunub. Bu, yoldan sərxoş piyadaların keçməsi anlamını verir.