“Santexnik”dən milyonçuya çevrilən “Qəddar”: “O, mənim xilaskarımdır” - SİRLİ ULDUZLAR
17 yanvar 2020 14:10 (UTC +04:00)

“Santexnik”dən milyonçuya çevrilən “Qəddar”: “O, mənim xilaskarımdır” - SİRLİ ULDUZLAR

 

 1 il 3 aydan sonra səhnəyə qayıdır. Qayıdır ki, əvvəlki reputasiyasını bərpa etsin, hələ qocalmadığını sübuta yetirsin. Axırıncı döyüşündə təslim olmaq məcburiyyətində qalmışdı. Bundan bir müddət sonra karyerasını bitirdiyini açıqlasa da, çox keçmədi ki, fikrini dəyişdi. 2018-ci ildəki məğlubiyyətin revanşını almaq üçün alışıb-yanır. Yenidən "oktaqonun şahı" olmağa qərarlıdır. Lakin buna qədər qarşıdakı döyüşdən qalib ayrılmalı, "Kovboy"u sıradan çıxartmalıdır.

Milyonlarla heyranı, amma elə o qədər də ondan zəhləsi gedənlər var. Özünəməxsus döyüş tərzinə, güclü yumruq zərbələrinə malik olması hər kəsə bəllidir. Ancaq onu bütün dünyada məşhur edən təkcə bacarığı və qazandığı qələbələr deyil, həm də dəlisov xasiyyətidir. Onun öz üslubu var: hələ döyüşə qədər bütün vasitələrlə - ən ağır söyüşlərlə, təxribata çəkməklə rəqibi özündən çıxarır, ona psixoloji təzyiq edir, hissləri ilə oynayır, qalmaqal, ajiotaj yaradır. Döyüş müddətində, hətta ondan sonra da ənənəsinə sadiq qalan birindən bəhs edirik. Elə bu səbəbdən ona "The Notorious" ("Qəddar", "Bədnam") ləqəbi verilib. Söhbət qarışıq döyüş növləri (MMA) üzrə sabiq çempion, UFC tarixinin ən məşhur simalarından olan Konor Makqreqordan gedir...

“Futbol qadınlar üçündür, mən isə sağ qalmağı öyrənirdim”

Konor 1988-ci il, iyulun 14-də İrlandiyanın paytaxtı Dublinin ətrafında yerləşən Kramlin şəhərciyində anadan olub. Kasıb ailədə böyüyüb. “Santexnik” işləyən atası Toni külfətin dolanışığını çətinliklə təmin edirdi. Anası Marqaret isə evdar qadın idi. Ailədə 3 uşaq olublar: 2 qız, 1 oğlan. Makqreqor uşaqlıqdan idmana maraq göstərib. Əvvəlcə futbolla məşğul olub. “Mançester Yunayted”ə azarkeşlik edən Konor bir müddət “Luders Seltik” klubunun aşağı yaş qrupunda oynayıb.

Məktəbdə sinif yoldaşları arasında ən balacaboy və zəif olan Makqreqor bunun əziyyətini çəkirdi. Onunla məzələnir, tez-tez cırnadırdılar. Həmyaşıdları ilə davalarda həmişə döyülürdü. 12 yaşında futbola getməməyə, özünü müdafiə edə bilmək üçün boksla məşğul olmağa qərar verir. İllər sonra bu addımını belə izah edib: “Futbolun başını buraxdım. Çünki onun qadınlar üçün olduğunu anladım. Qərara aldım ki, döyüşəcəm”. Ancaq gələcəkdə dünya şöhrətli idmançı olacağı həmin vaxt ağlına belə gəlmirdi: “12 yaşımda çempionluq kəməri haqda düşünmürdüm. Sadəcə, küçələrdə sağ qalmağı öyrənirdim”.

Kanalizasiya qoxusu, palçıq içində əlləşmək...

Boksda qısa zamanda uğurlu olan Konor artıq məktəb davalarında döyən tərəf idi. Yumruğunu tez-tez işə saldığına görə valideynləri hər dəfə direktorun yanına çağırılırdı. Daha da inkişaf etmək üçün qarışıq döyüş növü ilə məşğul olmağa başlayır. Atası Konorun gələcəkdə peşəkar idmançı olmasına qarşı idi. Toni Makqreqor oğlunun onun yolu ilə gedib “santexnik” olmasını istəyirdi.

Təxminən il yarım atasının yanında “santexnik” işləyir. Ancaq kanalizasiya qoxusu, palçıq içində əlləşmək ona görə deyildi. Konoru ailədə ancaq anası başa düşürdü. Özü də müsahibələrində bunu həmişə qeyd edib: “Karyeramda, qazandığım uğurlarda anam böyük rol oynayıb. Ona çox borcluyam”. Makqreqor ümidsizliyə qapıldığı və idmandan getmək istədiyi vaxt anası Marqaret buna qarşı çıxıb və oğlunu zala qaytaracağına dair məşqçisinə söz verib. Konor özü döyüş üçün yarandığını çox yaxşı dərk edirdi. Elə həmin vaxt qarşısına məqsəd qoyur: 25 yaşına qədər milyonçu olacaq!

“O, həyatını idmana həsr edib”

2006-cı ildə - 18 yaşı olanda Konor ailəsi ilə birgə Dublinin ətrafında yerləşən digər şəhərciyə - Lukana köçür. Artıq qarışıq döyüş növü ilə məşğul olmağa qərar verən Makqreqor dostu Tom İqanla birlikdə MMA-nın keçmiş döyüşçüsü Con Kavananın məşqlərinə getməyə başlayır. Kavana ilk görüşdəcə Konorun gələcəkdə böyük uğurlar qazanacağına əmin olur: “Makqreqor zirvəyə qalxanadək uzun yol qət etdi. Yanıma gəldiyi ilk vaxtları xatırlayıram, hər gün zalda olurdu. O, həyatını idmana həsr edib. Konora başa saldım ki, böyük döyüşçülər uduzmaqdan qorxmurlar, məğlub olanda belə, ayağa qalxıb məşqə davam edirlər”.

Ofisiant qızla evlilik və 188 avro işsizlik müavinəti

2007-ci ili Konor heç vaxt unutmur. Həmin il əvvəlcə gecə klubunda Di Devlinlə qarşılaşır: ofisiant işləyən qıza ilk görüşdən aşiq olur. Çox keçmir ki, tanışlıq qarşılıqlı sevgiyə çevrilir və evlənirlər. Konor valideynlərindən ayrılaraq, Di ilə birgə kirayə tutduğu evə köçür. Fikrini tam olaraq idman karyerasına yönəltmək üçün “santexnik” fəaliyyətini dayandırır. Amma bu, onun maddi vəziyyətini daha da çətinləşdirir. Dövlətdən ayda 188 avro işsizlik müavinəti alan Konora həyat yoldaşı çox dəstək olur. Gecə klubunda ofisiantlığa davam edən Di ərinə olan inamını itirmir, onun peşəkar karyerasının uğurlu startı üçün əlindən gələni edir. “Di işləyir, evi yığışdırır, yemək bişirirdi. Evdə ərzaq seçimi az olsa da, qidalanmağıma xüsusi fikir verir, mənim üçün faydalı olan təamlar hazırlayırdı. Kalori normasını hesablamağı, döyüşçüyə hansı yeməklərin daha faydalı olduğunu internetdən araşdırırdı. Məni maşını ilə məşqə aparır, arzularımı həyata keçirməyə yardımçı olurdu. Bütün həyatını mənə həsr etmişdi”, - həmin günləri yada salır Konor.

“Mən heç kim olanda yanımdaydı”

Həyat yoldaşının ona görə bu qədər əziyyət çəkməsi Konoru məşqlərə daha ciddi və həvəslə yanaşmağa məcbur edirdi. Özünün də dediyi kimi, dünyaya özəl olduğunu sübut etmək istəyirdi: “Yaxın gələcəkdə çempion olacağıma inanırdım. Ağır məşqlərdən sonra Devlin deyirdi ki, Konor, bilirəm, sən bunu bacaracaqsan. Mən heç kim olanda Di yanımdaydı. O, mənim xilaskarımdır. Devlin olmasaydı, bu uğurları əldə etməzdim”.

MMA karyerasına start və UFC-yə keçid

Məhz 2007-ci ildə qarışıq döyüş növündə ilk sınağına çıxır. Yüngül çəkidə döyüşən Makqreqor “Ring of Truth 6” həvəskar turniri çərçivəsində Siaran Kembellə 5-ci dəqiqədə texniki nokautla qalib gəlir. Konorun peşəkar MMA karyerası isə 1 il sonra başlayır. 2008-ci ildə “Cage of Truth” turnirində Qari Morrisi, ardınca “Cage Rage” turnirində Mo Teyloru məğlubiyyətə uğradır. Konorun ilk döyüşləri arasında uduzduğu görüşlər də olur. 2008-ci ildə Litva idmançısı Artemiy Sitenkov, bir müddət sonra isə həmyerlisi Jozef Daffi onu üstələyir. Daffiyə məğlubiyyətdən sonra ardıcıl qələbələr qazanır: özü də uğurlu seriyaya yüngül və yarım-yüngül çəkidə döyüşməklə imza atır. Bununla UFC-nin (Ultimate Fighting Championship) diqqətini çəkir və 2013-cü il aprelin 6-da nüfuzlu turnirdə debütü reallaşır. İlk görüşdə Markus Brimeclə qarşılaşan Konor onu birinci raundda nokauta göndərir. Bu, gecənin ən yaxşı döyüşü seçildiyi üçün Makqreqor UFC-dən 60 min dollar bonus qazanır. Növbəti rəqibi Maks Hollouey olur, ona da qalib gəlməyi bacarır. Ancaq bu döyüşdə ön çapraz bağından zədələnir, həkimlər ona 10 ay döyüşlərdə iştirak etməyi qadağan edirlər.

13-cü saniyədə nokaut

2014-cü ildə oktaqona qayıdışından sonra Dieqo Brandaonu ilk raunddaca texniki nokautla üstələyir. Elə həmin il Dastin Porye ilə baş tutan döyüşdə də vaxtından əvvəl qələbə qazanır. 2015-ci ildə qarşılaşdığı Dennis Siver, Çad Mendes və Joze Aldo da onunla bacarmır. Aldonu görüşün 13-cü saniyəsində nokauta göndərməklə UFC tarixinin ən tez qələbəsinə imza atır. Görüşdən sonra jurnalistin “Konor, belə erkən qələbənin sirri nədir” sualına maraqlı cavab verir: “Döyüşdə qalib gəlmək üçün ilk zərbəni sən vurmalısan və zərbən çox güclü olmalıdır. Döyüşü sən başlatmalı, sən də bitirməlisən. Bu, mənim fəlsəfəmdir”. Yeri gəlmişkən, MMA tarixinin ən tez nokautu da Konora aiddir (2011-ci ildə Peddi Doertini 4 saniyəyə məğlub edib).

Sürpriz məğlubiyyət, ata olmaq sevinci

UFC-də də 2 çəkidə çempionluq kəmərinə yiyələnən Makqreqor 2016-cı il, martın 5-də isə Neyt Diasla qarşılaşır və gözlənilmədən məğlub olur: rəqibinin boğucu fəndi qarşısında aciz qalır. Ancaq elə həmin ilin avqust ayında Diasla revanş döyüşü baş tutur. 5 raund davam edən görüşün yekununda hakimlər Konoru qələbəyə layiq görürlər.

3 ay sonra Konor yenidən qəfəsə çıxır - bu dəfə Eddi Alvareslə. Rəqibinə heç bir şans verməyən Makqreqor 2-ci raundda qələbəni təmin edir. Elə həmin ərəfədə Konor və həyat yoldaşının övlad gözlədikləri haqda xəbər yayılır. İlk dəfə ata olacaq Konor 2017-ci ilin mayına qədər döyüşlərə çıxmayacağı ilə bağlı qərar qəbul edir. Bu, anlaşılan idi: Makqreqor qəfəsə çıxanda Di çox həyəcan keçirirdi.

2017-ci il mayın 5-də cütlüyün oğlu dünyaya gəlir. 4 kiloqram doğulan körpəyə atasının şərəfinə Konor Cek Makqreqor adını qoyurlar. Sevincini mətbuatla bölüşən UFC ulduzu “Oğlum rekordlarımı təkrarlaya biləcək yeganə şəxsdir” deyə açıqlama verir.

Uduzduğu döyüşdən 30 milyon dollar qazanır

“Qəddar” həmin il avqustun 26-da tarixi duelə çıxır: budəfəki rəqib MMA döyüşçüsü yox, boksçu Floyd Meyvezer olur. Əldə olunmuş razılığa əsasən, qarşılaşma boks qaydalarına uyğun keçirilir. Maraqlıdır ki, Makqreqor bunadək heç vaxt boks döyüşünə çıxmamışdı. Amma yenə də görüşdən öncə iddialı danışır, Meyvezerə hədə-qorxu gəlir, qalib gələcəyinə söz verir. Lakin MMA ulduzu “Əsrin döyüşü”ndə özündən 11 yaş böyük Floydla bacarmır. Döyüş 10-cu raundda Meyvezerin qələbəsi ilə yekunlaşır. Karyerasında 50-ci qələbəsini qazanan Floyd əfsanəvi Rokki Marçianonun rekordunu keçir və idmanla vidalaşdığını elan edir. Konor uduzsa da, həmin döyüşdən 30 milyon dollar qazanır.

Söyüş, avtobusa hücum, boğucu fənd və kütləvi dava

2018-ci ilin oktyabrında Konor 23 aylıq fasilədən sonra MMA döyüşünə çıxır. UFC-də məğlubiyyətsiz irəliləyən Həbib Nurməhəmmədovla görüşə böyük maraq olur. Makqreqorun qəfəsə çıxana qədər etdikləri münasibətləri daha da gərginləşdirir, prinsipiallığı birə-beş artırır. Açıqlamalarında Həbibin özünü, doğmalarını və dinini təhqir edən irlandiyalı döyüşçü hətta qarşılaşmadan 6 ay əvvəl adamları ilə birlikdə onun olduğu avtobusa hücum çəkir...

Nəhayət, gözlənilən an gəlib çatır, döyüş baş tutur. İlk dəqiqələrdən üstünlüyü əldən verən Konor 4-cü raundda Həbibin boğucu fəndi qarşısında təslim olur. Bundan sonra ara qarışır, məzhəb itir, qəfəsdən kənarda hər iki döyüşçünün adamları arasında kütləvi dava baş verir. Bu, Makqreqorun peşəkar MMA karyerasında 4-cü məğlubiyyəti olur.

“Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”

Bir müddət sonra Konor açıqlama verərək, Həbiblə döyüşə hazırlaşdığı son 1 həftədə spirtli içkilərdən istifadə etdiyini və bu səhvinin məğlubiyyətə səbəb olduğunu bildirir. Bundan əlavə, o, Nurməhəmmədovla revanş görüşündə üz-üzə gəlmək istədiyini və həmin döyüşün Moskvada keçirilməsinə razı olduğunu açıqlayır: “Bu, baş verməlidir. Mən Moskvada olmuşam, gözəl şəhərdir. Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”.

Çempionluq kəmərini özümə qaytaracağam”

Həbibin revanş döyüşünə nə vaxtsa razılıq verib-verməyəcəyi bilinmir. Ancaq Konorun uzun fasilədən sonra oktaqona çıxacağı dəqiqdir. “Qəddar” Bakı vaxtı ilə yanvarın 19-u səhər saat 7-də “Kovboy” ləqəbli Donald Serrone ilə döyüşəcək...

“Çempionluq kəmərini özümə qaytaracağam” deyən Konora həyat yoldaşı Di hamıdan çox inanır. Devlin onun qarşıdakı döyüşdən qalib ayrılacağına şübhə etmir: “Konor bu vaxta qədər verdiyi bütün sözlərin üstündə durub, hər çətinliyin öhdəsindən gəlib. Çox şeyə bir yerdə nail olmuşuq. Biz çətinliklərdən qorxmuruq”. Xanımını şəxsi gəlirinin idarə olunmasına cəlb edən Makqreqor onun üzünü güldürmək üçün hər şeyə hazırdır: “İndi milyonlar qazanıram, döyüşlərimə 50-70 min adam baxmağa gəlir. Bu səviyyəyə çatana qədər Di ilə birgə ağır günlər yaşamışıq. Artıq onun üçün hər şey etməyə, bütün istədiklərini yerinə yetirməyə köklənmişəm. Di bunların hamısına, hətta daha artığına layiqdir!”

Bunlar da var...

2018-ci ildə Makqreqor ailəyə məxsus “Erie Born Spirits” fabrikində istehsal olunan “Proper Twelve” viskisini təqdim edib.

2018-ci ilin dekabrında adının ictimaiyyətə açıqlanmasını istəməyən bir qız Makqreqoru cinsi zorakılıqda günahlandırıb. İddiaya görə, hadisə Dublin ətrafında baş verib. Döyüşçünün günahı sübuta yetirilməyib.

2019-cu ildə Mayamidə gizli olaraq onun şəklini çəkməyə çalışan fanatının smartfonunu sındırıb.

2019-cu ilin yanvarında ikinci dəfə ata olub. Bu dəfə qızı dünyaya gəlib.

Dünya şöhrətli aktyor Silvestr Stallone onu “Real həyatın Rokkisi” adlandırıb.

Yoqanı və bədəninə tatu döydürməyi çox xoşlayır. Halbuki 2013-cü ilə qədər onun bədənində tatu olmayıb.

Döyüşlərdən qazandığı pullardan əlavə, var-dövlətini “Bud Light”, “Reebok” və “Monster Energy” ilə bağladığı müqavilələrin hesabına da artırır.

 

 

# 16010
avatar

Rizvan Babayev

Oxşar yazılar