389
11:38
14 Yanvar 2020

Azərbaycanda güzəştli mənzil alanların sayı AÇIQLANDI

2019-cu ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilib və 1 112 ailə güzəştli mənzilə sahib olub.

Lent.az məlumat verir ki, bu barədə qurumun ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, Yasamal Yaşayış Kompleksində agentliyin sərəncamında olan 1 634 mənzildən 1 390 ədədini bu günədək vətəndaşlar güzəştli şərtlərlə əldə edib.

Vətəndaşların 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib. Hazırda həmin yaşayış kompleksində qalan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi prosesi davam etdirilir.