“Qətibə İnanc” adlı qadın məkri yenə səhnədə
10 yanvar 2020 10:49 (UTC +04:00)

“Qətibə İnanc” adlı qadın məkri yenə səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası yenə oynanılacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ikihissəli dram yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Tamaşada Xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), aktyorlar Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edəcək.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Qeyd edək ki, ilk dəfə “Qılınc və qələm” əsərini 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov tamaşaya qoyub.

 

# 1830
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar