5345
13:16
06 Yanvar 2020

Özəl universitetlərlə bağlı YENİ TƏKLİF

“Müstəqillik dövründə Azərbaycanda fəaliyyət göstərən universitetlərin bağlandığını, həmin ali məktəblərdə təhsil alan tələbələrin bəzi hallarda kənarda qaldığının, müxtəlif forma və məzmunlu problemlərin yaşadığının şahidi oluruq. Bu isə vətəndaş qeyri-məmnunluğu və nəticədə inamsızlıq, güvənsizlik fobiyası formalaşdırır”.

Lent.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, hətta qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı az bal toplayan abituriyentlər belə ixtisas seçimi zamanı özəl ali məktəbləri seçməkdə tərəddüd edirlər: “Abituriyentlərin tərəddüdünün əsas səbəbi bu universitetlərin bağlanmaq təhlükəsi ilə bağlı olur. Universitetlər bağlandığı halda isə tələbələr üçün narahatlıq yaranIr. Bir sıra bürokratik əngəllər ortaya çıxır. Əslində haqlı narahatlıqdır”.

Ekspert bütün bu problemlərin yaşanmaması üçün yeni bir təklif irəli sürüb: “Təklif edirəm ki, Təhsil haqqında qanuna və lisenziya verilmə qaydalarına bununla bağlı müəyyən dəyişikliklər və əlavələr edilsin. Bu təkcə universitetlər üçün deyil, kollec və liseylər üçün də keçərli olsun. Belə ki, mövcud olan təhsil müəssisələri özlərinə qarant olan, zəmanət verən, zamin olan digər bir təhsil müəssisəsi müəyyənləşdirsinlər. Yəni sabah bu universitet, kollec, lisey müxtəlif səbəblərdən bağlandıqda, fəaliyyəti dayandırıldıqda orda təhsil alan kontingent təhsilini adi və sadə prosedur qaydaları ilə hansısa digər müvafiq təhsil müəssisəsində davam etdirsinlər. Hətta akkreditasiyadan keçmə zamanı bu amil xüsusi ilə nəzərə alınsın”.