11:22
04 Yanvar 2020

Avropa nəhəngləri FİFA-dan nə istəyir?

Klublararası dünya çempionatının yeni formatı Avropa nəhənglərinin ürəyincə olmayıb.

Apasport.az saytının məlumatına görə, qitənin top komandaları FİFA-ya yeni model təklif ediblər.

Avropanın 4 böyük klubu – “Barselona”, “Ayaks”, “Liverpul” və Dortmund “Borussiya”sı nəhənglərin adından çıxış edərək öz şərtlərini irəli sürüblər. Onlar dünya çempionatında “Könhə qitə”ni 8 deyil, 12 klubun təmsil etməsini istəyir.

Bundan başqa, FİFA son 4 ildə Çempionlar Liqası və Avropa Liqasını qazanan komandaları dünya çempionatında görmək istəyirsə, klublar bunun əleyhinədir. Nəhənglər hansısa komandanın təsadüfən bir dəfə kubok qazanmaq sayəsində mundiala qatılmasını istəmirlər.

Onlar təklif edir ki, UEFA reytinqinin ən yüksək pillələrində qərarlaşan klublar dünya çempionatına vəsiqə qazanıb. Bu, o qədər də yaxşı səviyyədə olmayanların yarışa təsadüfi çıxmasının qarşısını almalıdır.

Qeyd edək ki, 2021-ci ildən Konfederasiyalar kubokunun əvəzinə yay aylarında klublararası dünya çempionatı keçiriləcək. Mundialın iştirakçı sayı 7-dən 24-ə artırılacaq. Avropaya 8, Cənubi Amerikaya 6, Afrika, Asiya, KONKAKAF-ın hərəsinə 3, Okeaniyaya 1 yer veriləcək.

Dİgər xəbərlər