1783
18:38
31 Dekabr 2019

2019-cu ildə ən çox danışılan hadisələr - SİYAHI

2020-ci ilin gəlişinə artıq sayılı saatlar qalıb. 2019-cu il Azərbaycanda bir çox yeniliklərlə yadda qalmaqla yanaşı, xoşagəlməz hadisələrlə də həyatımızda iz buraxdı.

Beləliklə, Lent.az ölkədə ən çox danışılan hadisələrin siyahısını təqdim edir:

Yanvar ayı:

İlin ilk ayında medianın əsas mövzusu qızılca xəstəliyi ilə bağlı oldu. Bununla bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayaraq bildirdi ki, xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib və hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib.

Yanvarın 29-da dünyasını dəyişən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi 18 yaşlı Nərdanə Tağızadənin ölümü də mediada səs-küyə səbəb oldu. Belə ki, tələbənin ilk olaraq donuz qripindən, daha sonra leptospiroz virusundan ölməsi bildirildi. Bunun ardınca isə Səhiyyə Nazirliyi məlumat yaydı ki, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində təsdiqini tapmayıb və ölümün əsas səbəbi ağciyər və ürək çatışmazlığı olub.

Fevral ayı:

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzaladı və 2019-cu il martın 1-dən minimum aylıq əməkhaqqının məbləği 130 manatdan 180 manata qədər qalxdı.

Həmçinin 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırıldı.

Fevral ayı həm də Şamaxıda baş verən güclü zəlzələ ilə yadda qaldı.

Bununla yanaşı ilin ikinci ayında baş nazir Novruz Məmmədov meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsini, əks halda cərimə olması barədə əmr imzalamış, bir neçə gün sonra isə həmin qadağanı ləğv etmişdi.

Mart ayı:

“Diqlas” Ticarət Mərkəzində güclü yanğının baş verdi.

Prezidentin mədəniyyət xadimləri ilə görüşü də həm mart ayında, həm də ki, növbəti aylarda çox danışıldı.

Aprel ayı:

Azərbaycanda 10 milyonuncu sakin doğuldu.

Eləcə də sosial şəbəkələrdə geniş müzakirə mövzusu İçərişəhərdəki qala divarının sökülməsi ilə bağlı oldu. Bu barədə “İçərişəhər” DTMQİ rəsmi məlumat yayaraq isə bildirdi ki, paylaşılan fotogörüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edir və aparılan tikinti işlərinin qala divarlarına heç bir zərəri yoxdur.

Aprel ayında həmçinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verdi.

İlin dördüncü ayı həm də Elinanın ölümü kimi də mətbuatda iz buraxdı. Belə ki, Bakı şəhəri 162 saylı tam orta məktəbin 14 yaşlı 8-ci sinif şagirdi Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etmişdi.

May ayı:

Azərbaycanın müxtəlif şəhər və rayonlarda kütləvi kəpənəklər yayıldı. Bu barədə Aqrar Xidmətlər Agentliyindən bildirildi ki,Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında y ayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalıdır.

Həmçinin may ayında Bakıda “Çelsi” və “Arsenal” komandalarının Avropa Liqasının baş mükafatı uğrunda yarışması baş tutdu.

İyun ayı:

İlin altıncı ayında Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzaladı, sentyabr ayının 1-dən etibarən minimum aylıq əməkhaqqının məbləği 250 (180 manat idi) manat müəyyən edildi və Azərbaycan Prezidenti “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik etdi.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu barədə məlumat yaydı və sözügedən məlumat səs-küyə səbəb oldu.

Bundan başqa, 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi də çox danışıldı. İyunun 4-də saat 14 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən evlərindən çıxaraq itkin düşən azyaşlı isə bir neçə gün sonra tapıldı.

İyul ayı:

“Jara” festivalı baş tutdu.

Şəki Xan Sarayı ərazisində bədbəxt hadisə baş verdi və 1530-cu ilə aid ağacın, təxminən, 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət aldı və hadisə bir nəfər Azərbaycan vətəndaşının ölümü ilə nəticələndi.

Pilot Rəşad Atakişiyev də iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və axtarışlarına başlanılmışdı. R.Atakişiyevin cəsədi isə avqustun 20-də tapıldı.

İyul ayında Azərbaycanda ilk dəfə qarayara xəstəliyindən ölüm halı qeydə alındı. Bundan başqa 3 nəfər Sabirabad sakinləri də qarayaraya yoluxdular.

Avqust ayı:

İlham Əliyevin imzaladığı Fərmanla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun təsdiqləndi və sözügedən Fərmanla əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat (bundan əvvəl 160 manat idi) məbləğində müəyyən olundu.

Sentyabr ayı:

Sözügedən ayda “Bakı Metropoliteni”nin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.

Eləcə də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı oldu.

Ay həm də “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun tutulması ilə yadda qaldı. Rəsmi qurumlar aşkara çıxardı ki, mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Oktyabr ayı:

Uzun müddətdir qadağa qoyulan gecə reyslərinin bərpasına başlanıldı.

Eyni zamanda ölkədə əhalinin siyahıyaalınması prosesi həyata keçirildi və oktyabr ayı həm də qadın faciələri ilə yaddaşlarda iz buraxdı.

Noyabr ayı:

Noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərləndi və onlardan biri öldü (Fizika fakültəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Bundan sonra isə müxtəlif səbəblərdən tələbə zəhərlənmələri ardıcıl olaraq baş verdi.

İlin 11-ci ayında həm də “Bibiheybət” yolunda çökmə baş verdi və hərəkət tamamilə məhdudlaşdırıldı. Hazırda da sözügedən yolda təmir-bərpa işləri gedir.

Dekabr ayı:

Prezident İlham Əliyev Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı, Milli Məclisin beşinci çağırışı buraxıldı. Eyni zamanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi.

İlin sonuncu ayında Bakı-Sumqayıt yolunda, Xırdalan şəhəri ərazisində yerləşən “Eurohome” tikinti materialları bazarında olan yanğın da uzun müddət danışılanlar arasında oldu.

Həmçinin ölkədə bələdiyyə seçkiləri də baş tutdu.

***

Əlavə edək ki, 2019-cu ildə eyni zamanda kadr islahatları da baş tutdu və vəzifəsindən sui-istifadə edənlər cəzalandırıldı. Antisanitar vəziyyətdə olan sexlərdə mütəmadi olaraq reydlər keçirildi, məhdudiyyətlər qoyuldu, avtobus xətlərində ciddi yenilənmələr oldu və s.

Bütün bunlarla yanaşı bir çox tanınmışlar (Aydın Xırdalanlı, Arif Məlikov, Şirməmməd Hüseynov, Vurğun Əyyub, Vasim Məmmədəliyev, Yevda Abramov və d.) 2019-cu ildə dünyasını dəyişdi.