1562
16:04
25 Dekabr 2019

Şaxtalı günlərin azalması müşahidə edilir - Nazirlik

"Azərbaycanda ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədən, qarlı günlərin sayının azalması müşahidə edilir".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu da o deməkdir ki, dağ çaylarını qidalandıran qar ehtiyatları azalır: "Ona görə maksimum dərəcədə su ehtiyatlarından qənaətlə istifadə etmək lazımdır".

Onun sözlərinə görə, ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib. Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib.

U.Tağıyeva əlavə edib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb: "Ötən dövr ərzində ölkə ərazisində yağıntıların da miqdarı azalıb. Yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub".

Departament direktoru qeyd edib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur. Onun sözlərinə görə, son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb.

Azərbaycanda əhalinin qışın mülayim keçməsinə öyrəşdiyini deyən U.Tağıyeva Bakıda 0 dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayının az olduğunu söyləyib.