1258
11:20
25 Dekabr 2019

Leyla Əliyevanın təşəbbüsü ilə bayram tədbiri keçirilib - FOTO

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya və Azərbaycanın gənclər təşkilatlarının üzvləri, diaspor və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2019-cu ildəki fəaliyyəti barədə məlumat verib.


O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını bildirib: “Təşkilatımız Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlığını davam etdirir. Biz birlikdə çox böyük yol keçmişik. Fəaliyyətimizə ən böyük qiyməti Leyla xanım Əliyeva verib. AMOR-un 10 illiyi ilə bağlı keçirilən tədbirdə Leyla xanım təşkilatın zəngin keçmişinin, eləcə də parlaq gələcəyinin olduğunu söyləyib”.

E.Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından dekabrın 24-də doğum gününü qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Daha sonra AMOR-un ən fəal üzvləri gənclər təşkilatının inkişafına verdiyi töhfələrə görə fəxri fərmanlarla mükafatlandırılıblar.

Tədbir Rusiyada fəaliyyət göstərən incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirilib.