900
16:58
20 Dekabr 2019

Bakı-Sumqayıt yolu yenidən bağlanır

"Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib".

Lent.az -ın məlumatına görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib. O bildirib ki, konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil:

"Mümkün olan yerdə ağaclar saxlanılır. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin".

İdarə rəisi qeyd edib ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur:

"Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır. Bu da sağlamlığımıza və təbiətimizə zərər verir. Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar?"