2161
11:50
13 Dekabr 2019

Bakıda Yeni il təlaşı: "qızılı çadırlarda" qızıl qiymətinə satılan bəzəklər - REPORTAJ

"Ay başlayandan Yeni ilə hazırlaşıram. Təkcə 200 manata yaxın bər-bəzəyə xərcləmişəm".

Yeni il üçün təşkil olunan yarmarkada bu sözləri “yolka” bəzəkləri almaq istəyən 35-40 yaşlı xanım deyir.

Yeni il ərəfəsində paytaxtdakı bayram əhval-ruhiyyəsinə şahidlik etmək, nəyin neçəyə satılıb-alındığını öyrənmək üçün Lent.az -ın əməkdaşı müşahidə aparıb.

Soyuq hava bir az üşütsə də, balacaların keyfini heç nə pozacaq gücdə deyil.

Şəhərin mərkəzi küçələrindən tutmuş, ən dar dalanlara qədər harada bir mağaza varsa, hərəsi qapının önünə ən azından bir “yolka” qoyub. Bütün marketlərin də şüşələrindən Şaxta babanın gülümsəyən üzü görünür. Nədənsə, "qar qızlar" çox gözə dəymir.

Sözün kəsəsi, üz tutduq Nizami küçəsində təşkil olunan bərli-bəzəkli yarmarkaya.

"Səhərin gözü açılandan bir stəkan çay içməmişəm" deyib, şikayət edən gənc satıcı xanım çay içməyinə izahat verəndən sonra yanvarın 13-nə kimi burada olacaqlarını bildirir: “Yerli şirniyyatlarımızı təklif edirik şəhər sakinlərinə. Normal satış qiymətlərimizdən 80 qəpik, bir manat daha ucuz veririk. Amma alıcılar hələ ki çox deyil”.

Yaşlı bir xanım nəvəsi ilə gəzir. Nəvə satılan əl işi oyuncaqlardan istəsə də, nənə gülümsəyib onlardan evdə olduğunu deyir.

Nənənin nəvəsini nə üçün mağazadan yan qaçırdığını öyrənmək üçün satıcıya yaxınlaşıram. Qapıya vurmaq üçün yeni il aksesuarları ilə bəzədilən bayram çələnginin qiyməti 40 manat, amma 35-ə olanlar da var və daha az gözəgəlimlidirlər. Əl işi olan oyuncaqların qiyməti 17 manatdan başlayır. Satıcı deyir ki, oyuncaqların ən bahalısının qiyməti 180 manatdır. Yeni il aksesuarlarının, oyunacaqlarının isə ən ucuzunun qiyməti 5-7 manatdan başlayır.

Üzərində 2020 yazılan corabların qiyməti 5 manatdan ucuz deyil. Üstəlik, iki corab alana uduşlu kupon da verirlər. Şanslılar iki corab puluna telefon qazana bilər.

Mərkəzi küçədə təşkil olunan yarmarkada əsasən yerli istehsal olan ərzaq məhsulları satılır.

Gəzməyə çıxanlar üçün isti çay-kofe, iyi ətrafı bürüyən kabablar da təklif olunur. Çadır-kafeni süpürən kababçı deyir ki, burada şəhərdəki restoranlardan daha uçuz satırlar: “Lülə 5 manat, tikə də eyni qiymətədir. Dadlı və ucuz kabablarımız var”.

Suvenir satan xanımın yaxınlaşıb süpürgəni borc istəməsilə söhbətimiz yarımçıq qalır...

Zənci oğlan şəhər sakinlərinə kofe təklif edir. Digər tərəfdən də qovrulan şabalıdın iyi gəlir. 100 qram qovrulmuş şabalıd 3 manatdan təklif olunur. İki tələbə xanım ətrafa boylanaraq gəzişir: “Qİymətlər həddindən artıq bahadır burda. Ona görə heç nə almırıq. Sadəcə, baxmaq üçün gəlmişik. Bizə qalan bol-bol şəkil çəkdirməkdir”.

Şəhərin mərkəzi küçələrində hələ iri "Yolka" quraşdırılmadığından yeni ilin ab-havasını yaxalamaq bir az çətindir. Ona görə də Nizami küçəsindəki qızılı çadırlardan ayrılıb, metro çıxışlarında qurulan və əhalinin cibinə daha uyğun gələn ağ çadırlara üz tutduq.

Bu çadırlarda nisbətən ucuz oyuncaq və aksesuarlar satılır. Balaca “yolka” ların qiyməti 10-15 manat, daha böyüklərin qiyməti isə 100-110 manat arasında dəyişir.

Şaxta baba geyimləri, papaqlarının qiyməti 7 manatdan ucuz deyil. Oyuncaqların qutusunu 3-4 manata da almaq olar, 15-20 manata da.

Oyuncaqlara baxan, qiymətləri ilə maraqlanan xanım deyir ki, Yeni ilə görə, aksessuarlar üçün artıq 200 manata yaxın pul xərcləyib: “Oyuncaq alıram, qızılı bəzəklər alıram və s. Uşaqlardan da çox özümün marağı var. Hər il yeni-yeni oyuncaqlar çıxır. Mən də yeniləyirəm”.

Balaca Şaxta baba oyuncaqlarının qiyməti 5 manatdan başlayır. 110 manatlıq şaxta babalar da var.

Satıcı deyir ki, gün ərzində 50-100 manatlıq oyuncaq satır: “Çox satdığım vaxtlar da olur. Hələ vaxta var, ümüd edirəm ki, satışlar artacaq”.

Çadırlarda Yeni il aksessuarları ilə bərabər quru meyvələr, müxtəlif növ şirniyyatlar da satılır. Bura üz tutan gənc insanlar oyuncaqlara baxarkən, yaşlılar da qoz ləpəsi, kişmiş, şabalıd və ya noxudla maraqlanır.

Qeyd edək ki, hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

Yeni ilin əsas atributlarından sayılan “yolka”ların nə vaxt qurulacağı ilə maraqlanan oxuculara bildirək ki, bu işə həftə sonundan başlanılacaq.

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən Lent.az -a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək. Rayon icra hakimiyyətləri yeni il "yolkalar"ını Bakıdakı park və istirahət mərkəzlərində quraşdıracaq. Bakının ən böyük "yolka"sı isə “Azneft” dairəsində qurulacaq.