“Passat” avtomobillərinin qüsurları narazılığa səbəb olub.
“Volkswagen Bakı” alıcılarına qüsurlu maşın satdığına görə, onların ciddi narazılığı ilə üzləşib. Lent.az-ın verdiyi xəbərə görə, şikayətçilər Samir Zeynalov və Leyla Məmmədova Suraxanı rayon məhkəməsinə müraciət edərək iddia qaldırıblar. İstehlakçılar “Volkswagen Bakı” mərkəzinin onları aldatdığına bildiriblər. Söhbət 2011-ci ilin “Passat” markalı avtomobillərindən gedir.
Vətəndaşlar avtomobillərinin lazımi keyfiyyətdə olmadığını vurğulayaraq, buna görə də külli miqdarda zərər gördüklərini deyiblər. Onların sözlərinə görə, avtomobillər 80 min kilometr sürülüb. Lakin şikayətçilər alınan vaxtdan mühərrik və sürətlər qutusunun qüsurlu olmasından gileyləniblər. Bundan əlavə, sahibkarlar maşında yağ azalmaları, dartınmalar da müşahidə ediblər. Fotolarda da mühərrikin xarab olmuş və sınmış hissələrinin görüntüləri əks olunub. Adları çəkilən alıcılar qısa müddətdə avtomobilin həddindən artıq yağ sərf etməsini normal hesab etməyiblər. Bu səbəbdən də ya maşınlarının, ümumiyyətlə, geri qaytarılmasını, ya da yenisi ilə əvəzlənməsini istəyirlər. Problemin bu yerə qədər uzanmasında isə “Volkswagen Bakı” mərkəzinin günahkar olduğu bildirilir. Çünki mərkəz bu faktı hər dəfə bir bəhanə ilə gizlətməyə çalışıb. Artıq bir neçə ildir vəziyyət belə davam edir.
İş o yerə gəlib çatıb ki, vətəndaşlar Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə müraciət etməli olublar. Bundan başqa, istehlakçılar bu cür qüsurlu avtomobillərin Azərbaycana buraxılmasının qarşını almaq məqsədilə Dövlət Gömrük Komitəsinə də üz tutacaqlarını qeyd ediblər.
“Euro Style LTD” MMC öz müştərilərinə qarşı həssaslıqla yanaşıb, təmir stansiyasında texniki yoxlama aparılıb və müəyyən edilib ki, qüsurlar nəliyyat vasitəsinin düzgün istismar olunmaması nəticəsində yaranıb. Yəni satıcının bununla bağlı heç bir təqsiri olmayıb. Qeyd olunan hallar sübut oluduqdan sonra tərəflər arasında barışıq əldə olunub.