1160
17:52
27 Noyabr 2019

Vətəndaşlar gələn ildən istədiyi həkimi seçə biləcəklərmi? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Lent.az -a bildirib ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib.

Z.Əliyev onu da qeyd edib ki, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcək. Bu zaman ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil olan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq.

Xatırladaq ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.

Bununla bağlı Lent.az -ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsinə əsasən pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla vətəndaşın öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var:

“İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək. BU sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.