BDU-da zəhərlənərək ölən tələbənin xatirəsini andılar - FOTO
22 noyabr 2019 16:50 (UTC +04:00)

BDU-da zəhərlənərək ölən tələbənin xatirəsini andılar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənərək ölən Fizika fakültəsinin 4-cü kurs tələbəsi, Qusar rayon sakini 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovanın xatirəsi universitetdə anılıb.

Bu barədə Lent.az-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib:

“Onun vəfatı səbəbilə ailəsinə, yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bildirim ki, onun dəfn mərasimində universitet rəhbərliyi və kollektiv iştirak edəcək”.

P.İbrahimova qeyd edib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrin səhhəti ilə bağlı mütəmadi olaraq maraqlanırlar:

“Tələbələr özlərini yaxşı hiss edir və onların qısa müddətdə evə buraxılması gözlənilir”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız zəhərlənib. Dünən həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi , 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

# 8434
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar