Bacı söyüşünə görə kəllə atan miqrant oğlu: “Atamın çobanlıq etdiyi kəndə qayıdacağam” - SİRLİ ULDUZLAR
19 noyabr 2019 13:21 (UTC +04:00)

Bacı söyüşünə görə kəllə atan miqrant oğlu: “Atamın çobanlıq etdiyi kəndə qayıdacağam” - SİRLİ ULDUZLAR

"Uşaq vaxtı idman ayaqqabım olmadığına görə ağlayırdım. Ancaq bir gün ayağı olmayan insana rast gəldim və nahaq yerə göz yaşı axıtdığımı anladım". Bu sözlər dünya futbolunun xarizmatik simalarından olan, əvvəlcə futbolçu, sonra isə məşqçi kimi böyük uğurlar əldə etmiş Zinəddin Zidana məxsusdur.

Hələ futbolçu ikən əksər azarkeşlərin simpatiyasını, hörmətini qazanmışdı Zidan. Yaşıl meydanlarda göstərdiyi oyundan əlavə, insani xüsusiyyətləri, xarakteri ilə də çoxunun sevimlisinə çevrilmişdi. Məşqçilik karyerasında ikinci dəfə Madrid "Real"ının "sükanı arxası"nda olan Zidanın keçdiyi ömür yolu maraqlı olmaya bilməz. Bəli, bu yazıda “Zizu”nun həyat hekayəsinə nəzər salacağıq...

Əlcəzairdən Fransaya köç

Əlcəzairin şimal-şərqində, Aqemun kəndində anadan olan atası İsmayıl Zidan 17 yaşında - 1953-cü ildə Fransaya köçməyə qərar verir. Parisin şimalında yerləşən Sen-Denidə tikinti sahəsində özünə iş tapır. Ağır işin qarşılığında az maaş aldığı üçün çox keçmir ki, Marselə yollanır. Həmin ərəfədə Əlcəzair xalqı fransızların müstəmləkə zülmündən azad olmaq üçün ayağa qalxmışdı. Nəhayət, 1962-ci ildə Fransa Əlcəzairin müstəqilliyini tanımaq məcburiyyətində qalır. Bundan sonra İsmayıl vətəninə qayıtmağı düşünür. Lakin Marseldə yaşayan qohumu, Malikə adlı qızla tanış olur və onunla evlənir. Nəticədə Fransada qalası olur.

Evin oxumaqla arası olmayan sonbeşiyi

Onların 5 övladı dünyaya gəlir: 4 oğul, 1 qız. Evin sonbeşiyinə Zinəddin Yazid adını qoyurlar. Atası İsmayıl digər oğulları Fərid, Məcid və Nurəddinlə müqayisədə onu daha çox əzizləyirdi. Bununla belə, uşaqlıq illəri yağ-bal içində keçməyib Zidanın. Atası mağazada gecə növbətçisi işləyir, aldığı maaşla böyük ailəni çətinliklə dolandırırdı. Bəzən elə olurdu ki, istirahət günlərində də çalışmaq məcburiyyətində qalırdı. Anası Malikə isə övladlarına baxır, ev işləri ilə məşğul olurdu. Ailədə uşaqların tərbiyəsinə həssaslıqla yanaşılırdı. Yeni il bayramında qızına gəlincik, digər oğullarına isə maşın alan İsmayıl adətən Zinəddinə top hədiyyə edirdi. Bacısı məktəbdə çox yaxşı oxuyurdu. Zinəddinin ev tapşırıqlarını yoxlamaq onun üzərinə düşsə də, oxumaqla arası olmayan qardaşı ilə bacarmırdı. “Zizu” adətən ev tapşırıqlarını etməyi unudur və bunun üstündə danlanırdı. Utancaq olsa da, bir dəfə ingilis dili dərsində stolun üstünə çıxıb oynamağa başlamışdı.

“Bilirdim ki, hamıdan çox məni istəyir”

"Atam bizə 3 vacib şey öyrətdi: insanlara hörmət etmək, əməyi sevmək və məsuliyyətli olmaq. Əlcəzairdən Fransaya köçmüş, yeni mədəniyyətə uyğunlaşmaq məcburiyyətində qalmışdı. İş tapıb, özünü sübut etməliydi. Atam həmişə deyirdi ki, miqrantlar digərləri ilə müqayisədə iki dəfə çox çalışmalıdırlar. Sonbeşik olmaq bəzən işimə yarayırdı. Düzdür, atam məni istədiyini heç vaxt özümə demirdi. Ancaq hərəkətlərindən, davranışından başa düşürdüm ki, həyatda hamıdan çox məni istəyir. Bəxtim gətirib ki, firavanlığın olmadığı bölgədə böyümüşəm. Belə yerlərdə isə təkcə futbolu deyil, həyatı da öyrənirsən”, - uşaqlıq dövrünü belə xatırlayır Zinəddin Zidan.

İlk qola “Renault Clio” hədiyyəsi

Digər futbolçular kimi, Zidanın da futbolla tanışlığı məhəllədən başlayır. Məktəb illərində futbolla yanaşı, velosiped və skeyt sürməyə də maraq göstərir, cüdoya gedir. Özü də cüdoda yaşıl kəmər qazanır. Lakin futbol sevgisi üstün gəldiyindən, cüdonu yarımçıq dayandırmalı olur. Bir müddət sonra yerli "Sen-Anri" klubunda məşqlərə başlayır. Ardınca onu "Setem-le-Vallon" klubuna yazdırırlar. 14 yaşında isə Fransa Futbol Federasiyasının keçirdiyi seleksiya toplanışında “Kann” klubunun agenti Jan Varraudun diqqətini cəlb edir. O, peşəkar karyerasında ilk oyununu 1989-cu il mayın 18-də “Nant” klubuna qarşı keçirir. 1990-cı ildən başlayaraq "Kann"ın əsas heyət üzvlərindən birinə çevrilir. İlk qolunu isə 1991-ci ildə məhz “Nant”a vurur. Matçdan sonra keçirilən partidə "Kann"ın prezidenti Alen Pedretti, əvvəldən söz verdiyi kimi, ona ilk qolunu vurduğu üçün “Renault Clio” avtomobili hədiyyə edir. Növbəti mövsüm Zidan 32 oyunda meydana çıxıb 5 dəfə fərqlənsə də, bu, klubun aşağı liqaya düşməsinin qarşısını almır. Nəticədə Zidan 1992-ci ildə komandasını dəyişməli olur. "Marsel"dən qabaq tərpənən “Bordo” 3 milyon frank qarşılığında 20 yaşlı “Zizu”nu heyətinə qatır. Həmin vaxt Zidan İngiltərənin “Bləkbörn” və “Nyukasl” klublarına da keçməyə yaxın olur. “Nyukasl” 1,2 milyon funta təklif edilən Zidanı Premyer Liqa üçün kifayət qədər yaxşı futbolçu saymadığından, ondan imtina edir. Zinəddin "Bordo"da ilk mövsümdəcə 10 qol vurur. Komandası isə 4-cü yeri tutaraq, UEFA Kubokunda oynamaq hüququ qazanır. Texnikalı olması, meydanı görmək bacarığı və dəqiq ötürmələr verməsi gənc futbolçunu daha da məşhurlaşdırır. "Bordo" 1995-ci ildə Zidanın sayəsində İntertoto Kubokunu qazanır.

"Bordo"dakı oyunu ilə "Yuventus"un diqqətini cəlb edən “Zizu” 1996-cı ilin iyununda Turinə köçməli olur. Burada 2 dəfə A seriyasının, həmçinin İtaliya Superkuboku, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olur, dünyanın ən yaxşı futbolçusu adına layiq görülür. 2001-ci ildə isə o dövr üçün rekord məbləğ - 75 milyon avro qarşılığında “Real”a keçir. Bu, "kral klubu"nun prezidenti Florentino Perezin “qalaktikos erası” transferlərindən biri olur. Zidan məhz “Real”da ilk dəfə Çempionlar Liqasının qalibi adını da qazanır.

“Əzizlərini təhqir edirlərsə, mütləq cavab verməlisən”

Onun Fransa yığmasındakı karyerası da uğurlu alınıb. Millinin heyətində 3 dünya çempionatı (1998, 2002, 2006) və 3 Avropa çempionatında (1996, 2000, 2004) iştirak edib. DÇ-1998-dən sonra milli qəhrəman kimi qəbul olunub, transfer qiyməti birdən-birə xeyli artıb, reklam təklifləri almağa başlayıb. Bu da əbəs deyildi. Finalda Braziliyaya 3:0 hesabı ilə qalib gəldikləri oyunda ilk 2 qolu məhz o vurur. DÇ-2006 da Zidan üçün yaxşı başlayır. Kapitan sarğısını daşıdığı Fransa yığması finala qədər irəliləyir. Həlledici görüşdən öncə “Zizu” turnirin ən yaxşı oyunçusu kimi dünya çempionatının "Qızıl top"una layiq görülür. Lakin finalda İtaliya ilə oyunda qalmaqal baş verir. Bacısını söyən Marko Materatsiyə sinəsindən kəllə vuraraq, onu yerə sərir. Bu isə Zidanın meydandan qovulması, ümumiyyətlə, karyerasını bitirməsi ilə nəticələnir. Fransa yığması onun yoxluğunda penaltilər seriyasında uduzur. Bu hərəkətinə görə Zidanın tərəfini tutub kişi kimi davrandığını deyənlər də olur, onu qınayanlar da. Özü isə məsələ ilə bağlı bu cür münasibət bildirir: “Güclü zərbəyə, təhlükəli sürüşmə fəndinə, özünə edilən təhqirə dözmək olar. Ancaq əzizlərini təhqir edirlərsə, mütləq cavab verməlisən. Necə getdiyin önəmli deyil, əsas kim olmağındır. Materatsini vurduğuma görə özümlə fəxr etmirəm. Ancaq bu, karyeramın bir hissəsidir. Futbolçu vaxtı 14 dəfə qırmızı vərəqə aldım, 12-də məni təxribata çəkdilər. Bəhanə deyil, xasiyyətim belədir. Anidən sinirlənirəm. Bu, qandan gələn bir şeydir. Həyatımda həmişə kübar və mədəni davranmağa çalışan biri olmuşam. Amma kimsə məni əsəbiləşdirərsə, bir anda ikiqat reaksiya verə, partlaya bilərəm”.

“Məni vurmaqda haqlı idi”

Hadisə ilə bağlı Materatsinin açıqlaması ilə belə olur: "Mən həmin vaxt onun anasını deyil, bacısını söymüşdüm. Lakin Zidanın bacısının olduğunu bilmirdim. Həmin söyüşə belə sərt reaksiya verməsini ilk öncə anlamadım. Ancaq sonra bəlli oldu ki, Zidanın, həqiqətən də, bacısı var imiş. Təbii ki, Zidan məni vurmaqda haqlı idi. Ana söyüşünə gəldikdə isə mən bu kəlməni heç kəsə qarşı işlətmirəm".

2010-cu ildə Çempionlar Liqasında “İnter”lə “Real” qarşılaşarkən o vaxt Madrid klubunun idman direktoru olan Zidan keçmiş baş məşqçisi Joze Mourinyo ilə görüşməyə gələn Materatsi ilə qarşılaşır. Əvvəlcə Mourinyo ilə görüşən italiyalı müdafiəçi daha sonra Zidana salam verir və onunla da görüşmək məqsədilə əlini uzadır. Ona uzadılan əli geri çevirməyən Zidan da Materatsi ilə salamlaşır.

“Birinci əllərinə fikir verdim və aşiq oldum”

Xoşbəxt ər və atadır Zinəddin Zidan. Həyat yoldaşı Veronika Fernandeslə 1989-cu ildə Kannda tanış olub. Veronika əslən İspaniyadan, Əndəlüsdəndir. Zidan kimi, o da Fransada miqrant ailəsində böyüyüb, kasıblığın nə olduğunu uşaq vaxtlarından anlayıb. 7 yaşından balet məktəbinə gedən Veronika gələcəkdə tanınmış balerina olmaq istəyirmiş. 

“Birinci əllərinə fikir verdim və aşiq oldum” deyən Zinəddinin sevgi etirafını Veronika qarşılıqsız qoymur. Zidanla tanış olduqdan 5 il sonra o, sevgilisinin yanına - Bordoya yollanır. 1994-cü il, mayın 28-də isə toyları baş tutur. Ailə naminə Veronika balerina olmaqdan imtina edir. İndinin özündə də buna görə peşman deyil: “Nə balet, nə də şöhrət qadının ailə xoşbəxtliyini əvəz edə bilər!” 1995-ci ildə cütlüyün ilk oğlu - Enzo doğulur. Veronika sonrakı illərdə Zinəddinə daha 3 oğul dünyaya gətirir. 1998-ci ildə Luka, 2002-ci ildə Teo, 2005-ci ildə isə Eliaz anadan olur. 4 oğulun hər biri atasının futboldakı davamçısıdır. 

“Ona özümdən çox güvənirəm”

Evdə yoldaşı və 4 oğlunun arasında Veronika əsl kraliça kimi qəbul edilir. Ailə-məişət problemləri zamanı Zidan əksər vaxtlarda həyat yoldaşının sözünə qulaq asır, hətta futbolla bağlı məsələlərdə də bəzən onunla məsləhətləşir. Qəzetlər vaxtilə “Zizu”nun “Real”a keçməsində məhz Veronikanın həlledici rol oynadığını yazmışdılar. O, doğma ölkəsinə qayıtmaq istədiyindən, ərini razı sala bilmişdi. Münasibətlərində əsas məqam güvən, etibardır. Əri hər nə qədər tanınmış adam olsa da, Veronika onu qısqanmır və səbəbini belə izah edir: “Çünki həyat yoldaşıma özümdən çox güvənirəm”.

“Gündə 15 dəfə zəng edirdi ki, səsinizi eşitmək istəyirəm”

“Uşaq böyütmək futbol oynamaqdan daha çətindir” deyən Zidan övladları arasında fərq qoymur. Fransa yığması DÇ-1998-in qalibi olduqdan sonra bütün futbolçular, məşqçi heyəti qələbəni bayram edərkən Zinəddin oğlunu yatırtmaq üçün evə yollanır. Həyat yoldaşının dediyinə görə, övladları balaca olanda Zidan evə heç vaxt əliboş, oyuncaqsız gəlməyib: “O, “Yuventus”da oynayanda mən böyük oğullarım - Enzo və Luka ilə birlikdə Marseldə yaşayırdım. Bizim yoxluğumuzda Zinəddin Turində özünə yer tapa bilmirdi. Gündə 15 dəfə zəng edirdi ki, səsinizi eşitmək istəyirəm. Bir gün dedi ki, mən belə daha dözə bilməyəcəyəm. Gördüm çox darıxır, yanına köçdük”.

“İndi o vaxtlar üçün utanıram”

Zidan özünü fransız hesab etsə də, soy kökünü də unutmur: “Fransız olmaqdan qürur duyuram. Ancaq ərəb kökümə görə də fəxr edirəm. Ərəblik qanımda var. Əslində heç vaxt Əlcəzairi tərk etməmişəm, ora qəlbimdə yaşayır. Ərəb qanı daşıdığıma görə utandığım vaxtlar yadımdadır. İndi isə o vaxtlar üçün utanıram. Futbolla tam vidalaşandan sonra atamla birlikdə Əlcəzairə - onun cavan vaxtı çobanlıq etdiyi kəndə qayıdacağam. Bu, futboldan sonrakı həyatımla bağlı tək arzumdur”.

"İbadət etməyən müsəlman"

Türkiyəli jurnalist Zidana "Siz özünüzü hansı dinin nümayəndəsi kimi görürsünüz" sualını ünvanladıqda o, sonralar mətbuatda məşhur olan cavab vermişdi: "İbadət etməyən müsəlmanlardanam". 

2016-cı il, yanvarın 4-də Rafael Benitesin istefasından sonra “Real”ın baş məşqçisi təyin olunan Zidanın uğur qazana bilməyəcəyini deyənlər yanılır. Belə ki, o, “kral klubu”na ardıcıl 3 dəfə Çempionlar Liqasının kubokunu qazandırır. Martda “Real”ın “sükanı arxası”na qayıdan “Zizu”dan yenə böyük uğurlar gözlənilir.

2019-cu il Zidan üçün ağır itki ilə yadda qalır. Böyük qardaşı Fərid 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir...

Rizvan Babayev

# 10930
avatar

Oxşar yazılar