"APA ailəsinin ən böyük uğuru budur": Əflatun Amaşov
16 noyabr 2019 12:43 (UTC +04:00)

"APA ailəsinin ən böyük uğuru budur": Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov APA-nın yaranmasının 15 illiyi münasibətilə kollektivi təbrik edib.

APA-nın məlumatına görə, Ə. Amaşov "Facebook" səhifəsində qeyd edib ki, Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başlamasından 15 il keçir.

"Ötən 15 il agentliyin media holdinqinə çevrilməsinin özünəməxsus inkişaf dövrüdür. Bu dövrdə problemlər, çətinliklər, hətta məhrumiyyətlər də oldu. Ancaq 15 ilin yekunu onu deməyə əsas verir ki, APA-nın timsalında Azərbaycanın mükəmməl iş xüsusiyyətinə malik oturuşmuş media brendi var. Hesab edirəm ki, zəhmətkeş həmkarım Vüsalə Mahirqızının başçılıq etdiyi APA ailəsinin ən böyük uğuru budur. Bu ailənin hər bir üzvünü ürəkdən təbrik edirəm", - deyə Ə. Amaşov vurğulayıb.

Mətbuat Şurasının sədri APA-nın Azərbaycanın media məkanına yeni standart gətirmiş kütləvi informasiya vasitəsi olduğunu qeyd edib: "Agentlik müasir dövrün operativlik tələbi ilə ayaqlaşarkən qərəzsizlikdə, obyektivlikdə nümunəyə çevrilməyi bacardı. Nəinki bacardı, həmçinin böyüdü, inkişaf edərək məktəb statusu qazanmağa müvəffəq oldu. Belə bir yüksək status bütövlükdə cəmiyyətin APA-nın xidmətlərinə verdiyi dəyərdir. Əlbəttə, bu dəyər dərin inam və etimaddan irəli gəlir.

Peşəkar, yaradıcı, söz sənətinə sadiqliyi ilə seçilən insanların toplaşdığı APA ailəsinin hər bir üzvünü təbrik edirəm. Arzu edirəm ki, ötən 15 ilin qazandırdığı sevinc, fərəh və qürur hissi bu ailəni daha böyük uğurlara daşısın. Heç şübhəsiz, uğur və nailiyyətlər davamlı olacaq. Bunun üçün möhkəm təməl, qətiyyət, prinsipiallıq və yorulmadan çalışmaq əzmi var.

15 illik yubileyiniz mübarək, əziz həmkarlar!"

 

# 951
avatar

Oxşar yazılar