275
12:28
12 Noyabr 2019

"Doqquz ayda əhalinin gəlirləri 8,9 faiz artıb" - Oqtay Əsədov

“Bu ilin 9 ayında ümumi daxili məhsulun artımı 2,5 faiz təşkil edib. Burada diqqəti çəkən məqam qeyri-neft sektorunun, kənd təsərrüfatının payının sürətlə artımıdır”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən spiker Oqtay Əsədov deyib.

O bildirib ki, oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir: “Ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq, 48,8 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya 2,6 faiz təşkil edib”.

Spiker qeyd edib ki, ölkədə həyata keçirilən düşünülmüş uğurlu iqtisadi siyasət dövlətə etimadı daha da möhkəmləndirib. O. Əsədov bildirib ki, hər il olduğu kimi, gələn ilin dövlət büdcəsinin də əhalinin sosial rifahının gücləndirilməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasına, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, dövlət borcu üzrə öhdəliklərin icrasının möhkəm maliyyə əsaslarını yaradır”.