"Azərbaycan televiziyalarında bunların heç biri yoxdur" - İlqar Əlfi
06 noyabr 2019 16:54 (UTC +04:00)

"Azərbaycan televiziyalarında bunların heç biri yoxdur" - İlqar Əlfi

Bu gün Azərbaycanda  Milli Televiziya və Radio günü qeyd olunur. Milyonlarla tamaşaçı auditoriyasına sahib olan televiziya və radioda çalışanların üzərinə böyük məsuliyyət düşür. Müxtəlif dünyagörüşlü, fərqli zövqə sahib insanların təqdirini qazanmaq asan deyil. O baxımdan bu sahələr sevildiyi qədər tənqidlərə də məruz qalır. Bəs bu gün müstəqil Azərbaycanın televiziyasını illər öncəkindən fərqləndirən cəhətlər nələrdir? Müasir televiziyalarımız cəmiyyətin təlabatını ödəyə bilirmi?

Yazıçı-publisist, telejurnalist İlqar Əlfioğlu Lent.az-a bildirib ki, təxminən 20 il əvvələ qayıtsaq, televiziya sahəsinin indikindən fərqli cəhətləri çox idi: “Televiziya texnoloji baxımdan, ən sürətlə inkişaf edən sahədir. Amma həm də elə sahədir ki, zamanla ayaqlaşmaq üçün daimi kapital qoyuluşu tələb edir. Azərbaycan tamaşaçısı üçün elə əvvəldən, hazırlanan televiziya kontentinin texniki səviyyəsi yox, fikir, düşüncə yükü daha önəmli olub. İndi iki kanalda kadr dəyişikliyi oldu, gənc kadrlar iş başına gətirildi. Artıq dəyişmə meyli də hiss olunur. Amma bu dəyişmə efirə qalstuklu yerinə qalstuksuz; şalvarlı yerinə, şortlu, təbii burun-dodaqlı yerinə, Ajda Pekkan burun-dodaqlı aparıcı çıxarmaqdan ibarət olmamalıdır. Fikirlər, beyinlər yeni olmalıdır, bütün auditoriyaya xitab etmək gülüncdür, öz auditoriyanı formalaşdırmalısan. Öz auditoriyanı formalaşdırmaq üçünsə, özünün fərqli konsepsiyan olmalıdır və bütün verilişlərin ümumi konseptual məqsədə köklənməlidir. Azərbaycan televiziyalarının heç birində bu yoxdur”.

İ.Əlfinin sözlərinə görə, əgər ekrandan kanalın leyblini götürsən, hansı kanala baxdığını da bilməyəcəksən, çünki hamı hərşeyşünas və hərşeybazdır.

Müsahibimiz qeyd edib ki, televiziyanın düzəlməsi üçün, onun ümumi mədəni səviyyəsini ən azından 80-ci illərin milli televiziyasına çatdırmaq lazımdır: “Milli televiziya, Az TV uzun illərdir lağ obyektinə çevrilmişdi və həqiqətən, lağ ediləsi şeyləri az deyildi. Amma orada öyrənməli məqamlar də çox idi. Bu məktəbi qulaqardına vurmaq kimsəyə baş ucalığı gətirməz. İndi dəbdir - hərə öz televiziyasının nəzdində bir "Akademiya" açıb, amma "akademikləri" kimdir, bilən yoxdur. O boyda sözü cılız və gülünc hala salıblar. Yeni nəslin gəlməsi gözəl şeydir, amma, fəsadları da var. Hərdən tamaşaçıya elə bir şeyi "yeni, kreativ" deyə təqdim edirlər ki, əslində, televiziyanın çoxdan ötmüş keçmişidir. Sonra da başlayırlar sosial şəbəkələrdə "Partlatdıq!", "Fantan elədik!", "Azərbaycanda ilk!" kimi statuslar paylaşmağa... Gülməlidir, vallah! Mən gəncləri qınamıram, televiziyaya yeni gəlmiş adam hardan bilsin ki, ona təzə kimi gələn bir şey əslində, çoxdan köhnəlibmiş...”.

İ. Əlfi vurğulayıb ki, televiziya kütlənin dalınca düşməli deyil, ardınca aparmalıdır: “Mən Azərbaycan televiziyalarından bunu umuram. Öz zövqsüzlüyünü "xalq bunu istəyir" fikri ilə pərdələmək nadanlıqdır. Xalqın bəlli kəsimi zövqsüz ola bilər, amma elə düşünməsinlər ki, zövqlülər televiziyaya baxmaq istəmir. Elə işləsinlər ki, indi gözü xarici kanallarda qalan insanlar doğma televiziya məkanına qayıtsın. Bu yolda televiziyada çalışanların hamısına - həm, televiziyanın nə olduğunu bilən, həm də, bilməyənlərə uğur arzulayıram, bayramları mübarək!”.

Qeyd edək ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb, Azərbaycan Televiziyası isə 1956-cı il fevralın 14-də efirə çıxıb.

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2029

Oxşar yazılar