2229
11:50
25 Oktyabr 2019

Ölüm bahasına bayram, imperiyaya üsyan, səssiz dəfn... – Şəhid ziyalılarımız

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız Şıxəli Qurbanovdur.

...Vida mərasimində, dəfnində hamı susurdu. Dərin sükut və kədər hakim kəsilmişdi kütləyə. Hamı bir həqiqəti bilirdi – Şıxəli Qurbanov öz əcəli ilə ölməyib. Xalqına, dövlətinə, milli dəyərlərinə bu qədər bağlı olan adam sovet rejiminin hədəfində olur – geci-tezi var. Həqiqətin sarsıdıcı zərbəsi insanları susdurmuşdu…

Mayın 24-də, yəni Şıxəli Qurbanov dünyasını dəyişən gün Azərbaycan Dram Teatrında onun “Sənsiz” dramının tamaşası gedirdi… Əsərdə haqsızlığa düçar olmuş bir alimin faciəli taleyindən bəhs edilir. Yadıma Cəfər Cabbarlı düşdü; taleyinə yansıyan “Azad bir quşdum” mahnısı ilə.

***

Bakıda sadə bir fəhlə ailəsində dünyaya gəlmişdi Şıxəli Qurbanov. 1925-ci ildə avqustun 16-da.

Atası Qurban Qurbanov fəhlə-kəndli hökumətinin Azərbaycanda bərqərar olmasından sonra bolşeviklər partiyasının sıralarına keçib, rəhbər vəzifələrdə çalışıb. 1955-ci ildə isə dünyasını dəyişib. Şıxəli Qurbanov sonralar xatirələrində atasının mərd, mübariz insan olduğunu yazıb: “Atam çox bacarıqlı adam idi. Mən də onun verdiyi tərbiyə sayəsində bacarıqlı və inadkar olmuşam”.

Anası Zəhra Qurbanova isə ictimai-siyasi proseslərdən uzaq, evdar qadın olub.

Şıxəli orta məktəbdə əla qiymətlərlə oxuyub. Həm də rəsmlə, musiqi ilə maraqlanarmış. Məktəb divar qəzetində tez-tez məqalələrlə çıxış edərmiş.

Kitabxananın isə ən fəal oxucusu idi. Ədəbiyyatı çox sevdiyindən o vaxtkı “Pionerlər evi”nə ədəbiyyat dərnəyinə gedirmiş. Tanınmış yazıçı Ənvər Əlibəyli və şair Nəbi Xəzri də o vaxt onunla dərnək yoldaşı olublar.

Hələ 9-cu sinifdə oxuyanda Bakıdakı Axundov adına ikiillik müəllimlər institutunun dil-ədəbiyyat fakültəsinə sənədlərini təqdim edir Orta məktəbi imtahanla ekstern qaydada başa vurduqdan sonra institut direktorunun adına belə bir ərizə də yazıb: “Mən hələ gənc yaşlarımdan ədəbiyyatla maraqlanmağa başlamışam. Mənim gənc qəlbim bir ədəbiyyatçı müəllim olmaq eşqilə çırpınır. Özümü gələcəkdə proqressiv bəşəriyyətin qabaqcıl nümayəndəsi olan bir müəllim görmək istədiyim üçün, ən şərəfli bir vəzifə olan gənc nəsli tərbiyə etmək kimi bir vəzifəni ifa etmək istədiyim üçün məni ədəbiyyat fakültəsinə qəbul etməyinizi bütün varlığımla xahiş edirəm”.

İkiillik müəllimlik institutunu bitirib, ardınca isə sonralar dosenti olacağı Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. Fərqlənmə diplomu ilə bitirdiyi ali təhsil ocağında ədəbiyyat tarixi müəllimi işləyəndə rus ədəbiyyatı kursunda da dərs deməyi onun alimlik fəaliyyəti üçün yol açır.

1942-ci ildə Şıxəli Qurbanov təhsilini yarımçıq qoyub, öz ərizəsi ilə müharibəyə yollanır.

Orda da oxumağından qalmayıb, xidmətə əsgər kimi başlasa da.

Baltik Donanmasının bölmələrində hərbi xidmət keçirdi. Xidmət vaxtı Zaqafqaziya cəbhəsinin snayperlər məktəbində oxuyub. 1943-cü ildə Leninqraddakı Ali Hərbi dənizçilik məktəbində də təhsil alıb. Snayperlər məktəbinin bölmə komandiri, 1944-cü ilin yayında isə ikinci Pribaltika cəbhəsinin xüsusi atıcılıq bölməsinin komandiri olub.

1944-cü ilin sonunda Şıxəli Qurbanovu Qırmızıbayraqlı Baltik Donanmasının komandirlər bölüyünün rəisi təyin edirlər. Müharibəni bu diviziyanın tərkibində başa vurub.

“İgidliyə görə”, “Köniqsberqin alınmasına görə” və “Almaniya üzərində 1941-1945-ci illərdə qələbə” medalları ilə təltif edilib.

Yarımçıq qoyduğu ali məktəbi 1951-ci ildə fərqlənmə diplomu ilə bitirir. Hələ ordakı təhsilini başa vurmamış - 1950-ci ildən Şıxəli ədəbiyyatşünaslıqda elmi axtarışlara başlamışdı. Ədəbiyyat tarixindən dərs deyə-deyə, rus ədəbiyyatı kursunda da mühazirələr oxuması onu bu mövzunu araşdırmağa sövq etmişdi. “Azərbaycan-rus ədəbi əlaqələrinin başlanğıcı və inkişaf yolları” mövzusunda elmi iş yazmışdı.

1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsini qazanıb.

APİ-nin baş müəllimi, 1958-ci ildən sonra isə dosenti Şıxəli Qurbanov 1965-ci ildə “XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Bir sözlə, ədəbiyyatçı alim kimi öz sahəsində birinci sırada dayanırdı.

1946-cı ildə Bakı istehsalat kombinatında kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Dövrün tələbi ilə 1947-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər komitəsinin təlimatçısı göndərilib.

“Dövrün tələbi ilə” fikrini nahaq işlətmədim. Sovet dövrü irəli getmək, yararlı olmaq üçün müəyyən tələblər qoyurdu qarşıya. Məsələn, komsomol təşkilatının, sonra da Kommunist Partiyasının sıralarına yazılmalı idin ki, səlahiyyət sahibi olasan. Şıxəli Qurbanov da xasiyyət etibarı ilə öndə olmağı sevən adam olub. Tərcümeyi-halını, fəaliyyətini araşdırdıqca bu nəticəyə gəlmişəm. Bütün fəaliyyəti dövründə həm də Azərbaycan, onun mənəvi dəyərləri, tarixi, gələcəyi üçün nə isə iş görmək meylində, hətta eşqində olub. Bunları həyata keçirmək üçünsə təbii ki, səlahiyyət sahibi olmalı idin.

1945-55-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-57-ci illərdə 26 Bakı Komissarı rayonu partiya komitəsinin birinci katibi olub.

Şıxəli Qurbanov həm də yaxşı publisist idi. Elmi məqalələri, kitabları, teatrlarda tamaşalara qoyulan pyesləri var. 1957-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilib.

Əsasən “Şıxəli Qurbanzadə”, Şıxəli Sadiq”, “Şıxəli Qurbanov” imzaları ilə çıxış edən yazarın “Məktub yazılmışdır”, “Fırtına qabağı”, “Neftçi qardaşıma”, “Durnalar”, “Sülh göyərçini”, “Mahir”, “İnsanın gərək hər şeyi gözəl ola”, “Telefon zəngi”, “Keçəl dərman bilsəydi”, “Karyerist”, “Malades qanacağına”, “Alim”, “Gözdən olmasın”, “Bayram şamları” və s. kimi şeirləri çap olunurdu.

Onun ilk məlum nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə “Kirpi” jurnalında, sonra “Əcəb işə düşdük” kitabında, 1968-ci ildə isə ilk əsərləri cildində çap olunub.

Ardıcıllıqla mətbuatda hekayələri çıxıb - “Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu”.

“Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət” kimi əsərləri isə həm çap olunub, həm də teatrlarda tamaşaya qoyulub.

1957-61-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri , elə həmin illərdə Azərbaycan KP MK-nın üzvü, 1958-63-cü illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1966-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında Şıxəli Qurbanov Azərbaycan KP MK üzvü, birinci plenumda isə Azərbaycan KP MK bürosunun üzvü və katibi seçilir. O, bu vəzifədə həyatının sonuna kimi çalışıb. Çalışıb…

“Milyonçunun dilənçi oğlu” tamaşasına yazdığı libretto üçün o, 1967-ci ilin yanvarında Üzeyir Hacıbəyov adına respublika mükafatına layiq görülüb. SSRİ Ali Soveti Rəyasət heyətinin 1967-ci il 8 avqust tarixli qərarı ilə “Sənsiz” pyesi Lenin ordeninə layiq olub. 1967-ci il dekabrın 3-də Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Böyük Oktyabr Sosialist inqilabının 50, V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr olunmuş ən yaxşı ədəbiyyat və incəsənət nümunəsi müsabiqəsində teatr sənəti sahəsində birinci mükafata Şıxəli Qurbanovun M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində göstərilmiş “Sənsiz” tamaşası layiq görülüb.

Onunla birlikdə rəhbər vəzifədə çalışmış, dostu, Azərbaycan KP MK-nın birinci katibi işləmiş Vəli Axundov da Azərbaycan uğrunda işlərində ona dəstək olurdu.

Şıxəli Qurbanov Azərbaycanın ədəbiyyatını, tarixini gözəl bilirdi, buna görə də sevirdi məmləkətini. Onun tarixinin, ədəbiyyatının, mənəvi dəyərlərinin qədrini bilirdi. İstəmirdi Azərbaycan bunları itirsin, gələcəyə çılpaq getsin. İstəyirdi ki, Azərbaycan sovet ölkəsinin caynaqları altında olsa da, özünün dəyərlərini saxlaya bilsin. Gələcək nəsil Azərbaycan adlı məmləkətin manqurtlarına çevrilməsinlər. Onların durduqları torpağın altında yatan tarixdən xəbərdar olsunlar. Bu tarix o torpağa gömdürülsə belə.

Bütün bunlarla bahəm, Şıxəli Qurbanov deyəndə sovet rejiminin qılıncının qəbzəsi də kəsən illərdə - 1967-ci ildə bütün qadağalara qarşı çıxıb, Novruz bayramını geniş səviyyədə qeyd edən bir dövlət adamı yada düşür. Bu, əslində, onun bu yönümdə atdığı ilk addım deyildi - son olsa da. Ona qədər Şıxəli Qurbanov kiçik-kiçik damlalarla çox işlər görmüşdü. O işlər gətirib Novruz bayramını milli bayram kimi qeyd etmək dərəcəsinə çıxara bilmişdi.

1967-ci ildə ilk dəfə Bakıda keçirdiyi möhtəşəm, hər yerə səs salan, milli şüurda əsl oyanış yaradan Novruz bayramı bu amala xidmət edirdi.

Bakıda aşkar Novruz şənliklərinin keçiriləcəyi xəbəri Mərkəzi Komitəyə tez çatdı.

Şıxəlini Moskvaya çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı dini bayram deyil, milli bayramdır. Onun islamla heç bir əlaqəsi yoxdur. Yoxsa sovet quruluşu dini mərasimlərin, bayramların keçirilməsinə icazə vermirdi. Şıxəli Qurbanov bir ziyalı kimi anlamışdı ki, millətin beynindən silirlər milli dəyərləri. Və düşünmüşdü ki, beyinlərə Novruz tonqallarının işığını və istisini salmaq lazımdır. MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı həyatı bahasına atmışdı.

“Atəşgah”dan götürülən alov “Qız qalası”nda (Oğuz qalası olduğu da deyilir) böyük tonqala çevrildi. Bakı əhli dəstə-dəstə tədbirə qatılırdı. Səfurə İbrahimovanın ifasında Bahar qız milləti yazın gəlişi, torpağın oyanışı münasibəti ilə təbrik etməklə, oyanışa səsləyirdi.

Mərkəzi Komitənin birinci katibi Vəli Axundov Şıxəli Qurbanova riskli işlər görməsi barədə xəbərdarlıq etmişdi, amma maneə yaratmamışdı. Şıxəli Qurbanov isə ona gülümsəyərək öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi.

Rəsmi sənədlərdə bayramın adını “Bahar bayramı” kimi qeyd edirlər. Şıxəli Qurbanov Kremldə böyük nüfuzu olan dünya şöhrətli şərqşünas alim İ.S.Braginskiyə Novruz bayramı haqqında məqalə yazmağı sifariş etmişdi. Bayram ərəfəsində - 20 may 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş məqalədə professor İ.S.Braginski yazırdı: “Bahar bayramı əsrlər keçdikcə öz mənəvi mərasimlərini saxlamaqla bərabər, bəzi yeni xüsusiyyətlər də kəsb etmişdir. Hökmdarlar və ruhanilər xalqın bu Yeni il bayramını özlərinə “tabe etməyə”, ona yeni don - din və istibdad donu geyindirməyə çalışmışlar... Bahar bayramının yaxşı düşünülmüş şəkildə keçirilməsi, ona gözəl bədii tərtibat verilməsi bu bayramı daha da rövnəqləndirər, onun xəlqilik mahiyyətini daha da artırar”.

Bu məqalə ilə Şıxəli Qurbanov bir daha Kremlə sübut etməyə çalışıb ki, Novruzun dinlə heç bir əlaqəsi yoxdur...

Şıxəli Qurbanovun həyat yoldaşı Xavər xanım müsahibələrində belə bir faktı açıqlayıb: “Bayramdan sonra üç dəfə həyatına qəsd olundu. Bir dəfə maşında gedərkən güllə atmışdılar ona, əlini sıyırmışdı. Sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb, canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb”.

1967-ci ilin mayın 23-də Şıxəli Qurbanov Dram Teatrında tamaşaya qoyulan “Sənsiz”in ictimai baxışına gedir. İctimai baxış hələ başlamamış son məşqləri vaxtı xaricdən qonaqlar gəlib deyə onu işdən çağırıb aparırlar. Şıxəli Qurbanov qapıdan çıxanda dönüb – ““Sənsiz”ə baxarsınız mənsiz” – deyir və gülümsəyərək, gedir. Təsadüflər bəzən elə hökm oxuyur ki…

Deyəsən, dördüncü cəhdi daha “uğurlu” düşünüblər. 1967-ci ilin mayın 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedib. Amma ordan qayıtmayıb, daha doğrusu, sağ qayıtmayıb. Həkim onun dişinə iynə vuran kimi Şıxəli Qurbanov dünyasını dəyişib. Deyilənlərə görə, həkim pəncərədən qaçıb. Sonradan məhkəmədə özünün müdafiə üçün danışıb, amma həmin anın xofu onu pəncərədən qaçmağa məcbur edib.

Qətli o vaxt birinci katib işləyən Vəli Axundovun üstünə atmağa çalışırdılar. Bu, daha bir ziyalını ləkələyib “zərərsizləşdirmək”, həm də əsas səbəbkarı gizlətmək, millətin arasında - dostlar arasında nifaq salmağa xidmət edən məkrli siyasət idi. Moskvanın köhnə, adətkar olduğu siyasət.

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: “Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə bəhanə idi. Ona sianid turşusu vurublar...”

Həkim Şıxəli Qurbanovun yaxın dostu olub. Eyni siyasət. Necə deyərlər, həmin dalğa, həmin koordinat. Həkim Vəli Axundovun evində gizlənib. İxtisasca həkim olan Vəli Axundov da elə ekspert kimi rəy verib ki, Şıxəli şokdan ölüb. Üç dostu bir-birinə qarşı belə istifadə ediblər.

Xanımı danışır ki, mən Şıxəliyə milli dəyərlərlə bağlı gördüyü işlərə görə nigaranlığımı bildirmişdim: “Bilirəm, məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib, tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın” - deyib.

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Araşdırmadan sonra Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi dairələrdə yenə ört-basdır edilir. Həkim diaqnozu israrlı olur: “Şıxəli Qurbanov anafilaktik şokdan dünyasını dəyişib”.

Şıxəli Qurbanovun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş vermişdi. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş İdarənin rəisi, dosent A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri, tibb elmləri namizədi Arif Sultanov, müalicə həkimi dosent Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri, professor K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdılar.

Şıxəli Qurbanovun dəfni günü, elə onun keçirdiyi Novruz bayramında olduğu kimi, qələbəlik idi. Fərq onda idi ki, bayramda necə sevinc, şaqraqlıq vardısa, indi o qədər məyusluq və kədər hökm sürürdü. Tahir Cəfərli “Görücü” romanında yazır:

“...Minlərlə insan Şıxəli Qurbanovu cənazəsi qoyulmuş kluba girmək üçün növbəyə durmuşdu. Uzaqdan bu, Xruşşov dövründəki ucu-bucağı görünməyən çörək növbəsini xatırladırdı. Ancaq ondan fərqli olaraq, burada insanlar sükut içində dayanmışdılar. Onların gözündə sovet rəhbərlərinə qarşı nifrət qaynayırdı. Onlar artıq nə partiyaya, nə də hökumətə inanırdılar. İndi onlar kommunist ideologiyasının tam yalan olduğunu anlayırdılar. Hansısa filosof deyib ki, xalq faciəyə düçar olanda düşünməyə başlayır...”

Müəllifin təsvirinə görə, kluba çox az adam daxil ola bilirmiş. Vidaya çox da vaxt ayırmayıblar. İnsan axının isə ucu-bucağı görünmürmüş.

“Bütün bunlar tam sükut şəraitində baş verirdi. Xalq dinməzcə tabutun arxasınca gedirdi. Bakı küçələrindən keçdikcə dəfn karvanı daha da böyüyürdü. Bütün hərəkət dayanmışdı. Yenə də tam sakitlik... Heç kim heç kəslə danışmırdı. Çünki hər şey aydın idi. İnsanlar susursa, bu o deməkdir ki, hər şeyi bilirlər...”

Tələbə dərsə, fəhlə işə getməyib o gün. Hamı Şıxəli Qurbanovla vidalaşmağı özünə borc bilib. İnsanlar həqiqəti dərk etdiklərindən, məyusluqdan sükuta qərq olubmuş...”

Romanda 1968-ci ildə Şıxəli Qurbanovun ölümü ilə bağlı 26 Bakı Komissarı (indiki Səbail) rayon məhkəməsində keçirilmiş prosesdən də bəhs edilir. Məhkəmədə rəhmətliyin dişini çəkmiş həkim dindirilir. Lakin o, özünü günahkar hesab etmir və Şıxəlinin ölümünün səbəbini onun sağlamlığının zəif olmasında gördüyünü bildirir. Zaldan kimsə qışqırır: “Bu, ağ yalandır! Şıxəli tam sağlam insan idi...” Məhkəmə həmin şəxsi bayıra çıxartdırır. O da məhkəmə binası qarşısında toplaşmış yüzlərlə insana içəridə baş verənləri danışır. İnsanlar hakimlərə nifrət yağdırır. Qatil həkimə ölüm hökmü tələb edir...”

1968-ci ildə indiki Bakı Dövlət Universitetində tələbələr Novruz bayramı keçirilər. Bayram tədbiri dağıdılır və tələbələrdən bir neçəsi həbs edilir. Tonqalları isə yanğınsöndürənlər söndürür. Sonradan birinci katib Vəli Axundovun göstərişi ilə həbs edilən tələbələr hamısı azadlığa buraxılıb.

Bakı əhli tələbələrə həmrəylik üçün şəhərin müxtəlif məhəllələrində Novruz tonqalları yandırıblar. O vaxtdan sonra hər il xalq bu bayramı gizlin-aşkar qeyd edir, tonqallar yandırılır, şəkərburalar bişirilir, ta müstəqilliyə qədər. İndi Novruz dövlət səviyyəsində qeyd edilir, amma millət heç vaxt sovet qılıncının qəbzəsi də kəsən vaxt o bayramı dirçəldən Şıxəli Qurbanovu unutmur.

***

...Vida mərasimində, dəfnində hamı susurdu. Dərin sükut və kədər hakim kəsilmişdi kütləyə. Hamı bir həqiqəti bilirdi – Şıxəli Qurbanov öz əcəli ilə ölməyib. Xalqına, dövlətinə, milli dəyərlərinə bu qədər bağlı olan adam sovet rejiminin hədəfində olur – geci-tezi var. Həqiqətin sarsıdıcı zərbəsi insanları susdurmuşdu…

Mayın 24-ü, yəni Şıxəli Qurbanov dünyasını dəyişən gün Azərbaycan Dram Teatrında onun “Sənsiz” dramının tamaşası idi… Əsərdə haqsızlığa düçar olmuş bir alimin faciəli taleyindən bəhs edilir… Yadıma Cəfər Cabbarlı düşdü - taleyinə yansıyan “Azad bir quşdum” mahnısı ilə...