"Prezidentin apardığı siyasət uğurla davam edəcək" - <span style="color:red;">Emin Həsənli
18 oktyabr 2019 11:12 (UTC +04:00)

"Prezidentin apardığı siyasət uğurla davam edəcək" - Emin Həsənli

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki çıxışına dair mövqe bildirib.
 
Bu barədə Lent.az-a açıqlama verən Emin Həsənli qeyd edib ki, cənab Prezident son müşavirədə bir daha bəyan etdi ki, ölkəmizdə həyata keçirilən islahatlar bundan sonra da geniş şəkildə və uğurla davam etdiriləcək:
 
“Xüsusilə də kadr islahatı, sosial və iqtisadi sahələrdə aparılan islahatlar mərhələli şəkildə davam etdiriləcək. Ümumiyyətlə, diqqət etsəniz görərsiniz ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi geniş və hərtərəfli islahatlar paketi  dövlət siyasətin çox mühüm tərkib hissəsidir. 
 
Cənab Prezident keçən il növbəti dəfə prezident seçildikdən sonra gənc kadrlar Sahil Babayevi Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri, Mikayıl Cabbarovu vergilər naziri, Ceyhun Bayramovu təhsil naziri, İnam Kərimovu kənd təsərrüfatı naziri, Fuad Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayevi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin etməklə bir daha sübut etdi ki, ölkədə gəncləşmə siyasəti uğurla davam etdirilir. Və son müşavirədə cənab prezident bir daha bəyan etdi ki, dövlət idarəçiliyində gənc kadrların irəli çəkilməsi siyasəti bu gündə prioritet məsələdir və gələcəkdə də bu istiqamətdə lazımlı addımlar atılacaq”.
 
E.Həsənli qeyd edib ki, son illərdə bir çox sahələrdə uğurlu addımlar atılıb:
 
“Xüsusilə ölkədə “ASAN xidmət” mərkəzlərinin yaradılması sözügedən islahatlardan biridir və bu uğuru indi hər bir vətəndaşımız özünün gündəlik həyatında yaşayaraq görür. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dörd yeni xidmətinin yaradılması ilə də ölkədə çox böyük uğura imza atıldı. Əhalinin özünü məşğulluq proqramının həyata keçirilməsini, DOST mərkəzinin yaradılmasını və nazirliyin vətəndaş cəmiyyəti institutları ilə xüsusilə də şəhid ailələri, Qarabağ əlilləri və veteranları ilə geniş əməkdaş etməsini ayrıca qeyd etmək istəyirəm. Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına diqqət, qayğı daha çox artdı, onlara verilən müavinətlər təkcə bu il ərzində 2 dəfə artırıldı. Övladlarının ali təhsil xərclərinin dövlət büdcəsi hesabına qarşılanması haqqında müvafiq qərar qəbul edildi. 
 
Bundan başqa əvvəlki illərlə müqayisədə bu il dövlət tərəfindən onlara verilən evlərin, maşınların sayında da xeyli artım oldu. Məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ əlillərinə, ötən illərlə müqayisədə daha çox mənzillər verildi. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün müşavirə keçirildi və çox qısa bir zaman ərzində 5 000 nəfərdən çox məcburi köçkün ailəsinə yeni salınmış qəsəbələrdə mənzillər verildi və bu siyasət bu gündə davam etdirilir". 
 
Birlik sədri deyib ki, ümumiyyətlə, son illər ərzində bir çox sahələrdə geniş islahatlar aparılır: 
 
“Xüsusilə ordu quruculuğu sahəsində də çox mühüm işlər görülür. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi arsenalının müasir hərbi texnika, silah və sursatla təchiz edilməsi, şəxsi heyətin mənəvi psixoloji ruh yüksəkliyinin təmin edilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində çox böyük uğurlara imza atılıb. 
 
Bunun ən bariz nümunəsi kimi 2016-cı ilin aprel ayında həyata keçirilən uğurlu hərbi əməliyyatları qeyd edə bilərik. Əsası ulu öndər, ordumuzun memarı Heydər Əliyev tərəfindən qoyulan və bu gündə ali baş komandan, cənab prezident tərəfindən uğurla davam etdirilən ordu quruculuğu Azərbaycan dövlətinin birmənalı və dəyişməz siyasətidir. Bizim torpaqlarımız işğal altındadır, ordumuz güclü olmalı, sərhədlərimiz etibarlı qorunmalıdır. Bu gün ordumuzun mənəvi psixoloji cəhətdən ruh yüksəkliyini həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması ilə izah edə bilərik. Ölkəmizdə çağırış sistemində şəffaflığın artırılması, vətəndaşlarla işin şəffaf şəkildə aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin nəticəsidir. Bu dövlət qurumu gənclərin hərbi xidmətə hazırlığı və mənəvi psixoloji ruh yüksəkliyinin təmin olunmasında vətəndaş cəmiyyəti institutları ilə xüsusilə də şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları, Əfqanıstan veteranları, 20 Yanvar və Çernobıl əlilləri ilə sıx əməkdaşlıq etməsi görülən işlərin effektliyini daha da artırır”.
 
E.Həsənli son olaraq qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsində baş verən dəyişiklikdən sonra xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizə dəvət edilməsi və onlarla Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi istiqamətində işlərin aparılması bir daha gənc kadrların öz işinin öhdəsindən layiqincə gəlməsi baxımdan çox mühüm faktlardır:
 
“Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə kütləvi informasiya vasitələrinin müstəqil və dayanıqlı fəaliyyətlərinin təmin edilməsi üçün yaradılmış Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti də çox uğurlu alınıb. Ümumiyyətlə, vətəndaş məmnunluğunun yaradılması, elektron hökumətə keçid, dövlət idarəçiliyində şəffaflığın artırılması sahəsində hər il sistemli və ardıcıl addımlar atılır. 
 
Əminəm ki, bu il də, növbəti illərdə də Azərbaycanın Ali Baş Komandanı cənab prezidentin apardığı  siyasət uğurla davam edəcək. Biz də çalışırıq ki, öz sahəmizdə həyata keçirilən dövlət siyasətinə öz töhfəmizi verək”.
# 928
avatar

Oxşar yazılar