Azərbaycanda ciddi qrip və virus <span style="color:red;">TƏHLÜKƏSİ  - <span style="color:red;">Baş infeksionist nələr danışdı?
09 oktyabr 2019 16:12 (UTC +04:00)

Azərbaycanda ciddi qrip və virus TƏHLÜKƏSİ - Baş infeksionist nələr danışdı?

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
 
Lent.az mövzu ilə əlaqədar Azərbaycanın baş infeksionisti Cəlal İsayevlə müsahibəni təqdim edir:
 
- Cəlal bəy, artıq hava şəraiti ilə əlaqədar qripə və müxtəlif viruslara yoluxanlar var. Ümumilikdə, nə qədər respirator virus növü var?
 
- Artıq payız fəslinin ikinci ayındayıq və soyuq havaların başlaması ilə bağlı qrip, eləcə də kəskin respirator xəstəliklərinin yaranma təhlükəsi artmaqdadır. Hazırda qripdən başqa 200-dən çox virus növü bəllidir ki, insanlarda yuxarı tənəffüs yollarında yaranaraq qripi xatırladır. Bu cür vəziyyətlərdə əksəriyyət bunu qrip bilsə də, bu qrip olmur. Hər kəs elə bilir ki, hazırda təhlükə ancaq qripdən ibarətdir. Soyuq havalarda kəskin respirator xəstəliklərinə də yoluxmaq təhlükəsi var. 
 
- Xəstəliklərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Bu tədbirlər 100 faizlik nəticə göstərirmi?
 
- Sözügedən xəstəliklərə qarşı əsas mübarizə təbabətdə peyvənd, yəni vaksinasiyadır. Beləliklə, əslində vaksinasiya bu vaxtlarda baş tutmalıdır ki, insanlarda gələcəkdə baş verəcək infeksiyalar zamanı xəstəliklərin müəyyən qədər qarşısını alsın.
 
Qeyd edim ki, tətbiq olunan vaksin tam olaraq qripdən 100 faiz qorunmağa təminat vermir və ən yaxşı hallarda 60-70 faiz qarşısını ala bilir, eləcə də xəstəliyin yüngül keçməsinə səbəb olur.
 
- Yaxın aylarda yeni virusların yayılma ehtimalı varmı?
 
- Qeyd edim ki, aparılan vaksinlər müəyyən virusların ştamlarına qarşı istifadə edilir və əgər başqa ştam yaranarsa, vaksinlər bu zaman ondan qorumur. Müasir tədqiqatlar və Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatları göstərir ki, gələcək mövsümdə haradasa 3-4 yeni virus ştamının yayılma ehtimalı var. Bu səbəbdən də indi həmin ştamlara qarşı olan dördvalentli peyvəndin aparılması təklif olunur. Amma qeyd edim ki, bunun belə olması həm də şübhə altındadır. Ona görə aparılan peyvəndlərin də qorumasının zəif olduğunu qeyd etməliyəm.
 
- Bu xəstəlikdən qorunmaq üçün nələr etməliyik?
 
- Əslində bu məsələ paralel aparılmalıdır. Yəni, insanlar da sözügedən xəstəliklərin yayılmaması və özlərini qorumaq üçün prosesdə iştirak etməlidir. İnsanlar ilk növbədə qidalanmalarına diqqət etməli, çalışmalıdırlar ki, yüksək keyfiyyətli məhsullardan istifadə etsinlər. Eləcə də mütləq immun sistemində xəstəliklərə qarşı müqavimət artmalı, zərərli vərdişlərdən uzaq qalmaqla sağlam həyat tərzinə keçməli və kifayət qədər açıq havada olmalıyıq. Bundan başqa, ictimai yerlərdə az olmağa çalışmalıyıq.
 
Ailənin istənilən fərdində qrip və kəskin respirator virusuna yoluxma halı baş verərsə, ev şəraitində mütləq müalicə alınmalıdır. Bir sözlə, xəstə vəziyyətdə işə və ya dərsə getmək olmaz. Çünki haqqında söhbət gedən xəstəliklər hava-damcı yolu ilə yayılır. Məsələn, adi danışıq zamanı ağzımızdan qopan damcılar metr yarım məsafəni əhatə edir. Asqırarkən, öskürərkən isə bu məsafə 3 metrə qədər artar və bunun nəticəsində infeksiya daha çox yayıla bilər.
 
Bununla yanaşı, soyuq havalarda gigiyena qaydalarına da əməl etməliyik. Gün ərzində metrodan və ya avtobusdan istifadə edənlərin xəstələnmək ehtimalı daha çoxdur. Buna görə də əllər tez-tez yuyulmalıdır.
 
- Uzun müddətdir insanlar xəstələnəndə, yaxud xəstəlikdən qorunmaq üçün qoruyucu vasitələrdən (maskalardan) istifadə edirlər. Necə düşünürsünüz, maskalar bizi xəstəliklərdən qoruyur?
 
- Əgər virusa yoluxmuş xəstə mütləq işə, dərsə getməli, yaxud ictimaiyyət arasına çıxmalıdırsa, o mütləq qoruyucu maskadan istifadə etməlidir. Bu maskalar müəyyən qədər bizi və ətrafı qorumağı bacarır.
 
- Qrip və ya kəskin respirator xəstəliklərinə yoluxma hansı yaş kataqoriyaları üçün daha təhlükəlidir?
 
- Soyuq havalarda uşaqlar və 65 yaş üstü insanlar daha ehtiyatlı olmalıdırlar. Çünki onların ağırlaşma ehtimalları daha yüksəkdir. Əgər həmin şəxslər xəstələnərsə, onları mütləq həkim müayinə etməlidir. Bundan başqa, xəstəlik zamanı temperatur artma halları qeydə alınarsa, mütləq yataq şəraiti lazımdır. 
 
- Əhali arasında qrip və ya viruslara yoluxma zamanı çox az sayda insan həkimə müraciət edir. Bildiyiniz kimi, onlar öz müalicələrini ev şəraitində, elə özləri də edirlər. Bunun hər hansısa bir təhlükəsi ola bilərmi?
 
- İnsanların öz-özünü müalicə etməsi düzgün deyil. Hazırda xüsusən antibiotiklərlə bağlı hamımıza eyni vərdiş keçib. Lakin antibiotiklərin qəbulu ancaq həkim təyinatı ilə olmalıdır. Eyni zamanda, hazırda qrip virusları əleyhinə televiziyalarda və digər yerlərdə bir çox reklam gedir və bildirilir ki, xəstəlik tam sağalır. Bildirmək istəyirəm ki, insanlar reklama yox, həkimə inanmalıdırlar. Ona görə də yaxşı olar ki, düzgün diaqnoz üçün həkimə müraciət edilsin.
 
Qeyd edək ki, səhiyyə nazirinin imzaladığı əmrdə bildirilib ki, 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə  Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 
 
Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub. 
 
Əmrdə profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.
# 2774
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar