882
16:04
04 Oktyabr 2019

“Bu uşaqların taleyi necə olsun?” – REPORTAJ

“Övladıma görə bu qədər uşaqdan ayrı qala bilmərəm, axı. Onların mənə ehtiyacı var. Övladımı qayınanamın yardımı ilə böyüdürəm, həm də məktəbə gedib dərsimi keçirəm”.

Bu sözləri Qubanın Əspərasti kəndində fizika müəllimi işləyən gənc müəllimə deyir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri və yeni yaradılan Təhsil Şurasının bir neçə üzvü Quba rayonunun kəndlərində müəllimlik peşəsini seçən gənclərlə görüşüb, onların dərslərində iştirak edib. Keçirilən mediaturda Lent.az -ın əməkdaşı da iştirak edib.
Əvvəlcə qeyd edək ki, yeni tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazananlardan 145 nəfəri Qubada pedaqoji fəaliyyətə başlayıb. Onların 85 nəfəri müddətsiz müqavilə, 60 nəfəri isə müddətli müqavilə ilə işə düzəlib.
Yaşıllıqların qoynuna sığınan məktəblər
Əvvəlcə Nurəddin Rzayev adına Əsparasti kənd tam orta məktəbinə yollanırıq.
Yaşıllığın əhatəsində dərs öyrətməyin də, öyrənməyin də öz gözəlliyi var.
Bakını deyil, uzaq kəndləri seçən müəllimlər də belə deyir.
Bu il Əspərasti kənd məktəbinə imtahanlarda yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub.
Onlar ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova, informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovdur.
Məktəblə tanışlıqdan sonra Samirə Məmmədli ilə söhbətləşirik. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən Samirə informatika müəllimidir. Bakıda böyüyən Samirə 2015-ci ildə ucqar bir kənddə informatika müəllimi işləyəcəyinə qərar verir: “Qərarımı tələbə yoldaşlarıma deyəndə təəccüb etdilər. Paytaxtı qoyub kənd yerini niyə seçdiyimi dedilər. Amma qərarımı vermişdim. Tələbə vaxtı əvvəlcə elə tələbə yoldaşlarım var idi ki, kompüteri açıb-bağlamqda belə çətinlik çəkirdilər. Çünki onlara informatika fənni tədris olunmamışdı”.
Samirə deyir ki, kəndin həm təmiz havası var, həm gediş-gəlişi çətin deyil. Bir il şəhər məktəbində işlədiyini deyən müəllimə müqayisə edəndə kənddəki uşaqların oxumağa çox böyük həvəsləri olduğunu görüb: “Burda məqsədsiz uşaq yoxdur. Hərəsi qarşısına bir məqsəd qoyub”.
Məktəbin növbəti gənc müəllimi 23 yaşlı Orxan Cəfərov da Bakıdan gəlib. İmtahanda 53 ballıq nəticə göstərib. Uşaqlara tarix fənnini tədris etməkdən qürur duyduğunu deyir: “12 il idi paytaxtda yaşayırdım. Oradakı səs-küylü həyat mənə darıxdırıcı gəlirdi. Kəndin sakitliyi, insanların bir-birinə istiqanlı münasibəti daha səmimidir. Ona görə də kəndi seçdim”.
Orxan müəllim deyir ki, qubalılarda ən çox bəyəndiyi xüsusiyyəti sözün düzünü üzə demələridir. Burada aldığı əmək haqqının şəhərdəkindən yüksək olduğunu xatırladan gənc müəllimin şagirdlərini də sorğu-sual edirəm.
Onlar müəllimin çox mehriban, səmimi, həm də dost olduğunu deyirlər: “Orxan müəllim bizə həm də dost kimi davranır. Onun dərs öyrətmək tərzi əvvəlkilərdən fərqlənir. Dərsləri elə başa salır ki, daha yaxşı qavramaq olur”.
Kənddən hamı qaçsın, bəs burdakı uşaqların taleyi necə olsun?
Fürsət tapıb artıq 3 ildir məktəbdə çalışan fizika müəllimi işləyən Vüsalə İsgəndərlidən də kənd müəllimi olmaqla bağlı fikirlərini öyrənirik. Özü Qəbələnin Vəndam kəndindən olan müəllimə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib: “Uşaqları çox sevirəm, buradakılar çox mehribandırlar. İki bacıyıq. Bura gəlmək istəyəndə, anam bir az narahat olsa da, atam dedi ki, qoy getsin”.
Bir il kirayədə qalan Vüsalə sonra məktəbin laboratoriyasında çalışan gənclə ailə həyatı qurub. Beləliklə, həyatını bu kəndə bağlayıb: “Uşaqları hər zaman çox istəmişəm. Müəllimlik peşəsini də buna görə seçdim ki, onlarla işləyim. Hər gün sinfə daxil olanda uşaqlar sevgi ilə üstümə qaçırlar. Bu məni çox xoşbəxt edir. Bir övladım var, balacadır. Onu evdə qoyub gəlmək çətin olsa da, ikisini də çatdırıram. Bir uşağa görə bütün uşaqları ata bilmərəm axı. Qayınanamla köməkli baxırıq”.
Vüsalə müəllimə deyir ki, şəhərə köçməyi arzulamır: “Kənddən hamı qaçsın, bəs burdakı uşaqların taleyi necə olsun?”.
Bu məktəbdə kimya müəllimi yoxdur
Direktor Fizuli Məlikovun dediyinə görə, məktəbdə kimya-biologiya müəlliminə ehtiyacı var: “3 ildir kimya müəllimimiz yoxdur. Bu fənni heç bir müəllimə həvalə etməmişik. Keçən il biologiya müəllimi gəlmişdi, kimya fənnini də ona vermişdik. Çox yaxşı tədris edirdi. Amma yerdəyişmə ilə Bakıya qayıtdı”.
Qeyd edim ki, məktəbin yuxarı siniflərində qız uşaqlarının sayı az idi. Hətta 10-cu sinifdə bir nəfər də qız şagird yox idi. Səbəbini direktordan soruşuruq: “Gedib valideynləri başa salıram ki, qış uşaqlarını oxutmaq daha vacibdir. Deyirlər ki, oxutmağa imkanımız yoxdur”.
Qeyd edək ki, Əsparasti kənd orta məktəbi 2016-cı ildə istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
Məktəbin yeni və əvvəlki müəllimlərinə uğurlar arzu edib, bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinə yollanırıq.
960 şagird yerlik məktəb rayon mərkəzindən 2 kilometr məsafədə yerləşir. Hazırda məktəbdə 955 şagird təhsil alır, 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Məktəb görməyə öyrəşdiyimiz məktəblərdən fərqli tikilib. Məktəbin binası uzaqdan rəngarənkliyi ilə seçilir.
2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq bu məktəbdə işə qəbul olunan biologiya müəllimi Günel Cəfərova və fransız dili müəllimi Şövkət Orucova məktəbdə yaradılan şəraitin yüksək səviyyədə olduğunu deyir.
22 yaşlı Şövkət Orucova kənddə uşaqların fransız dilini öyrənməyə çox həvəs göstərdiklərini, dərsə hazırlıqsız gələn şagirdin olmadığını deyir.
Növbəti və son dayanacağımız Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbi oldu.
Kənddəki bu məktəbin dörd tərəfində olan mənzərə möhtəşəmdir.
İngilis dili müəllimi Fərəh Şərifova da deyir ki, Qəçrəşə istirahətə gələrkən buranının gözəlliyini gördüyü üçün işləmək üçün bu məktəbi seçmək qərarına gəlib: “Qubalılar çox səmimi, mehriban insanlardır. Özümü burda çox rahat hiss edirəm”.
Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərova isə 57 bal toplasa da, buranı seçməsini belə izah edir: “Düşündüm ki, kənd uşaqlarının mənə ehtiyacı var”.
Doğrudan da belə müəllimlərə kəndlərimizin çoxunda ehtiyac var...