“Kartof Festivalı”nda zəhərlənənlər xəstəxanadan evə buraxıldı - <span style="color:red;">YENİLƏNİB
19 sentyabr 2019 16:40 (UTC +04:00)

“Kartof Festivalı”nda zəhərlənənlər xəstəxanadan evə buraxıldı - YENİLƏNİB

 
İsmayıllı rayonunda kartof sahəsində halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən şəxslər artıq evə buraxılıb.
 
Bu barədə APA-nın yerli bürosuna İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
 
Xəstəxanadan bildirilib ki, həmin şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından xəstəxanadan buraxılıb.
 
İlkin olaraq hadisənin qida zəhərlənməsi olduğu ehtimal edilir, digər ehtimala görə hadisə günvurma nəticəsində baş verib.  
 
Xəstəxanadan isə dəqiq diaqnozun araşdırma aparılandan sonra açıqlanacağı qeyd olunub.
 
Qeyd edək ki, İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.
 
AQTA-dan APA-ya bildirilib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
 
“Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - məlumatda qeyd olunub.
 
***
 
14.48
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
 
AQTA-dan APA-ya verilən xəbərə görə, İsmayıllıda 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
 
Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
 
***
 
Saat 14:04
 
İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
 
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. 
 
***
 
Saat 13:38
 
İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndi ərazisindəki kartof sahəsində qeydə alınıb. Kartof yığan İsmayıllı rayonunun Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
 
İlkin məlumata görə, adı çəkilən şəxslərin halı dönər yedikdən sonra pisləşib. Onların zəhərləndiyi ehtimal olunur. 
 
Faktla bağlı araşdırma aparılır.  
# 931
avatar

Oxşar yazılar