402
18:28
31 May 2019

Polşa Prezidenti: “Azərbaycanla əməkdaşlığımızın yeni erasına başlayırıq”

“Siz iki il öncə ölkəmizə səfər etdiniz. Həmin vaxtdan etibarən bizim ikitərəfli münasibətlərimiz daha da inkişaf etdi və bu, əslində Sizinlə mənim aramda olan şəxsi münasibətlərin də başlanğıcı oldu”.
ONA -nın məlumatına görə, bunu bu gün Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.
A.Duda Azərbaycan Prezidentinə onu Azərbaycana, Bakıya dəvət etdiyinizə görə çox minnətdar olduğunu söyləyib: “Mən bu dəvəti məmnunluqla qəbul etdim və bu səfər artıq baş tutur. Sizinlə görüşmək mənim üçün şərəf oldu. On il öncə - hətta həmin vaxtdan da uzun müddətdə Polşanın keçmiş Prezidenti Lex Kaçinski Sizinlə görüşdü. O vaxt o, Sizi özünün yaxın dostu adlandırdı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz inanılmaz dərəcədə gücləndi, Polşa ilə Azərbaycan arasındakı münasibətlər daha güclü şəkildə inkişaf etdi. Mən Sizin bu münasibətinizi yüksək dəyərləndirirəm. Bu gün isə mənim səfərim həyata keçirilir. Biz bu gün əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirdik və Prezident Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtı aradan qaldıra bildik. Cənab Prezident, biz daha çox səfərlər, təmaslar mübadilə etdik. Bu gün biz razılaşmalara imza atdıq. Biz artıq əməkdaşlığımızın yeni erasına başlayırıq. Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq”.
Polşa Prezidenti bu səfərinin cavab səfəri olduğunu qeyd edib: “Hesab edirəm, Sizin səfəriniz və mənim səfərim ölkələrimizə iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni üfüqlər açacaq. Biznes forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm. Biz bu gün həmin tədbirdə iştirak edəcəyik. Həmin tədbir çərçivəsində azərbaycanlı sahibkarlar polşalı sahibkarlarla görüşəcəklər. Bu da yeni təmasların qurulmasına imkan yaradacaq və nəticədə daha çox müqavilələr imzalanacaq. Bu isə bizim qarşılıqlı iqtisadi mübadilələrimizi artıracaq. Hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.
A.Duda bu gün keçirilən görüşdə enerji sektoru haqqında danışdıqlarını qeyd edib: “Biz həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu. Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürüb. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək, Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq”.