1030
09:00
30 Aprel 2019

Yalçın Adıgözəlov: “Əllərində silah girdilər içəri ki, o ermənidir...” – MÜSAHİBƏ

Etiraf edim ki, ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasında onun konserti necə idarə etdiyini görənə qədər dirijorluq sənətini düzgün dəyərləndirməmişəm. O gün sehrlənmişdim. O gün anlamışdım ki, Azərbaycan musiqisi və bu sahənin sənətkarları ilə dünyada sözünü hələ qədərincə deməyib. Bir də onu anlamışdım ki, orkestri idarə etmək üçün çox böyük sənətkar olasan gərək...

Lent.az -ın müsahibi Azərbaycan mədəniyyətini dünyada təmsil edən belə sənətkarlardan biri, xalq artisti Yalçın Adıgözəlovdur.

- Əlimdəki kağızda bütün tərcümeyi-halınız, sənət fəaliyyətiniz öz əksini tapıb. Atanız Vasif müəllimlə dəfələrlə müsahib olmuşuq. Son vaxtlar bir neçə konsertinizdə oldum. İstəyirəm vikipediya məlumatlarını kənara qoyub, səmimi söhbət edək. Şuşadan, Zülfi Adıgözəlovdan başlamış, ən balaca Adıgözəlovun musiqi sahəsindəki uğurlarına qədər. Babanız Zülfi Adıgözəlovu necə tanıyırdınız?

- Mən Bakıda babamın evində anadan olmuşam, 1959-cu ildə. Atam Vasif Adıgözəlov da Bakıda anadan olub. Babam Ağcabədinin Qaradolaq kəndində anadan olub, Üzeyir bəyin kəndində. Zülfi Adıgözəlovun Bakıya köçməsinin səbəbkarı da Üzeyir bəy olub. Zülfi Adıgözəlovu Şuşada toylardan birində 1925-ci ildə, babamın onda 27 yaşı varmış, Cabbar Qaryağdıoğlu dinləyib. Həmin toyda Fikrət Əmirovun atası Məşədi Cəmil də olub. İkisi babamı Bakıya dəvət edirlər. Babam gəlir Bakıya, Üzeyir bəy onu dinləyir və filarmoniyaya solist götürür.

Zülfi Adıgözəlov rəhmətə gedəndə mənim üç yaşım vardı. Dəfni yaxşı yadımda qalıb. Filarmoniyadan onu son mənzilə yola salırdılar. Çoxlu qara geyimli insan vardı. Qadınlar ağlayırdı, kişilər məyus görkəmdə. Atam gənc idi, 30 yaşı vardı, siması yadımdadır, necə tutqun idi. Bir nəfər oturub kamançada ifa edirdi, sonralar tanıdım ki, bu Habil Əliyevdir. Şəkillərdə Xan Şuşunski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova fəxri qarovulda dayanıblar. Babam 62 yaşında dünyasını dəyişib. Adlarını sadaladıqlarım mənim mühitimi təşkil edən adamlardı. Mənim başqa seçimim olmamalı idi. Gözümü açıb evimizdə rəssamları, yazıçıları, musiqiçiləri görmüşəm. Bəstəkarlar evində böyümüşəm, qonşumuz Niyazi olub. Yaşadığımız həyətdə Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Quliyev, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Əşrəf Abbasov yaşayırdılar. Üzümü hansı tərəfə tuturdumsa, musiqiçi görürdüm, başqa seçim istəmirdim də. Ən böyük həzz musiqidən gəlir. Atam gecə-gündüz musiqi ilə çalışırdı. Çox məsuliyyətli adam idi. Gündüzlər Bəstəkarlar İttifaqındakı işləri, Asəf Zeynallı adına Musiqi məktəbinin uzun illər direktoru oldu, Radio və Televiziyada məsuliyyətli vəzifələrdə çalışırdı. Yaradıcılığa yalnız gecələr, yuxusunun hesabına vaxt tapırdı. Yaşadığım mühit, gözümün qarşısında atam, təbii ki, yetişməyimdə, şəxsiyyətə çevrilməkdə rol oynadı. Musiqidən qeyri heç nə ilə məşğul ola bilməzdim. Həyatda məni ən çox həyəcanlandıran, yaşadan musiqidir. Hüsü Hacıyevdə yaşayan o böyük insanlar həm də bizim müəllimlərimiz idi.

- Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxuyurdunuz və həyətdəki müəllimlər həm də orda sizə dərs deyirdilər.

- Eynilə. Bülbül adına musiqi məktəbini bitirəndə müəllimim Boris Qusertsev dedi ki, sən bir Moskva Konservatoriyasının fortepiano sinfinə qəbul üçün cəhd elə. Məktəbi pianoçu kimi çox yaxşı başa vurmuşdum. Dedi ki, Bakı Musiqi Akademiyasına da getsən, ancaq Rauf Atakişiyevin sinfinə düşməyə çalış. Müəllimim özü onun tələbəsi idi. Rauf Atakişiyev böyük musiqiçi idi, həm vokal kafedrasına rəhbərlik edirdi, həm də fortepiano kafedrasına. Moskva Konservatoriyasının iki fakültəsini bitirmişdi. Müəllimləri görün kim olub – Nijdanova, Firer… çox böyük isimlərdi bunlar. Gəldim Rauf Atakişiyevin yanına, ifamı dinlədi. Soruşdu ki, fikrin nədir? Dedim, dirijor olmaq istəyirəm. Dedi, sənin fortepianoda ifa etməyindən hiss elədim ki, sən artıq dirijor kimi idarə edirsən. Əlbəttə, Niyazi ilə qonşu olmaq, onun mühitində yetişmək bu deməkdir. Onun xarizmasının təsiri altında idim. Onun əllərinin vurğunu idik. Niyazi olmasa bizim heç birimiz olmazdıq. Azərbaycan dirijorluq məktəbi olmazdı. Kim deyirsə Niyazinin bu sahədə təsiri yoxdur, çox haqsız və insafsız danışır. Niyazi ilk idi. Üzeyir bəyin nəslinin nümayəndəsi olmaqla bərabər, yəni o genin daşıyıcısı olduğu kimi, həm də musiqimizin şahı idi. Üzeyir bəyin ardınca maestro Niyazi, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini dünyaya tanıtdıran isimlərdir. O gün Moskva Konservatoriyasının böyük zalında Azərbaycan və İtalyan musiqilərini ifa edirdik. İlk növbədə Üzeyir bəyin, Fikrət Əmirovun, Qarayevin musiqiləri çalınırdı. Üzeyir bəy Azərbaycana Allahın lütfüdür. Təkbaşına Azərbaycan musiqisinin səviyyəsini qısa müddətdə göylərə qaldırdı. Biz hamımız onun məzarı qarşısında baş əyməyə borcluyuq.

Mənim nəslimin qoyduğu bir səviyyə var ki, onu qorumaq borcumdu. Zülfi Adıgözəlov muğam sənətinin ən sevimli isimlərindən biridir. Ona müğənni yox, rəssam deyirdilər. “Segah”da, “Rast”da onun dərinliklərinə çatan olmayıb. Atamın həyatına baxıram, ən ali mükafatları alıb.

- Zülfi müəllim əməkdar artist kimi köçdü dünyadan.

- Əcəl imkan vermədi, cavan köçdü dünyadan, 62 yaşında. Əmim Rauf da 62 yaşında vəfat etdi. Atam xalq artisti oldu, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Dövlət Mükafatı Laureatı oldu. Yaşayan əsərləri var. Atam xoşbəxt bəstəkardır, heç bir əsəri masanın üzərində qalmadı. Bəstələnən kimi ifa edildi, səhnəyə qoyuldu. O yüksəkliyi saxlamaq mənim müqəddəs borcumdu.

- Vasif müəllimin sağlığında onun bəstələrini ifa edə bildinizmi?

- 1989-cu ildə mən Sank-Peterburq (Leninqrad) konservatoriyasını bitirib Azərbaycan Dövlət Simfonik orkestrində çalışmağa başladım. Bir-neçə ay sonra 1990-cı ilin 20 yanvar faciəsi baş verdi. Həyatımız tamam dəyişdi. O da mənim gənclik illərimə təsadüf etdi. Tarixin gedişi dəyişdi. Elə çətin bir dövrdə Avstriya dövlətinin Rusiyadakı böyük səfiri ilə birlikdə Motsart festivalı təşkil etdim. 3 il o festivalı keçirdik. Sonra o mənə dedi ki, sən Musinin tələbəsi olmusan Moskva konservatoriyasında. Musin dirijorluq məktəbinin patriarxıdır. Sən Avropada təcrübə keçməlisən və məni göndərdi Vyanaya. İl yarım Vyana Musiqi Akademiyasında təcrübə keçdim. Orda təcrübədə olan ilk azərbaycanlı oldum. Filarmoniyada baş dirijor işləyən Rauf Abdullayev də gedəndən sonra o vaxtkı nazir Polad Bülbüloğlu mənə zəng elədi ki, tez gəl, səni Filarmoniyaya baş dirijor təyin edirəm. Keçmiş Sovetlər birliyində Simfonik orkestrin ən gənc baş dirijoru mən idim. 1991-ci ildən orkestrə rəhbərlik etdim. Filarmoniya da Aparatla qonşu, nə baş verdisə tarixdə hamısını ordan gördük, yaşadıq. Fikrimiz yalnız orkestri qoruyub saxlamaq idi. Filarmoniya bumbuz, maaş yox, proqram yox. Əllərində silah daxil olurdular Filarmoniyanın binasına ki, Çaykovskini ifa etməyin, Bethoveni olmaz, ermənidir. Musiqidən, sənətdən anlayışı olmayanlar bizə meydan oxuyurdular. Belə vəziyyətdə orkestri ölkə xaricinə çıxartmağa başladıq.

- Vyanada başa vurdunuzmu təcrübəni?

- Bitirdim, arada az vaxt qalmışdı, gedib-gəlməklə başa vurdum, diplomumu aldım. 1998-ci ilə qədər orkestrə rəhbərlik etdim və ilk kompakt disklər yazdıq. Betti Bleyerin köməkliyi ilə Amerikada “Azərbaycan musiqisi antologiyası” çap etdirdik. Simfonik orkestrin tarixində ilk dəfə xarici qastrola çıxdıq. İstanbulda mövsümü açırdıq. Yüzdən çox dövlət konserti, premyeralar etdik. Ayda 2-3 dəfə Respublika sarayında konsertlər verirdik.

- O vaxt mədəniyyət sahələrinin hamısının darmadağın olduğu vaxtda klassik musiqi orkestr ifası xarici qastrolla gedirmiş.

- Verdinin “Rekviyem” əsərini Heydər Əliyev Mərkəzində üç – bizim Azərbaycan kapellası, Tiflis və Batum kapellalarının, 140 nəfərlik xorun ifasında idarə edəcəyik. Solistlər də hamısı xarici ifaçılardır. Mən bu əsəri 1990-cı ilin payızında Bakıda Filarmoniyada ifa etmişəm. Bayırda rusların tankları dayanmışdı. Bu ifa ilə bütün aqressiyamızı, işğalçıya qarşı nifrətimizi, etirazı bəyan edirdik. “Rekviem” müqəddəs ruhlar üçün duadır. Filarmoniyada tamaşaçılar az qala çilçıraqdan asılmışdılar. Polad Bülbüloğlu ayaq üstündə qalmışdı. Sənət silahdır. Mənim silahım o nazik dirijor çubuğudur. Azərbaycanı dünyaya mən belə tanıtdıra bilirəm. Azərbaycanı dünyaya yalnız mədəniyyətlə tanıtdıra bilərik. Bir xalqın mədəniyyəti varsa, onunla dünyaya çıxa bilər.

- Vasif müəllimin ailəsində neçə uşaq böyüyüb?

- Mən və qardaşım Toğrul. Toğrul həkimdi.

- Mühit onu cəlb edə bilməyib?

- Ana tərəfimizin yarısı dilçidir, anam, xalam, anamın dayısı akademik Orucov. Nəzakət xanım - Həsən bəy Ağayevin qızı, Sevda xanım Pepinova. Hamısı dilçilərdi. Anamın ata qohumları hamısı həkimdir. Anam 50 il Tibb Universitetində fransız dilindən dərs deyib. Toğrul indi Azərbaycanda tanınmış həkimdir. Bacardığı qədər atamın ömrünü uzatdı. Mən ona mənəvi qida verirdim. Bütün əsərlərini mənə həvalə edirdi. Deyirdi, mənim əsərlərimi Yalçın qədər heç kim hiss edə bilməz. Bu, qan məsələsidir. “Natəvan”ı yazanda hətta mənimlə məsləhətləşirdi və hesablaşırdı fikrimlə.

- Hə, yəqin artıq Vasif müəllim o dövrə gəlib çıxıbmış ki, Yalçın Adıgözəlovun atası Vasif olmaqla fəxr edirmiş.

- Ola bilər. Mən də istərdim ki, məni oğluma görə tanısınlar.

- Sizin iki oğlunuz var?

- Üç övladımız var - Zülfüqar ulu babasının adını daşıyır, atamın arzusu idi. Atamın adını Toğrulun oğlu daşıyır.

- Adıgözəlovların hansı indi sizlərin yolunu davam etdirir?

- Son ümidimiz kiçik oğlum Tamerlandır. 13 yaşı var. İki həftə əvvəl ilk dəfə Filarmoniyanın səhnəsində mənimlə birlikdə çıxış etdi. Şopenin və babasının əsərini çaldı. Çox həyəcanlandı, amma xoşuna gəldi. Moskvada da iki gün əvvəl konsert verdik. Ordakı uğur, güllər yaman cəlb edib. Filarmoniyadakı çıxışını vəkil dostum var, o çəkib sosial şəbəkədə paylaşmışdı. Tamerlan səhər gözünü açıb görüb ki, bir gecədə altı min “like” edən var onun çıxışını. Deyir, ata, bir gecədə məşhur oldum, dedim, bu başlanğıcdı, oğlum, məşhur olmaq olar, onu uğurla davam etdirmək kimi məsuliyyət düşdü boynuna. Sən ikinci olmamalısan, həmişə birinci olasan gərək

- Sizə bunu belə demişdilər?

- Bunu həmişə belə bilmişəm. Atam açıq deməmişdi, amma anlamışdım. 15-16 yaşımda yeniyetməliyə qədəm qoyanda saatlarla fortepiano arxasında ifa edirdim. Heç kimin məni ötməsinə razı ola bilmirdim. Atam deyirdi, Yalçın, yat artıq, deyirdim yox, məşq etməliyəm. Gecə qonşulara maneə olmayım deyə Bülbül adına musiqi məktəbində qalıb səhərə qədər çalırdım. Zatən, bizim məhəllədən hamının evindən musiqi səsi gəlirdi səhərə qədər.

- Xanımınız hansı sənətin sahibidir?

- BDU-nun tarixini bitirib. Moskvada psixologiya üzrə təhsil alıb, iki universitetdə dərs deyir. Şükürlər olsun ki, bizim sənətdən uzaqdır.

- Niyə şükürlər olsun?

- Anam dilçidir, amma musiqidən bəzi şeyləri o qədər dərindən bilir ki, konservatoriyanın müəllimləri ondan zəng edib məlumat alırlar. Hamısı atamın sənətinə, atama sayğıdan gəlir ondakı bu qabiliyyət.

- Siz dünyanı gəzirsiniz musiqimizlə, sənətinizlə. Dünyada Azərbaycanı, onun musiqisini nə dərəcədə tanıyırlar? Sovet musiqisi, sənətkarı kimi yox, Qarayevi, Üzeyir bəyi, F. Əmirovu məhz Azərbaycanı musiqisini?

- Açıq deyəcəm, Azərbaycan musiqisini, ölkəmizi tanıyırlar artıq. 25 il əvvəl sərhədi keçəndə pasportuma baxıb “Afrika?” - deyə soruşurdular. Artıq elə hallarla rastlaşmırıq, əksi ilə rastlaşıram. Dünyanın hər yerində, Afrikada belə Azərbaycan musiqisini təmsil etmişəm. Bizim musiqimizin səviyyəsi çox yüksəkdir. Azərbaycanın ədəbiyyatda, poeziyada, rəssamlıqda çox böyük isimləri var. Klassiklərimizlə çox irəlidəyik. Mənə elə gəlir ki, musiqimizlə daha irəlidəyik. Keçmiş Sovet ölkələrində bir baxın, kim var musiqi sahəsində? Heç bir respublikada musiqidə imza yoxdur. Bir bədxah qonşularımızda Xaçaturyan imzası var bəstəkar kimi, o da Üzeyir bəyin musiqisi ilə böyüyüb. Biz bu sahədə lider olmuşuq. Sovet vaxtı Bəstəkarların qurultayları olurdu. Tribunaya Qarayev, Niyazi, Fikrət Əmirov çıxanda bütün zal susurdu, çünki dahi idi onlar. Qara Qarayev danışanda bütün Sovet bəstəkarları susub dinləyirdi, çox ağır nüfuz sahibi idi. Bir ara Moskvada Şostakoviçə təzyiq göstərirdilər, Qarayevin müəllimi olmuşdu. Qara Qarayev çıxıb müəllimini müdafiə etmişdi. Mərkəzi Komitənin nümayəndəsi Qara Qarayevdən soruşmuşdu ki, sizin indi etdiyiniz çıxışın mətnini kim yazıb? Qarayev ona cavab vermişdi ki, bəs, sizin nitqinizin müəllifi kimdir? Çünki Şostakoviçi tənqidə məhz həmin adam başlamışdı. Hamı heyrətə gəlmişdi, o vaxt Mərkəzi Komitənin nümayəndəsinin sözünün qabağında ancaq susardılar, özü də Moskvada.

Moskva imkan vermirdi Azərbaycan musiqisi dünyaya yayılsın. Niyazi indi yaşasaydı, haraları fəth etməzdi?! 40-dan çox ölkədə olmuşam. Niyazi İstanbula getmək üçün burdan Moskvaya gedirdi. Ordan yanına bir DTK nümayəndəsi qoşulurdu. 1984-cü ildə İstanbul operasında çıxış etmişdi, Moskvanın müşayiəti ilə. İndi mən burdan birbaşa gedib o operada çıxış edib, qayıdıram. Londonda Niyazi dirijorluq etmişdi, tarix yazmışdı, amma Sovet musiqisinin adına. Bu gün hamı gedə bilir, amma Niyazi səviyyəsində kim var? Rusların Dövlət Simfonik orkestrini idarə etmişəm, solist də Azərbaycanlı idi. İkimiz orda Azərbaycanı təmsil edirdik. Zal anşlaq idi. Axırda o qədər gül verdilər ki, orkestrin bütün üzvlərinə payladıq. Hamı güllə getdi. Heydər Əliyev Fondu dəstəkləyir çıxışlarımızı. Moskva operasının solisti Dinara Əliyeva çox böyük işlər görür. Elçin Əzizov Moskva Böyük teatrın solistidir. Əvəz Abdulla Almaniyada operanın solistidir. Bunlar o vaxt mümkün deyildi. Yatsam yuxuma da girməzdi ki, mən Arena De Veronada çıxış edəcəm. İki saat yalnız Azərbaycan musiqisini ifa etmişik. 10 min italyan və turist o konserti seyr edib. Bunun hamısını Heydər Əliyev Fondu təşkil edir. Bundan da çox tanınmalıdır Azərbaycan. Fəxr edilməli çox şeylər var.

- Sizinlə söhbətdən zövq aldığım kimi, seyr etdiyim konsertlərdə də sizinlə fəxr etmişəm. Təşəkkür edirəm, müsahibə üçün.

- Mən təşəkkür edirəm.