1480
writer1

Ramilə Qurbanlı

Məqalə sayı

99
10:04 11 Aprel 2019

Gələcəyin intiharı

Bu aprel havası lap xaraktersiz və prinsipsiz adamlara oxşayır. Boz-bulanıq, məzhəbi anlaşılmaz, düşüncəsi (varsa) dəyişkən. Nə ətdir, nə balıq misalı kimi. Çox maraqlı sözdür ha - nə ətdir, nə balıq... Bəs, nədir? Bəlli deyil, heç özü də bilmir. 
 
Bizim cəmiyyətin vəziyyəti kimi. Heç kəs öz işinin öhdəsindən qədərincə gəlmir, amma hamı deməyin, yazmağın, ictimai qınağın əhəmiyyətsiz olduğunu anlayıb, susur. 
 
Damla-damla yarıtmazlığımızın fəsadları çıxır qarşımıza. Qonşuya, qohuma, özümüzə yaşadır yaşatdığını, çəkirik altını, amma yenə susuruq. Nə ətik, nə balıq - heç bilmirik nə karəyik. 
 
Xaraktersiz və prinsipsiz yaşayırıq, hərdən başımızı qaldırıb kimisə nədəsə ittiham edə bilirik, ancaq dönüb güzgüdə özümüzə baxmırıq. Baxsaydıq, görərdik ki, o ittiham etdiyimiz adamın batdığı nəsnənin içində özümüz də batırıq. 
 
“Müqəvva” adlı bir Rusiya filmi vardı, yeniyetmələrin həyatından bəhs edir. Bir məktəbli qızın sinifdə necə təklənməsi, onun psixoloji durumu, sonda baş verənlər. Düzdü, onun sonu intiharla bitmirdi, çünki sovet vaxtı filmlər onu təbliğ etmirdi. Əksinə, yeniyetmənin o çətin durumdan necə çıxmalı olduğunun yollarını göstərirdi. Yeniyetmələr o filmə baxıb, özlərində mübarizə ruhu tapırdılar.
 
Biz nəyi təbliğ edirik? Zorakılığı, qətli, pis vərdişləri. Humanist, insani hisslər basqı altındadır, kriminalın, şounun basqısı altında. Elə bil, zorla özümüzü mənfiyə kökləyirik.  
 
Bir-birimizə - övladın valideynə, valideynin övlada, müəllimin şagirdə, böyüyün kiçiyə münasibətləri yanlışlarla doludur. Ümumilikdə, bizim həyata münasibətimizin özündə qüsurlar var. Tərbiyəmizin özülü qüsurludu çünki. Biz hörmətə, sevgiyə köklənməmişik, biz kiminsə başqası üzərində maddi və fiziki  üstünlüyünə, kim hardan zəifdirsə, onu ordan vurmağa köklənmişik. 
 
Münasibətlərimizin özülündə sevgi yox, zorakılıq durur. 
 
Böyüklər dözməkdə, yeniyetmələr məhv olmaqda. Hara gedirik? Görün, başımız nəyə qarışıb. Nə bilim, bəlkə biz kiçik adamlarıq, böyük mətləbləri anlamırıq? Təki elə olsun. Bu, sonrakı məyusluqdan daha yaxşıdır. Deyək ki, mən böyük mətləbləri anlayacaq qədər böyüməmişəm, böyüyərəm mən də anlayaram. Təki bu yolun axırı Qarabağın fəthinə qədər gedib çıxsın. Qorxuram o vaxta qədər qalmayaq. Gələcəyimizi intihara sürükləmişik axı. Gələcəyimiz intihar edib. 
Sayımız artsa da genefondumuz zədələnib. Onu zədədən müalicə etmək lazımdır. Bax, bunu hardan başlayaq? Çətin sualdır. Cavabı da özü kimi mürəkkəb.
 
Klaviaturada bir yaxşı düymə var - “Delete” - basırsan, ağ vərəq qalır qarşında və hər şeyi yenidən başlayırsan. Nə yazıq, ki, həyatımızda o düymə bircə dəfə istifadə olunur, basılır... və yoxsan. Heç vaxt yenidən başlaya bilmirsən...