1177
writer1

Ramilə Qurbanlı

Məqalə sayı

99
14:02 30 Mart 2019

Yoxluğu varlığından bəlli olanlar

Görəsən, Azərbaycanda Sənan Axundovlar çoxdur, yoxsa İsfəndiyarlar? Hansının çoxluq təşkil etməsinin çox böyük əhəmiyyəti var. Ölkənin gələcəyini həll edən önəmli detallardan biridir – sənanlar, yoxsa isfəndiyarlar?

Sənan Vətən yolunda şəhid olandan sonra İsfəndiyar onun ailəsinin əlindən evi aldı, utanmadan məhkəmədə işi uddu. Bir iş adamı qalib gəldi şəhidin ailəsinə. Araşdırsan bəlkə də hüquq onun tərəfindədir, bəlkə, ona söz deməyə bizim hüququmuz çatmaz bu baxımdan, bəs vicdan, bəs o şəhidin ruhu qarşısındakı borc (onu borc hesab edə bilirsənsə)?

Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sənanın ailəsini evlə təmin etdi, çox sağ olsun, alqışlansın. Bəs, İsfəndiyar bundan dərs ala bildimi?  Sabah başqa bir İsfəndiyar eyni yanlışı etməyəcəkmi?

Sovet vaxtı hamımız qəhrəman olmaq istəyirdik – Mehdi Hüseynzadələr, İsrafil Məmmədovlar, Hüseynbala Əliyevlər, hətta hansısa Volodyalar, Matveylər, Zoyalar  idealımız idi. Görürsünüz, necə adları beynimə həkk olunub qalıb, onlar haqqında o qədər inşalar yazıb, şeirlər əzbərləmişdik ki, məktəbdə oxuyanda. Onların kiçik hərəkətləri elə böyüdülüb bizə qəhrəmanlıq dastanı kimi nəql edilmişdi ki... Çünki belə lazım idi, vətənin gələcəyi üçün lazım idi.

Bütün sovet uşaqları müharibə arzulayırdılar, çünki qəhrəman olmaq istəyirdik. Hazır idik hamımız “böyük vətən” deyilən imperiyanın yolunda ölməyə. Müharibəni belə aşılamışdı bizə. Ölkənin üstünü qara buludlar alsaydı, pəpə yeyəndən məmə deyənə, hamı bir nəfər kimi bizi istismar edən o “böyük vətən”in müdafiəsinə getməyə, bu yolda ölməyə köklənmişdik. 

Hərçənd, Azərbaycan üçün canından, varından, nəslindən, Azərbaycanın var olması, gələcəyi  üçün şəxsi gələcəyindən keçən Cümhuriyyət fədailəri, Qırmızı (həm də çox qırmızı e) ordunun qarşısına əliyalın keçən 350 Cümhuriyyət əsgərindən bixəbər olmuşuq, öz tariximizi bizə məharətlə ört-basdır etdirib, unutdurublar. İmperiya siyasəti böyük ölkənin maraqları üçün millətlərin maraqlarını-varlığını tapdayıb keçib. Dövlət marağı, vətən marağı budur.

Sözümün canı var, bu gün müstəqil Azərbaycanın öz qəhrəmanlarını tanımağa həm haqqı var, həm də ehtiyacı. Onları millətə ayrı-ayrı qurumlar, mətbuat, dərsliklər, valideynlər, müəllimlər - küll halında hamımız hamımıza tanıtdırmalıyıq.

Başımız yaman qarışıb hər kəs öz cibi, mənafeyi üçün çalışmağa, ümumi mənafe, ümumi “cib” unudulub, bunun çox ağır fəsadları olur.

İsfəndiyarlar düşünmür ki, sabah Azərbaycanın müstəqilliyi əldən getsə, onun da müstəqilliyinə son qoyulacaq. Bir dəryada bir gəminin altı deşilərsə içindəkilər hamısı batmağa məhkumdur. Zatən, canım Azərbaycan adlı gəminin altını deşmək, onu batırmaq üçün çalışan qüvvələr güclü və çoxdur-bunu anlamaq üçün sadəcə bir az o “gəmini” sevmək və oxuyub tarixini, keçmişini bilmək lazımdır, yaxud əksinə, oxu-öyrən hökmən sevəcəksən. Sevdinsə öz cibini, gövdəni yox, onu düşünəcəksən.

Görəsən, biz nə vaxt sözün həqiqi mənasında  “hər şey Vətən üçün” kəlməsinə qaynayacağıq, içimizdən gələcək o fikir? Nə vaxt? Olmasın mənim bir-neçə kilo ətdən, sümükdən və dəridən ibarət canım, təki Azərbaycan yaşasın, bayrağımız bayraqlar içində qürurla dalğalansın, sabah övladımın səsi dünyadan qüdrətli, qalib Azərbaycanın övladı kimi gəlsin – düşünə biləcəyik? Mən kiməm ki, olmayım bir mən, yüz, min mənim kimisi olmasın, qurban gedək, təki Azərbaycan var olsun. Bu düşüncəyə gəlmək üçün insanlarımıza nə yedirtmək lazımdır?

İsfəndiyarlar niyə düşünə bilmirlər ki, torpaq yolunda canını fəda edən Sənanların ailəsi bizə əmanətdir, ona canımız, vətənimiz üçün borcluyuq. Niyə düşünmür ki, olmasın mənim bir neçə min manatım, amma Sənanın atasız qalan övladlarının evi olsun...O, yoxdur, mən varam, mənim cibim şiş olsun, nəyimə lazım sənanların ailəsi nə yaşadı, necə yaşadı?

Nə zaman İsfəndiyarlar anlayacaq ki, Sənanların yoxluğu onların varlığından ucadır, çox da cibim dolu olsun...Bu, ədəbiyyat deyil, həyatdır, həqiqətdir. Bu həqiqəti anlamayınca işğaldan azad ola bilməyəcəyik...