466
16:08
17 Mart 2019

9-cu sinif şagirdləri imtahan verib - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 33054 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
DİM-dən ONA -ya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 18-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.
10:57
Bu gün 29 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən ONA -ya verilən məlumata görə, imtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.
Dövlət İmtahan Mərkəzi Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
Bu gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlayacaq.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.
9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 33054 (Şəmkirdə 2644, Gədəbəydə 832, Ağstafada 928, Qazaxda 967, Tovuzda 2076, Mingəçevirdə 1367, Balakəndə 964, Zaqatalada 1162, Qaxda 598, Yardımlıda 623, Cəlilabadda 2197, Masallıda 2197, Lerikdə 574, Göyçayda 1308, Ağdaşda 1169, Ucarda 913, İsmayıllıda 945, Qobustanda 379, Ağcabədidə 1720, Füzulidə 808, Beyləqanda 1164, Salyanda 1398, Neftçalada 807, Hacıqabulda 816, Qusarda 1113, Qubada 1938, Siyəzəndə 527, Xızıda 182, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 738) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi‑müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.