
Prezident İlham Əliyev Azərbaycan polisini TƏBRİK ETDİ
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası polis orqanlarının şəxsi heyətinə müraciət edib.
Lent.az Azərtac-a istinadən həmin müraciətin mətnini təqdim edir:
"Hörmətli polis əməkdaşları və veteranları!
Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bu tarix yalnız ölkəmizin daxili işlər orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir.
1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur.
Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.
Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirilir və bu sahədə dövlət qayğısı gələcəkdə də davam etdiriləcək. Öz növbəsində, Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır.
Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək.
Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07